Məhkəmə qərarları › İş №2(030)-589/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-589/2023

13.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-589/2023 13.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh ona məxsus satdığı 54 baş xırda-buynuzlu heyvanların 4400 manat pulunu və onda qalan məişət əşyalarının dəyəri olaraq 1610 manat olmaqla, cəmi 6010 manat məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, Daşkəsən rayon Bayan kənd sakini Cavabdeh əvvəllər tanımışdır. Cavabdeh iri və xıırdabuynulu heyvanlar saxlayaraq çobanlıq edir. Aralarında olan şifahi razılığa əsasən 2020-ci ildə cavabdeh ona məxsus 150 baş xırda buynuzlu heyvanı hər ay 400 manat zəhmət haqqı qarşılığında saxlamağa razılaşmışdır. 2020-ci ilin sentyabr ayında xəstələndiyi üçün cavabdehə saxlamaq üçün verdiyi 150 baş heyvanın 96 başını satmışdır. Cavabdeh onun xəstəliyindən istifadə edərək yerdə qalan 54 baş quzunu Daşkəsən rayon Mollahəsənli kəndi ərazisində yerləşən “Narzan” restoranın sahibinə 4400 manata satmışdır. Bundan başqa, heyvanlarını saxlamağa verərək cavabdehə 500 manat dəyərində çadır-tent (palatka), hər biri 150 manat dəyərində 2 ədəd projektor-lambalar, 100 manat dəyərində setka, 250 manat dəyərində 4 ədəd ayaqlı şiti, 250 manat dəyərində 4 ədəd ağ stullar və 210 manat dəyərində 1 ədəd 3x7 ölçüdə kovralit olmaqla, cəmi 1610 manat dəyərində məişət əşyaları vermişdir. Dəfələrlə cavabdehdən ona məxsus 54 baş xırda buynuzlu heyvanları və məşiət əşyaslarını tələb etməsinə baxmayaraq, cavabdeh bundan imtina etmiş, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı tanıyır. O, 2020-ci ildə İddiaçı məxsus xırda buynuzlu heyvanları otarmışdır. İddiaçı və başqa bir şəxs heyvanları saxlamaq üçün “Ceyrançöl” adlanan ərazidə Azər Əliyevə məxsus yataq icarəyə götürmüşlər. İcarə haqqı olaraq 7000 manata razılaşmışlar. Həmin pulun 4400 manatını İddiaçı, 2600 manatını isə digər şəxs ödəməli idi. İddiaçı Bəhman Ələkbərov Azər Əliyevdən 100 baş xırda buynuzlu heyvan almışdır. İddiaçı biri 150 manata olmaqla 20 baş quzunu Daşkəsən rayonu Çovdar kəndində, 2 baş qurbanlıq üçün, 2 başı isə ad günü üçün satmışdır. Avqust ayının 18-20-si arası 24 baş quzunu sataraq əldə olunmuş 4300 manat məbləği ona vermiş o, isə yataq sahibi olan Azər Əliyevə vermişdir. İcarə haqqının 100 manat əskik olduğu üçün iddiaçı sonra haqq-hesab edəcəyini bildirmişdir. İddiaçının tələb etdiyi əşyalar Daşkəsən rayonu Mollahəsənli kəndində yerləşən evdə olmuşdur. Dəfələrlə iddiaçıya gəlib əşyalarını götürməsini bildirsə də, bundan imtina etmişdir. Hazırda tələb edilən məişət əşyalarını avtomobilinə yığıb gətirmişdir. Həmin əşyaların iddiaçıya təhvil verilməsini və iddia tələbinin rədd olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X1 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır. Cavabdeh heyvanları Daşkəsən rayonu Mollahəsənli kəndinə yaylağa gətirir. O, gözətçidir. Bəhmən yaylağa gələrək ona “maşını gətir, heyvanları aparaq” demiş və ona 10 manat pul vermişdir. Bəhmən heyvanları “Narzan” adlanan əraziyə gətirib satmış, satışdan əldə olunmuş 2300 manat pulu Cavabdeh verərək aparıb Azərə verməsini tapşırmışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, İddiaçı onun iş yoldaşıdır. Cavabdeh da iddiaçıya görə tanıyır. İddiaçı heyvanlarını saxlamaq üçün yataq axtarmışdır. X2 maşınına 16 baş heyvan yükləmiş və aparıb “Narzan” adlı restorpana satmış, səhəri gün 10 heyvanı aparıb satmış və 4400 manat pulu Raufa verərək aparıb yataq sahibinə verməsini bildirmişdir. 50 manata isə onlara yemək almışdır. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X6 ifadəsində göstərdi ki, İddiaçı şəriki ilə birlikdə “Ceyrançöl” adlanan ərazidə ona məxsus yatağı icarəyə götürmüşdür. 4 il bundan əvvəl Cavabdeh İddiaçı məxsus heyvanları otarmışdır. İddiaçı ondan 100 baş xırda buynuzlu heyvan satın almışdır. Heyvanlar yaylağa köçən zaman Cavabdeh 4500 manat icarə haqqından 4400 manatı almış, 100 manat isə ödənilməmiş qalmışdır. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı şəriki ilə birlikdə heyvanlarını saxlamaq üçün “Ceyrançöl” adlanan ərazidə X3 məxsus yatağı icarəyə götürmüşdür. Aralarında olan razılığa əsasən Cavabdeh 2020-ci ildə İddiaçı məxsus olan xırda buynuzlu heyvanları otarmışdır. İddiaçı əvvəlcə özünə məxsus olan xırdabuynuzlu heyvanlardan 96 başını satmışdır. Sonradan isə 26 baş xırdabuynuzlu heyvanı “Narzan” adlanan əraziyə gətirərək satmış, əldə olunan 4300 manat pul vəsaitini icra haqqı olaraq Azər Əliyevə çatdırması üçün Cavabdeh vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İddiaçı 54 baş xırda buynuzlu heyvanı Cavabdeh verdiyini və cavabdehin həmin heyvanları sataraq pulunu mənimsədiyini bildirsə də, qeyd edilən fakt öz təsdiqini tapmamış, iş üzrə dindirilmiş şahidlər İddiaçı heyvanları sataraq pulunu X3 çatdırılması üçün Cavabdeh verdiyini bildirmişlər. X6 isə həmin pulu aldığını etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə gorə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini muəyyən edən faktlarla və hallarla əlaqədardır. İddiaçı ona məxsus 500 manat dəyərində çadır-tent (palatka), hər biri 150 manat dəyərində 2 ədəd projektor-lambalar, 100 manat dəyərində setka, 250 manat dəyərində 4 ədəd ayaqlı şiti, 250 manat dəyərində 4 ədəd ağ stullar və 210 manat dəyərində 1 ədəd 3x7 ölçüdə kovralit olmaqla, cəmi 1610 manat dəyərində məişət əşyalarının dəyərinin cavabdehdən alınıb ona verilməsini tələb edir. Cavabdeh qeyd edilən əşyaların iddiaçının istənilən vaxt götürə biləcəyinə heç bir maneçilik olmadığını bildirmişdir. İddiaçı əşyalarının özünü tələb etmədiyindən və cavabdehin iddiaçıya hər hansı əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi olmadığından iddia həmin hissədə təmin edilməməlidir. Hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini hər hansı sübutla əsaslandırmadığından və bu hal məhkəmədə şahid ifadələri ilə təkzib olunduğundan, İddiaçı Cavabdeh qarşı Cavabdeh ona məxsus satdığı 54 baş xırda-buynuzlu heyvanların 4400 manat pulunu və onda qalan məişət əşyalarının dəyəri olaraq 1610 manat olmaqla, cəmi 6010 manat məbləğinin alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş 80 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh ona məxsus satdığı 54 baş xırda-buynuzlu heyvanların 4400 manat pulunu və onda qalan məişət əşyalarının dəyəri olaraq 1610 manat olmaqla, cəmi 6010 manat məbləğinin alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 80 (səksən) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar