Məhkəmə qərarları › İş №2(031)-105/2022

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-105/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-105/2022 25.01.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı ASC-nin Cavabdeh: Cavabdeh qarşı Borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı ASC məhkəmədə iddia qaldıraraq Cavabdeh İddiaçı ASC-nin xeyrinə 04 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 19465.67 AZN əsas borc, 1295.83 AZN faiz borcu və 9.80 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 20771.30 AZN borcun və 152.31 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi teleqramla məhkəməyə teleqramla müraciət edərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh 04 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 14 faizlə 120 ay müddətinə 60600 AZN məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə İddiaçı ("xxxx" İKB) ASC arasında bağlanmış tələbin güzəşti barədə 29 yanvar 2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh Aıdgözəl qızı ilə "xxxx" ASC arasında bağlanmış 04 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcun tələb etmək hüququ İddiaçı ("xxxx" İKB) ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il noyabrın 05-dək X1 banka 04 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 19465.67 AZN əsas borc, 1295.83 AZN faiz borcu və 39.2 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 20800.7 AZN borcu vardır. Cavabdeh 04 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 39.2 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 9.80 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Xahiş edir, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 04 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 19465.67 AZN əsas borc, 1295.83 AZN faiz borcu və 9.80 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 20771.30 AZN borcun və 152.31 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, ona 04 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 14 faizlə 120 ay müddətinə 60600 AZN məbləğində kredit verilmişdir. Banka olan borcdan həyat yoldaşının pensiyası hesabına həmişə ödənişlər etmişdir. Sonradan həyat yoldaşı vəfat etdiyindən ödəniş edə bilməmişdir. Hazırda özü qeyri-rəsmi olaraq işləyir. Banka olan borcunu ödəməyə etiraz etmir. Borcunu hissə-hissə ödəməyə söz verir. Məhkəmə cavabdehi dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş 04 sentyabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" ASC-dən illik 14 faizlə 120 ay müddətinə 60600 AZN məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 26 oktyabr 2021-ci il tarixli xəbərdarlıq məktubdan görünür ki, Cavabdeh kredit borcunun ödənilməsi barədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən isə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1. və 445.2.2. maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 425.1. maddəsinə göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığının tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, Cavabdeh 04 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 19465.67 AZN əsas borc, 1295.83 AZN faiz borcu və 9.80 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 20771.30 AZN borc və 152.31 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 04 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 19465.67 AZN əsas borc, 1295.83 AZN faiz borcu və 9.80 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 20771.30 AZN borc və 152.31 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM : ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar