Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-63/2025 21.01.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 mart 2018-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün hər ay Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay sabit pul məbləğində 250 manat aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı teleqramla məhkəməyə mürcaiət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 2017-ci ilin aprel ayında faktiki olaraq ailə qurmuşlar. Aralarındakı nikahı 12 may 2007-ci ildə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə nikahlarından 22 mart 2018-ci ildə Uğur adlı bir uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Şəki Apellyasiya Məhkəməsinin 17 iyul 2018-ci il tarixli 2(107)-2504/2018 saylı qətnaməsi ilə 22 mart 2018-ci il təvəllüdlü X1 üçün 140 manat məbləğində aliment təyin edilmişdir. Cavabdeh alimentdən başqa uşağın saxlanılması üçün heç bir köməklik göstərmir. Uşaq böyüdükcə onun maddi tələbatları da artır. Günün tələblərinə uyğun olaraq qeyd olunan məbləglə iddiaçı uşağın maddi tələbatını ödəməkdə çətinlik çəkir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onun ciyərlərinə su yığılır və ürək çatışmamazlığından əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar olaraq dərmanla yaşayır. Əməliyyat olunmalı və ürəyinə aparat qoyulmalıdır. Maddi imkansızlıqdan əməliyyat və ya müaliucə ala bilmir. Heç bir yerdə işləmir əlavə gəlir və qazancı yozdur. Təyin edilmiş alimenti çətinliklə ödəyir. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyildir. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 12 may 2017-ci il tarixdə nikah bağlanmış və bu barədə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Nemətabad kənd inizbati ərazi dairəsi üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 22 mart 2018-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Yevlax rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 24 aprel 2018-ci il tarixdə 283 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2(107)-2504/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli 2(039)-1528/2018 nomrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh Vidaf oğluna qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddiasının qismən təmi edilməsi, tərəflərin birgə nikahından olan uşaqları 22 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 10 may 2018-ci il tarıx başlayaraq Cavabdeh hər ay 140 (bir yüz qırx) manat aliment tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilməli olan dövlət rüsumunun əvəzi — 30 (otuz) manatın Cavabdeh dövlət büdcəsi xeyrinə tutulması, qətnamənin alimentin tutulması hissəsinin dərhal icra olunması qət edilmişdir. İşə əlavə olunmuş Yevlax 1 saylı mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 24 oktyabr 2024-cü il tarixli MŞY/MT034/2024- 00524 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin məbləğinin artırılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 24 oktyabr 2024-cü il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən Cavabdeh 20 sentyabr 2024cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif məktubu göndərilmişdir. İşə əlavə olunmuş 08 oktyabr 2024-cü il tarixli FJB**********458 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində ilkin mediasiya sessiyası xərci ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2017-ci ilin aprel ayında faktiki olaraq ailə qurmuşlar. Aralarındakı nikahı 12 may 2007-ci ildə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 04 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından 22 mart 2018-ci ildə X3 doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Şəki Apellyasiya Məhkəməsinin 17 iyul 2018-ci il tarixli 2(107)-2504/2018 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından olan uşaqları 22 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 10 may 2018-ci il tarıx başlayaraq Cavabdeh hər ay 140 (bir yüz qırx) manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2018-ci ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il üçün “Yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. İddiaçı uşağın saxlanması üçün təyin edilmiş alimentin artırılaraq 250 manat məbləğində təyin olunmasını tələb edir. Lakin, iddiaçı məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşaqların təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər . Şərh olunanları, habelə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2(107)-2504/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmalı, tərəflərin birgə nikahından 22 mart 2018-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, 20 noyabr 2024-cü il tarixdən 31 dekabr 2024-cü il tarixədək ölkə üzrə minumum əmək haqqının 52 misli həddində (180 manat) , 01 yanvar 2025-ci ildən ölkə üzrə minumum əmək haqqının 45 misli həddində (180 manat) aliment tutulub İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin mediasiya məbləğinin ödənilməsinə dair münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 24 oktyabr 2024-cü il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində mediasiya xərci cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Bir il ərzində ödəmənin məcmusu nəzərə alınarsa hazırki iddianın qiyməti 2440 manat təşkil edir. Belə olan halda, iddia ərizəsinin məhkəməyə verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə uyğun olaraq iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi hesablanır. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən 44,40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Təyin olunmuş alimentin miqdarı artırılmaqla tərəflərin birgə nikahından 22 mart 2018-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, 20 noyabr 2024-cü il tarixdən hesablanmaqla 31 dekabr 2024-cü il tarixədək ölkə üzrə minimum əmək haqqının 52 misli həddində , 01 yanvar 2025-ci ildən ölkə üzrə minimum əmək haqqının 45 misli həddində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh 44,40 (qırx dörd manat qırx qəpik) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X4 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-63/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-63/2025
21.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver