Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-625/2024 19.11.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı Məmməd oğlunun, Cavabdeh Şəfayət oğlunun iştirakı ilə, İddiaçı Məmməd oğlunun Cavabdeh Şəfayət oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Məmməd oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5000 manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 sentyabr 2023-cü il tarixdə Cavabdeh ilə X1 arasında mübahisə baş vermiş, İddiaçı Məmməd oğlu isə qeyd edilən mübahisənin şahidi olmuş, polis şöbəsində bununla bağlı ifadə vermişdir. Cavabdeh mübahisə etdiyi şəxslə barışmayacağını bildirmiş, barışacağı halda İddiaçı Məmməd oğluna 5000 manat ödəyəcəyini vəd etmişdir. Lakin, o, həmin şəxslə barışmışdır. Buna görə 5000 manatı ödəməlidir. Məhkəmə iclasında İddiaçı Məmməd oğlu iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, 22 sentyabr 2023-cü il tarixdə, Daşkəsən şəhərində, rayon İcra Hakimiyyətinin binasının yaxınlığında olan zaman Cavabdeh ilə X1 mübahisə etməyə başlamışdır. Asif Çingizi vurmaq istəyərkən o, Asifin qarşısına keçərək buna imkan verməmişdir. Hər ikisini intizama dəvət edərək mubahisənın böyüməsinin qarşısını almışdır. Daha sonra onları sakitiəşdirib evlərinə yola salmışdır. Növbəti gün Çingizin Asifdən polis şöbəsinə müraciət etdiyini, onu isə şahid qismində ərizəsində qeyd etdiyini bilmişdir. Daha sonra o, Çingiz ilə görüşdükdə Asiflə barışacağı halda onu pis vəziyyətdə qoyaçağını bildirmişdir. Çingiz isə Asifdən əl çəkməyəcəyini və onu həbs etdirəcəyini bildirmişdir. O, Çingizə bildirmişdir ki, əgər Asif ilə barışsa ona 500 manat verəcəkdir, Çingiz isə barışarsa nəinki 500 manat, hətta 5000 manat pul verəcəyini bildirmişdir. Bu halda o, Çingizdən yazılı sürətdə təsdiq istəmiş, Çingiz də öz xətti ilə qeyd olunanları yazaraq imzası ilə təsdiq etmişdir. O, həmin yazılı qəbzi götürüb saxlamış və bundan sonra polis şöbəsində şahid qismində izahat yazmışdır. X4 ilə barışdığını bilmişdir. Bundan sonra o, 5000 manat pulu ödəməsi üçün cavabdehə məktub göndərmiş, cavabdeh isə əvəzində onu təhqir etmişdir. Ona görə məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında rayon sakini Asif ilə aralarında dava-dalaş baş vermişdir. Həmin vaxt İddiaçı da orada olmuşdur. Bununla əlaqədar olaraq o, Daşkəsən rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin o, Asif ilə barışmamış və bu barədə ərizə verməmişdir. Şikayətinə polis şöbəsində baxılmış və işə xitam verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi yazılı qəbzin heç bir hüququ əsası yoxdur. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş 20 oktyabr 2023-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh Şəfayət oğlu 22 sentyabr 2023-cü il tarixdə onunla X1 arasında əmələ gəlmiş dava-dalaş görə polis şöbəsinə vermiş şikayət ərizəsi ilə əlaqədar onu bağışlamaq fikrində deyildir və onu bağışlasa İddiaçı Məmməd oğluna 5000 manat pul vəsaiti ödəcəyini bildirmişdir. İşə əlavə edilmiş İddiaçı Məmməd oğlu tərəfindən Cavabdeh Şəfayət oğluna ünvanlanmış 19 avqust 2024-cü il tarixli bildirişin surətindən görünür ki, X1 ilə barışdığı üçün 5000 manat pulun ona ödənilməsini xahiş etmişdir. Əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İşə əlavə edilmiş 16 sentyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Məmməd oğlu tərəfindən 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilən maddədə məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi müəyyən edilmişdir. Maddənin məzmunundan göründüyü kimi, hər bir şəxs pozulmuş və ya pozulmuş olmasını ehtimal etdiyi hüquq və azadlıqlarının, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Yəni, iddiaçı subyektiv hüquqa malik olduqda məhkəmə müdafiəsindən istifadə edə bilər. Hazırkı iş üzrə iddia tələbinin məzmunundan və tərəflərin izahatlarından aydın olur ki, Cavabdeh ilə X1 arasında mübahisə baş vermiş, Bununla əlaqədar olaraq Cavabdeh Daşkəsən rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. İddiaçı Məmməd oğlu isə, qeyd edilən mübahisənin şahidi olmuş və onunla bağlı ifadə vermişdir. Cavabdeh mübahisə etdiyi şəxslə barışmayacağını bildirmiş, barışacağı halda isə İddiaçı Məmməd oğluna 5000 manat ödəyəcəyini vəd etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh X1 barəsində polis orqanına etdiyi şikayətdən imtina etmiş və ya onunla barışmış olsa belə, bunlar onun hüquqlarından irəli gələn hərəkətlər olmaqla, bu hərəkətlərin edilməsi İddiaçı Məmməd oğlunun hüquqlarının pozulmasına səbəb olmur və yaxud, onun qanundan irəli gələn mənafe və maraqlarına toxunmur. Cavabdeh vermiş olduğu şikayətdən imtina edəcəyi və şikayət etdiyi şəxlə barışacağı halda iddiaçıya müəyyən məbləğdə pul ödəyəcəyini vəd etmiş olsa da belə, bu razılıq mülki hüquqi nəticə əmələ gətirmək qabiliyyətinə malik olmadığından və öhdəlik yarada bilmədiyindən əqd hesab olunmur. Ona görə də, öncə öhdəlik yaranmış olmalıdır. Bundan sonra artıq mövcud olan öhdəliyin pozulub-pozulmaması müzakirə mövzusu ola bilər. Hazırkı mübahisə üzrə tərəflər arasında qanundan və ya müqavilədən irəli gələn hər hansı bir öhdəlik yaranmamışdır. Mövcud olmayan öhdəliyin pozulması halından söhbət gedə bilməz. Həmçinin, hər cür mənafe və maraqların deyil, yalnız qanundan irəli gələn mənafe və maraqların məhkəmə müdafiəsi qanunla yolveriləndir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq belə qənaətə gəlir ki, hazırkı mübahisə üzrə İddiaçı Məmməd oğlunun hüquqlarının və qanundan irəli gələn mənafe və maraqlarının pozulması halları baş vermədiyindən iddia tələbi təmin edilməməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinin tıləbinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim edilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün 70 manat dövlət rüsumu İddiaçı Məmməd oğluna aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-625/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-625/2024
19.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver