Məhkəmə qərarları › İş №2(030)-526/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-526/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-526/2023 13.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərəzliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 29 mart 2022-ci il tarixli 10-Z1-1-0- 890-22 nömrəli “Kredit müqaviləsi” üzrə 8915,29 manat əsas, 438,60 manat faiz və 141,97 manat cərimə borcu olmaqla, cəmi 9495,86 manat məbləğində kredit borcunun və ödənilmiş 114,96 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 mart 2022-ci il tarixli “ Kredit müqaviləsi”nə əsasən sonuncuya illik 16 faizlə 36 ay müddətinə 12000 manat kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə digər borclu (zamin) Cavabdeh2 qızı ilə 29 mart 2022-ci il tarixli 10-Z1-1-0- 890-22 nömrəli “Zaminlik müqavilə”si bağlanmışdır. Lakin cavabdehlər kredit müqaviləsinin şərtlərinə görə müəyyən olunmuş müddətdə krediti və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcu tam qaytarmamışlar. Cavabdeh1 07 iyul 2023-cü il tarixə 29 mart 2022-ci il tarixli 10-Z1-1-0-890-22 nömrəli “Kredit müqaviləsi” üzrə 8915,29 manat əsas, 438,60 manat faiz və 141,97 manat cərimə borcu olmaqla, cəmi 9495,86 manat kredit borcu yaranmışdır. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdarlıq olunsa da, banka heç bir ödəniş etməmişdir. Yaranmış vəziyyətdə borcun məhkəmə qaydasında tələb edilməsinə zəruriət yaranmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci madddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 29 mart 2022-ci il tarixli razılaşmanın surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 mart 2022-ci il tarixli razılaşmasına əsasən Cavabdeh1 illik 16 faiz olmaqla 26 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Alınmış kreditin faizlə birlikdə qaytarılması müddəti və məbləği müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş 29 mart 2022-ci il tarixli 10-Z1-1-0-890-22 nömrəli “Zaminlik müqaviləsi”nin surətindən görünür ki, bu müqaviləyə əsasən zamin (digər cavabdeh) Cavabdeh2 kredit alan Cavabdeh1 tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi halında Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşə əlavə edilmiş 19 iyun 2023-cü il tarixli KBD 5255 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlər Cavabdeh2 kredit alan Cavabdeh1 5 iş bank iş günü müddətində Banka olan borclarının ödənilməsini tam təmin edilməsi xahiş edilmiş, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsinin də tələb olunacağı, daşınar və daşınmaz əmlaklara yönəldilərək həmin əmlakların satılacağı və aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş İddiaçı ASC-nin 07 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı ASC-yə 29 mart 2022-ci il tarixli 10-Z1-1-0-890-22 nömrəli “Kredit müqaviləsi” üzrə 8915,29 manat əsas, 438,60 manat faiz və 141,97 manat cərimə borcu olmaqla, cəmi 9495,86 manat məbləğində kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 04 mart 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən 108,38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC Cavabdeh1 arasında bağlanmış 29 mart 2022-ci il tarixli “ Kredit müqaviləsi”nə əsasən sonuncuya illik 16 faizlə 36 ay müddətinə 12000 manat kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə digər borclu (zamin) Cavabdeh2 qızı ilə 29 mart 2022-ci il tarixli 10-Z1-1-0- 890-22 nömrəli “Zaminlik müqavilə”si bağlanmışdır. Lakin cavabdehlər kredit müqaviləsinin şərtlərinə görə müəyyən olunmuş müddətdə krediti və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcu tam qaytarmamışlar. Cavabdeh1 07 iyul 2023-cü il tarixə 29 mart 2022-ci il tarixli 10-Z1-1-0-890-22 nömrəli “Kredit müqaviləsi” üzrə 8915,29 manat əsas, 438,60 manat faiz və 141,97 manat cərimə borcu olmaqla, cəmi 9495,86 manat kredit borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən imtina etmişlər. İddiaçı kredit müqaviləsinə əsasən həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra AR MM) 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. AR MM-in 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə müvafiq olaraq, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca isra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş üzrə təsdiq olunduğu kimi borclu kredit müqaviləsi üzrə əsas borc və əsas borca hesablanmış faizlərin bir hissəsini ödəmiş, qalan borcu ödəmədiyindən ona 114,96 manat məbləğində cərimə hesablanmışdır. AR MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehlərin maddi vəziyyətinin ağırlığı, əsas borc məbləğinə nisbətdə tənasübsüzlüyü nəzərə alınaraq hesablanmış 114,96 manat məbləğində cərimə azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13 dekabr 2019-cu il tarixli 24-MZ-2-0-793-19 nömrəli “Kredit müqaviləsi” üzrə 29 mart 2022-ci il tarixli 10-Z1-1-0-890-22 nömrəli 8915,29 manat əsas, 438,60 manat faiz və 50 manat cərimə borcu olmaqla, cəmi 9403,89 manat məbləğində kredit borcu tutulub İddiaçı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 114,96 manat dövlət rüsumunun 113,85 manatı cavabdehə, 1,11 manat iddiaçıya aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13 dekabr 2019-cu il tarixli 24-MZ-2-0-793-19 nömrəli “Kredit müqaviləsi” üzrə 8915,29 manat əsas, 438,60 manat faiz, 50 manat cərimə borcu və ödənilmiş 113,85 manat dövlət rüsumu olmaqla, cəmi 9517 (doqquz min beş yüz on yeddi) manat 74 (yetmiş dörd) qəpik tutulub İddiaçı ASC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar