Məhkəmə qərarları › İş №2(030)-702/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-702/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-702/2025 03.02.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2500 manat və Cavabdeh2 1900 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh1 Gədəbəy rayonunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət etdiyi vaxtdan tanımışdır. 2020-ci ilin sentyabr ayında Cavabdeh1 onun yaşadığı evə gələrək pula ehtiyacı olduğunu bildirmiş və ondan 2500 manat borc pul istəmiş və 2023-cü ilin dekabr ayına kimi qaytaracağını bildirmişdir. Aralarında olan tanışlığa və inandığı üçün cavabdehə 2500 manat borc pul vermişdir. Lakin hal-hazıradək cavabdeh heç bir ödəniş etməmişdir. 2020-ci ilin oktyabr ayında isə Cavabdeh2 onun yaşadığı evə gələrək pula ehtiyacı olduğunu bildirmiş və ondan 1900 manat borc pul istəmiş və 2023-cü ilin dekabr ayına kimi qaytaracağını bildirmişdir. Aralarında olan tanışlığa və inandığı üçün cavabdehə 1900 manat borc pul vermişdir. Cavabdeh isə ona borcu olduğunu təsdiqləmək üçün əmək haqqı kartını versə də, kart aktiv olmadığı üçün pul çıxarması mümkün olmamışdır. Dəfələrlə cavabdehlərdən pulunu geri qaytarmalarını tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, İddiaçı tanıyır. O, Namiqin yaşadığı kəndə gəldiyi vaxt Namiqlə görüşmüş, Namiq onu evinə dəvət etmişdir. O, Namiqin evində olduğu vaxt tanımadığı bir şəxs İddiaçı həyətə çağırmışdır. O, evin pəncərəsindən həyətə baxarkən Namiqin həmin şəxslə söhbət etdiyini görmüşdür. İddiaçı evə qaytımış və Siyavuş adlı şəxsin ondan 2000 manat borc pul istədiyini, o, isə həmin şəxsə 1900 manat borc pul verdiyini bildirmişdir. Namiq Siyavuşa borc pul verən vaxt onların yanında olmamışdır. 1900 manat pulun Siyavuş adlı şəxsə verdiyini İddiaçı ona demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Cavabdeh1 ilə 2014-2019-cu illərdə birlikdə hərbi xidmətdə olmuşlar. Onun pula ehtiyacı olduğu üçün Cavabdeh1 2500 manat borc istəmişdir. Elşən həmin məbləği ona vermişdir. Cavabdeh1 2500 manat pulu İddiaçı alıb ona verdiyini bildirmişdir. O, həmin məbləği Cavabdeh1 qaytarmışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 pulu ondan almasına baxmayaraq İddiaçı qaytarmamışdır. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə qeyd edir ki, sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Əgər o, bu vəzifəsini yerinə yetirə bilmirsə iddia tələbi bu səbəbdən təmin edilmir. İddiaçı cavabdehlər Cavabdeh1 2500 manat və Cavabdeh2 borc olaraq 1900 manat məbləğində pul vermiş olduğunu bildirsə də, bu barədə yazılı və ya digər mötəbər bir sübutu məhkəməyə tədim etməmişdir. Məhkəmə şahid ifadələri ilə bağlı onu qeyd edir ki, Şahid1 Cavabdeh2 tanımadığı ifadəsində qeyd etmişdir. İddiaçının evində qonaq olarkən Cavabdeh2 adlı şəxsə 1900 manat pul vermiş olmasını iddiaçı ona bildirmiş olmasını izahatında göstərmişdir. Göründüyü kimi, şahid onda olan məlumatların alınma mənbəyi kimi iddiaçıdan eşitdiyimə əsasən göstərmiş, öz ifadəsində iddiaçının ona bildirdiyi faktlara əsaslanmışdır. Şahid2 isə Cavabdeh1 İddiaçı borc olaraq 2500 manat pul alıb ona verdiyini bildirmişdir. Göründüyü kimi şahidlər iddia tələbində göstərilən pul məbləğinin cavabdehlərin qəbul edilməsi üzrə hərəkətlərini görməmişlər. Beləliklə, məhkəmə şahid ifadələrini qiymətləndirərək belə qənaətə gəlir ki, ifadələr mübahisənin düzgün həlli baxımından sübut əhəmiyyətinə malik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar