Məhkəmə qərarları › İş №2(030)-476/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-476/2024

29.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-476/2024 29.08.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 Məmməd oğlunun, Cavabdeh Daşkəsən şəhəri 2 saylı tam orta məktəbin direktoru Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Daşkəsən şəhər 2 saylı tam orta məktəbinə qarşı əmək haqqına əlavənin ödənilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşkəsən şəhəri Anar Mürsəlov adına 2 saylı tam orta məktəbin direktoru Nümayəndə2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 sentyabr 2023-cü il tarixdən ona ödənilməli olan əmək haqqına 15 faiz əlavənin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra Daşkəsən şəhəri Anar Mürsəlov adına 2 saylı tam orta məktəbin direktoru Nümayəndə2 nümayəndəsi Nümayəndə1 Məmməd oğlu ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Daşkəsən şəhəri Anar Mürsəlov adına 2 saylı tam orta məktəbin tanınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2010-cu ildən hal-hazıradək Daşkəsən şəhəri 2 saylı tam orta məktəbdə hərbi müəllim vəzifəsində işləyir. 15 sentyabr 2023-cü ildə məktəbdə hərbi kabinetə aid bütün avadanlıqlar iddiaçıya təhvil verilmişdir. “Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqqların ödənilməsinə dair” 1 yanvar 1997ci il tarixldən tətbiq edilən Təlimata əsasən pedaqoji məktəblərdə tədris kabineti və ya laboratoriya müdirliyinə görə əmək haqqının 15 faizi miqdarında əlavə haqq ödənilməlidir. Buna baxmayaraq, 15 sentyabr 2023-cü ildən hal-hazıradək iddiaçıya çatası 15 faiz əlavə haqq ödənilməmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 Məmməd oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, qızı İddiaçı 2010-cu ildən hal-hazıradək Daşkəsən şəhəri 2 saylı tam orta məktəbdə hərbi müəllim vəzifəsində işləyir. 15 sentyabr 2023-cü ildə məktəbdə hərbi kabinetə aid bütün avadanlıqlar iddiaçıya təhvil verilmiş və bu barədə akt tərtib edilmişdir.”Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqqların ödənilməsinə dair” 1 yanvar 1997-ci il tarixli Təlimata əsasən pedaqoji məktəblərdə tədris kabineti və ya laboratoriya müdirliyinə görə bir stavka 15 faizi miqdarında əlavə haqq ödənilməlidir. Buna baxmayaraq, 15 sentyabr 2023-cü ildən halhazıradək iddiaçıya çatası 15 faiz əlavə haqq ödənilməmişdir. Bu əlavənin ödənilməsi barədə məktəb direktorundan tələb edilsə də, heç bir müsbət nəticəsi olmamışdır. Belə vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Daşkəsən şəhəri Anar Mürsəlov adına 2 saylı tam orta məktəbin direktoru Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Daşkəsən şəhəri Anar Mürsəlov adına 2 saylı tam orta məktəb mərkəzləşdirilmiş sistemlə işləyir. Məktəb som dövrlərdə çox bahalı yeni avadanlıqlarla təhciz olunmuş və bütün avadanlıqlar onun tərəfindən qəbul edilmişdir. Hazırda məktəbdə fizika, biologiya, kimya, hərbi və digər kabinetlər fəaliyyət göstərir. Lakin, verilmiş avadanlıqlara görə əlavə pul hesablanmalı deyildir. Bu məsələ hər hansı bir qanunda nəzərdə tutulmamışdır. İddiaçı tələbinin əsassız olduğunu bilə-bilə iddia qaldırmışdır. İşə əlavə edilmiş təhvil-təslim aktının surətindən görünür ki, Azərbaycan Respublikasının Müdafiə Sənaye Nazirliyinin Kosmik X2 təqdim etdiyi “X1” fənni üzrə avadanlıqlar iddiaçıya təhvil verilmişdir. Aktın doğruluğu imza və möhürlə təsdiq edilmişdir. İşə əlavə edilmiş Gəncə 2 saylı Mediasiya təşkilatının 29 may 2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı əmək mübahisəsi tələbinə dair üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Daşkəsən şəhəri Anar Mürsəlov adına 2 saylı tam orta məktəbin direktoru Nümayəndə2 29 may 2024-cü il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosessi davam etdirmək barədə qərar qəbul etməmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia əsassızdır. Belə ki, iddia tələbinin qanuni əsasları mövcud deyildir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, bu müddəa bir tərəfə qarşı tərəfdən nəyi isə tələb etmək üçün hüquqi imkan yaratmış olur. Bu elə bir norma olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddiaçının cavabdehdən tələb etdiyi üst-üstə düşmüş olsun. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 156.1-ci maddəsinə görə, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Həmin Məcəllənin 157.3-cü maddəsinə görə, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Həmin Məcəllənin 157.5-ci maddəsinə görə, əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixli Qanununun 14.15-ci maddəsinə əsasən, təhsil müəssisəsi hüquqi şəxsdir və müstəqil balansa malikdir. Təhsil müəssisəsinin müvafiq qanunvericiliyə uyğun olaraq banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Təhsil müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir. Həmin Qanunun 36.1-ci maddəsinə görə, dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil müəssisələrində təhsilverənlərin sosial müdafiəsi bu Qanunla, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər qanunları ilə, həmçinin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir. Həmin Qanunun 36.4-cü maddəsinə əsasən, sağlamlıq imkanları məhdud, inklüziv təhsili həyata keçirən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin, istedadlı uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin əmək haqlarına və vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada əlavələr olunur. Həmin Qanunun 47.2-ci maddəsinə əsaəsn, bu Qanunun qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının 1992-ci il 7 oktyabr tarixli 324 nömrəli Təhsil Qanunu qüvvədən düşmüş hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 29 may 1998-ci il tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnaməsinin Vİİİ fəsilində göstərilir ki, təhsil müəssisələrində İHH rəhbərlərinin vəzifə maaşları Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin ödənilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulçuş qaydada ödənilir. Hərbi rəhbərlərə proqramın xüsusi təchizatlı hərbi kabinetə verilən tələbləri ödəyən tədris silahlarının saxlanması otağına və atıcılıq tirinə görə qüvvədə olan qanunvericiliyə əsasən başqa fənn kabinetləri kimi məvacib verilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi orta məktəblərdə hərbi kabinetə görə əmək haqqının 15 faizi miqdarında əlavənin ödənilməsi qaydası nəzərdə tutulmamışdır. Bununla belə, iddiaçı tələbində “Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqqların ödənilməsinə dair” 1 yanvar 1997-ci il tarixdən tətbiq olunmuş Təlimata əsaslanır. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin Təlimat “Təhsil haqqında” Azərbaycan Respublikasının 07 oktyabr 1992-ci il tarixli Qanununun icrası ilə bağlı qaydaları müəyyən etmişdir. Hazırda qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu qüvvəyə mindiyi tarixdən əvvəlki Təhsil Qanunu qüvvədən düşmüşdür. Qüvvədən düşmüş qanunun icrası ilə bağlı olmuş Təlimatın qaydaları aid olduğu qanun qüvvədən düşdükdən sonra tətbiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinin tıləbinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim edilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar