Məhkəmə qərarları › İş №2(030)-566/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-566/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-566/2023 04.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 01 mart 2023-cü il tarixli 800804-613354/2 nömrəli “Kredit müqaviləsi” üzrə 20000 manat əsas və 2001,78 manat faiz borcu olmaqla, cəmi 22001,78 manat kredit borcunun və ödənilmiş 156,41 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkləmə iclasında İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 mart 2023-cü il tarixli 800804-613354/2 nömrəli “Kredit müqaviləsi”nə əsasən sonuncuya illik 16% olmaqla 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuş, hal-hazıradək heç bir ödəniş etməmişdir. Cavabdehin 09 avqust 2023-cü il tarixə 20000 manat əsas və 2001,78 manat faiz borcu olmaqla, cəmi 22001,78 manat məbləğində borcu qalmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən imtina etmişdir. Yaranmış vəziyyətdə borcun məhkəmə qaydasında tələb edilməsinə zərurət yaranmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 01 mart 2023-cü il tarixli 800804-613354/2 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 mart 2023-cü il tarixli 800804-613354/2 nömrəli “Kredit müqaviləsi”nə əsasən sonuncuya illik 16% olmaqla 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Alınmış kreditin faizlə birlikdə qaytarılması müddəti və məbləği müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş İddiaçı ASC-nin 09 avqust 2023-cü il tarixli 001/007/5396/2023 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 01 mart 2023-cü il tarixli 800804- 613354/2 nömrəli “Kredit müqaviləsi” üzrə İddiaçı ASC-yə 09 avqust 2023-cü il tarixə 20000 manat əsas və 2001,78 manat faiz borcu olmaqla, cəmi 22001,78 manat kredit borcu vardır. Kredit müqaviləsi üzrə gecikmə 124 gün təşkil edir. İşə əlavə edilmiş 07 iyun 2023-cü il tarixli 800/800/0176/2023 saylı bildirişin surətindən görünür ki, Cavabdeh banka olan bütün borc məbləğini 7 gün müddətindən gec olmayaraq banka ödənilməsi tələb edilmiş, 14 iyun 2023-cü il tarixədək ödənilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 10 avqust 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən 156,41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 mart 2023-cü il tarixli 800804-613354/2 nömrəli “Kredit müqaviləsi”nə əsasən sonuncuya illik 16% olmaqla 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuş, hal-hazıradək heç bir ödəniş etməmişdir. Cavabdehin 09 avqust 2023-cü il tarixə 20000 manat əsas və 2001,78 manat faiz borcu olmaqla, cəmi 22001,78 manat məbləğində borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən imtina etmişlər. İddiaçı kredit müqaviləsinə əsasən həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra AR MM) 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. AR MM-in 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 01 mart 2023-cü il tarixli 800804-613354/2 nömrəli “Kredit müqaviləsi” üzrə 20000 manat əsas və 2001,78 manat faiz borcu olmaqla, cəmi 22001,78 manat kredit borcu tutulub İddiaçı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 156,41 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 01 mart 2023-cü il tarixli 800804-613354/2 nömrəli “Kredit müqaviləsi” üzrə 20000 manat əsas, 2001,78 manat faiz borcu borcu və ödənilmiş 156,41 manat dövlət rüsumu olmaqla, cəmi 22158 (iyirmi iki min yüz əlli səkkiz) manat 19 (on doqquz) qəpik tutulub İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar