Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-681/2023 13.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Daşkəsən Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(030)-231/2020 saylı qətnaməsi ilə təyin edilmiş 120 manat məbləğində alimentin miqdarının artırılaraq hər ay Cavabdeh 220 manat məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh ilə 2013-cü ildə el adəti ilə ailə qurmuşlar. Rəsmi nikah qeydiyyatından keçməmişlər. Onların 07 fevral 2014-cü il tarixdə X2 adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış narazılığa görə faktiki olaraq uzun müddətdir ki, ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli 2(030)- 580/ 2017 saylı qətnaməsi ilə 07 fevral 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 100 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh alimentin miqdarının azaldılması ilə bağlı məhkəmədə iddia qaldırmış, Daşkəsən Rayon Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli 2(030)-852/ 2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Daşkəsən Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(030)-231/2020 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər ay Cavabdeh 120 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda həmin məbləğdə alimentlə uşağının maddi ehtiyaclarını ödəməkdə, onu saxlamaqda çətinlik çəkir. Cavabdeh isə alimentdən başqa uşağının saxlanılması üçün heç bir köməklik göstərmir. Uşaq böyüdükcə onun maddi tələbatları və digər xəsrcləri artır. O, isə təkbaşna qeyd edilən vəsaitin hamısını qarşılaya bilmir. Hazırda heç bir yerdə işləmir. Əlavə gəlir və daimi qazancı yoxdur. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, heç bir yerdə işləmir. Maddi vəziyəti olduqca çətindir. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyildir. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 07 fevral 2014-cü ildə Göygöl şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 20 fevral 2014-cü il tarixdə 53 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(030)-231/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Daşkəsən Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli 2(030)–580/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılması, 07 fevral 2014-cü ildə anadan olmuş X1 maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X3 keçirilməsi, iddia tələbinin qalan hissədə təmin olunması qət edilmişdir. İşə əlavə olunmuş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 05 oktyabr 2023-cü il tarixli MŞG-03210 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin miqdarının artırılması tələbi” ilə bağlı 05 oktyabr 2023-cü il tarixdə saat 15:30 radələrində keçirilən ilkin mediasiya sesiyasında tərəflər iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sesiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İşə əlavə olunmuş 10 may 2023-cü il tarixli BPM**********01 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən ilkin mediasiya zamanı 56 manat məbləğində mediasiya xərci tam ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2013-cü ildə el adəti ilə ailə qurmuşlar. Rəsmi nikah qeydiyyatından keçməmişlər. Aralarında yaranmış narazılığa görə faktiki olaraq uzun müddətdir ki, ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(030)-231/2020 saylı qətnaməsi ilə 07 fevral 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən bininin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2020-ci ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il üçün “Yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı uşağının saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq 220 manat məbləğində təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Şərh olunanları, habelə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 07 fevral 2014-cü ildə anadan olmuş X1 maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 170 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin mediasiya məbləğinin ödənilməsinə dair iddiasına münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, cavabdeh 05 oktyabr 2023-cü il tarixdə saat 15:30-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 56 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, 56 manat ilkin mediasiya xərcinin 28 manatı cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(030)–231/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın. 07 fevral 2014-cü ildə anadan olmuş X1 maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay bir uşaq üçün Cavabdeh 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 56 (əlli altı) manat mediasiya xərcinin xərcinin 28 (iyirmi səkkiz) manatı Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-681/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-681/2023
13.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver