Məhkəmə qərarları › İş №2(030)-55/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-55/2023

20.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-55/2023 20.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Allahverdiyev X1 Cavabdeh qarşı vurulmuş ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh ona dəymiş 525 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, uzun illərdir ki, Daşkəsən rayonu Zəylik kəndində yaşayır. Cavabdeh həmkəndlisidir. Cavabdehin donuzçuluq təsərrüfatı vardır. Donuz sürüsünü mühafizə etmək üçün cavabdeh çoban itləri saxlayır. Onun özünə məxsus kiçik təsərrüfatı vardır. Cavabdehə məxsus çoban itləri ona məxsus 15 baş qazını boğaraq öldürmüşdür. Nəticədə ona 525 manat məbləğində maddi ziyan vurulmuşdur. Dəymiş ziyanla bağlı cavabdehə iradını bildirsə də, heç bir müsbət nəticəsi olmamışdır. Bununla bağlı Daşkəsən Rayon Polis Şöbəsinə müraciət etmiş, mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Daşkəsən rayonu Zəylik kəndində yaşayır. Özünə məxsus şəxsi təsərrüfatında olan donuzları fermada saxlayır. Ferma isə iddiaçının yaşadığı ərazidən təxminən 1500-2000 metr aralıda yerləşir. Fermanın qorumaq üçün saxladığı çoban itləri heç vaxt ərazidən kənar çıxmır. Fermasında donzulara baxan çoban ona zəng edərək, fermadan aralı ərazidə qaz ölülərinin olduğunu, qazlara vəhşi quş kimi tanıdıqları “Qırğı”nın hücum etdiyini bildirmiş və həmin görüntülar telefon vasitəsi ilə video qeydə alınmışdır. Video qeydən də görünür ki, ölmüş qazların üzərində olan oyuqlar çoban itləri tərəfindən deyil, vəhşi quşlar tərəfindən törədilmişdir. Odur ki, iddia tələbi tamamilə əsassız və qanunsuz olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində göstərdi ki, İddiaçı məxsus 15 baş qazına vəhşi quş adlandırlan “qırğı” tərəfindən hücum edilərək öldürülmüşdür. Cavabdeh tərəfindən də qeyd alınmış video qeydən də göründüyü kimi qazlar boğularaq deyil, vəhşi quşların dimdikləyərək açıqları oyuqlar nəticəsində ölmüşdür. O, tərəflərin barışdırmağa çalışsa da, heç bir müsbət nəticəsi olmamışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin 06 mart 2023-cü il tarixli 3-22- 1-2-15/-2-13-/2013 saylı məktubundan görünür ki, təbii şəraitdə donuzin diri qazı yeməsi halı müşahidə olunmamışdır. Təbii şəraitdə bütün isti qanlı heyvanlar quduzluq xəstəliyinə yoluxa bilər. Lakin yanıx müddət ərzində Daşkəsən rayonu ərazisində donzular arasında quduzluq xəstəliyinə yoluxma halı müşahidə edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 15 baş qazı ölmüşdür. İddiaçı Cavabdeh məxsus çoban itlərinin və donuzlarının ona məxsus 15 baş qazı boğaraq öldüyünü iddia edərək cavabdehdən 525 manat həcmində zərər tələb ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi iddiaçıya məxsus heyvanın öldürülməsi nəticəsində vurulmuş maddi zuyanın ödənilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin maddi ziyanla bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1110-cu maddəsinə görə, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. İddiaçı cavabdehin itlərinin və donuzlarının ona məxsus qazları öldürməsini iddia etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə gorə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini muəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş, ona məxsus qazların cavabdehin donuzları tərəfindən yeyilməsinə dair video ilə bağlı qeyd edir ki, həmin videoda ölmüş qazın donuzlar tərəfindən yeyilməsi əksini tapsa da, iş materialları ilə, o cümlədən mütəxəssis rəyi ilə donuzların diri quşu yeməsi təkzib edilmişdir. Hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini hər hansı sübutla əsaslandırmadığından, İddiaçı Cavabdeh qarşı Cavabdeh ona dəymiş 525 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün 30 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh ona dəymiş 525 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar