Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-106/2024 15.03.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması və cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması və cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən onun Şabran rayon Dağbilici kəndində yerləşən, qeydiyyatda olduğu və yaşadığı evə istifadə hüququnun tanınması və cavabdehin onu yaşayış evinə buraxmamağının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X8 ilə xx.xx.1987-ci il tarixdə nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra, o, hazırda istifadə huququnun tanınması barədə iddia tələbi ilə müraciət etdiyi evə gəlin köçmüşdür. Həmin evdə o, mərhum həyat yoldaşı X8 ilə, mərhum qayınanası X11 ilə və övladlığa götürdükləri qaynının övladı X9 ilə birgə yaşamışlar. xx.xx.2010-cu il tarixdə həyat yoldaşı X8, xx.xx.2015-ci il tarixdə isə qayınanası X11 xəstəlikdən vəfat etmişdir. Övladlığa götürdüyü X9 onunla birlikdə yaşamadığına görə qərara gəlmişlər ki, o, yaşadığı evi və həmin evin yerləşdiyi torpaq sahəsini, qaynı Cavabdeh Nəsrədin oğluna bağışlasın, bir şərtlə ki, o, vəfat edənədək həmin evdə yaşayacaq, çünki onun yaşayış yeri oradır. xx.xx.2016-cı il tarixində Şabran rayon Notariat Kontorunda o, övladlığa götürdüyü X9 ilə yaşadığı evi və həmin evin yerləşdiyi torpaq sahəsini qaynı Cavabdeh Nəsrədin oğluna bağışlamışdır. xx.xx.2023-cü il tarixədək o, həmin evdə maneəsiz yaşamışdır. xx.xx.2023-cü il tarixdə o, Şabran rayonu Taxtalar kəndində yaşayan bacısıgilə üç günlük qonaq gedib qayıdandan sonra, ona məlum olmuşdur ki, qaynı evin açarını dəyişib və onu yaşayış evinə buraxmır. Ona bu hərəkətlərinə son qoyulmasını xahiş və tələb etsə də, onun sözlərinə əhəmiyyət verməyərək, bu günki tarixədək onu yaşadığı evə buraxmamşıdır. O, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Ona görə də, Cavabdeh tərəfindən onun Şabran rayon Dağbilici kəndində yerləşən, qeydiyyatda olduğu və yaşadığı evə istifadə hüququ tanınmalı və cavabdehə onu yaşayış evinə buraxmamağı qadağan edilməlidir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsini təqdim edərək ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı X1 ilə xx.xx.1987-ci il tarixdə rəsmi qaydada ailə həyatı qurmuşdur. Ailə qurandan sonra onlar birlikdə Rusiya Federasiyasının Tümen vilayətində yaşamış, sonradan isə qardaşı Bakı şəhərində işlədiyinə görə orada yaşamışlar. İddiaçı X1 ilə birgə nikahlarından övladları olmamış, övladlığa götürdükləri X9 isə yetkinlik yaşına çatmış şəxsdir. X1 xx.xx.2010-cu il tarixində vəfat etmişdir. İddiaçı valideynlərindən ona miras qalmış Şabran rayonu, Dağbilici kəndində yerləşən evdə müəyyən müddət ərzində yaşasa da, təxminən 5 il olar ki, həmin evi tərk edərək bacısıgilə, Şabran rayonu, Taxtalar kəndində yerləşən evə köçərək bacısı ilə birlikdə yaşayır. İddiaçının iddia ərizəsində göstərdiyi, xx.xx.2023-cü il tarixində Şabran rayonu Taxtalar kəndində yaşayan bacısıgilə üç günlük qonaq getməsi, guya onun evin açarını dəyişməyi, onu evə buraxmamağı barədə qeydləri yalan və iftiradır. Son 5 il ərzində həmin evə dair heç bir kommunal ödənişin ödənilməməsi, bir daha iddiaçının 5 ildir ki, orada yaşamadığını təsdiq etməkdədir. Həmin ev ona valideynlərindən miras qalmışdır. Həmin evi atası ilə anası 1957-ci ildə inşa etmişlər. Evin divarındakı daşın üzərində belə evin inşa tarixi yazılmışdır. X6 30 iyun 1975-ci ildə, anası X11 isə xx.xx.2015-ci il tarixində vəfat etmişlər. Anası sağlığında vəsiyyətnamə qoyaraq ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını ona vəsiyyət etmişdir. Həmin evin yerləşdiyi 0.10 ha torpaq sahəsinin mərhum X5 düşən hissəsini isə 15 dekabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən o, qəbul etmişdir. Sadəcə olaraq evin yerləşdiyi torpaq sahəsinin İddiaçı və X3 hərəsinə düşən 2 sot hissəsini 15 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən onlar ona bağışlamışlar. Göründüyü kimi iddiaçı ona ev bağışlamamışdır, bu barədə iddia ərizəsində göstərdikləri yalandır, ev ona valideynlərindən miras qalmış və o da sonunda həmin evə yerləşdiyi 10 sot torpaq sahəsi ilə birlikdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli, **********85-10301 reyestr nömrəli çıxarış əldə etmişdir. Qeyd olunan ev hal-hazırda onun mülkiyyətində olduğundan onun iddiaçıya həmin evdən istifadə hüququ vermək fikri yoxdur, belə ki, mülkiyyətçi olaraq buna hüququ çatır. Xahiş edir, İddiaçı evdən istifadə hüququnun tanınması və cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməs barədə qətnamə çıxarılsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi onun ata evidir. Anası vəfat etdikdən sonra həmin evi ona vəsiyyət etmişdir. Bu barədə adına mülkiyyət sənədi də almışdır. O, həmin evi söküb yenidən tikmək istəyir, iddiaçının əmlakı orada olduğu üçün evdə təmir işləri görə bilmir. Bu barədə iddiaçıya dəfələrlə müraciət etmiş, lakin iddiaçı onunla razılaşmamışdır. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, 19 yanvar 2024-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirmişdir ki, hər iki tərəfi tanıyır, onlarla qonşuluqda yaşayır. İddiaçı təxminən 36 ildir ki, həmin evdə yay aylarında mütəmadi olaraq yaşamış, lakin bu il sentyabr-oktyabr ayları xəstə olduğu üçün bacısının yanına Şabran rayonu Taxtalar kəndinə çıxıb getmişdir. Əhədin də həmin evə gəlib-getməsini görmüşdür. İş materiallarında olan 15 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı və X2 rayonu Dağbilici kəndi ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsini Cavabdeh bağışlamışdır. İş materiallarında olan Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli 210 saylı arxiv çıxarışından görünür ki, Şabran (keçmiş Dəvəçi) rayon İHB-nın Bilici İƏD-nin 1991-1995-ci illərdə Dağbilici kəndi üzrə tərtib edilmiş təsərrüfatbaşına kitabında X10 təsərrüfatı qeydə alınmışdır. Həmin təsərrüfatda 1956-cı ildə ümumi sahəsi 54 kvm yaşayış sahəsi olan yaşayış evi və 0.10 ha həyətyanı torpaq sahəsi göstərilməklə ailə üzvləri – X11, X8, İddiaçı və X9 qeyd edilmişdir. İş materiallarında olan Şabran rayon İHB-nın Taxtalar İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 04 may 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Şabran rayonu Taxtalar kəndində yaşayır. İş materiallarında olan Şabran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, X14 08 iyul 1975-ci ildə ölmüşdür. İş materiallarında olan Şabran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, X11 26 fevral 2015-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı 440707 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 05 sentyabr 2010-cu ildə ölmüşdür. İş materiallarında olan İİİ-JQ seriyalı 498511 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı 26 yanvar 1987-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan 25 iyul 2012-ci il tarixli vəsiyyətnamədən görünür ki, X11 ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün əmlakını Cavabdeh vəsiyyət etmişdir. İş materiallarında olan 15 dekabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu ildə ölmüş X4 vərəsəsi qardaşı Cavabdeh miras əmlakdan – Şabran rayonu, Dağ-Bilici kəndində torpaq sahəsindən 1/1 hissədə pay almalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azəriqaz abonent saldosundan görünür ki, ünvan 1ində yerləşən Cavabdeh adına olan fərdi yaşayış evinin qaz sərfiyatına görə 2021,2022 və 2023-cü illərə görə heç bir ödəniş edilməmişdir. İş materiallarında olan Azərişıq abunə haqqında cədvəldən görünür ki, ünvan 1ində yerləşən X7 adına olan fərdi yaşayış evinin işıq sərfiyatına görə 2020, 2021, 2022 və 2023-cü illərə görə cüzi miqdarda, demək olar ki, heç bir ödəniş edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş məlumatın təqdim edilməsi barədə 21 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh adına xx.xx.2008-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şabran şəhəri, Şəhriyar küçəsi 43 də yerləşən, tam mülkiyyət üzrə (Dəvəçi rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli, 6 saylı protokoldan çıxarış, xx.xx.2007-ci il tarixli Tikintisi basa çatmış binanın istismara buraxılması barədə akta əsasən) fərdi yaşayış evi, xx.xx.2017-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şabran rayonu, Dağ-Bilici kəndində yerləşən tam mülkiyyət üzrə (xx.xx.2016-cı il tarixli, 2V-229 nömrəli vəsiyətnamə üzrə vərəsəlik hüququ haqqında, xx.xx.2016-cı il tarixli, 2V-230 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında) fərdi yaşayış evi, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şabran rayonu, Dağ-Bilici kəndində yerləşən paylı mülkiyyət üzrə (xx.xx.2022-cı il tarixli, 2V- 308 və 2V-309 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, xx.xx.2022-ci il tarixli, 4Ə-667 nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında) 2,4177 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehin qardaşı Müsənnif Ramazanov ilə nikahda olmuş, iddiaçının əri və qayınanası vəfat etmişdir. İddiaçının qayınanası sağlığında cavabdehin xeyrinə vəsiyyətnamə vermişdir. Məhkəmə iclasında, həmçinin müəyyən edildi ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin torpaq sahəsini cavabdehə bağışlamışdır. Bağışlama müqaviləində fərdi yaşayış evi və torpaq sahəsinin iddiaçının vəfat edənədək həmin evdə yaşayacağı şərti ilə bağışlanmasına dair hər hansı şərt mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göründüyü kimi tərəflər müqavilə bağlamaqda sərbəstdir. İddiaçı da iradə ifadəsini göstərərək mübahisəli fərdi yaşayış evini heç bir şərt olmadan cavabdehə bağışlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin 2009-cu ildən əvvəl yarandığını, yəni iddiaçının mübahisəli mənzilin mülkiyyətçisinin qardaşı ilə 2009-cu ildən əvvəl rəsmi nikaha daxil olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilə istifadə hüququnun olub-olmadığı Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına uyğun müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X18 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, "mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. … Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür" (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli Qanunu ilə Mülki Məcəlləyə 228.5-ci maddə əlavə edilmişdir (14 dekabr 2005-ci il tarixdən qüvvəyə minib). Mülki Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Hazırkı mülki işin hallarından görünür ki, iddiaçı mülkiyyətçinin qardaşının həyat yoldaşı olduğundan, Mülki Məcəllənin 228.5-ci maddəsinin birinci cümləsində öz əksini tapan ailə üzvlərinin dairəsinə daxil deyildir. İddiaçı həmin maddənin üçüncü cümləsində öz əksini tapan digər ailə üzvləri kateqoriyasına aiddir. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin ikinci və üçüncü cümlələrində isə göstərilir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008- ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Həmin qərarında Konstitusiya Məhkəməsinin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı notariat qaydasında bağlanan razılaşmanı nəzərdə tutur. Beləliklə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Mülki Məcəllənin 228.5ci maddəsinin tələbinə görə, iddiaçı mülkiyyətçinin digər ailə üzvü, yəni qardaşının arvadı olduğundan, yalnız mülkiyyətçi ilə notariat qaydasında bağlanmış yazılı razılaşmaya əsasən mübahisəli yaşayış sahəsindən istifadə hüququ əldə edə bilərdi. Lakin hazırkı iş üzrə mülkiyyətçi ilə iddiaçı arasında mübahisəli mənzilə dair notariat qaydasında müqavilə bağlanmamışdır. Ona görə də iddiaçı mübahisəli mənzilə istifadə hüququna malik deyildir. Qeyd edilənlərə əsasən iddiaçının nikahda olduğu müddətdə cavabdehlərlə birlikdə yaşaması onun mənzilədən istifadə hüququnun yaranması üçün əsas hesab edilə bilməz. İşin faktiki hallarından, eləcə də, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlardan görünür ki, İddiaçı ilə mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamışdır. Lakin, mülkiyyətçi Cavabdeh İddiaçı müvəqqəti yaşamaq imkanı vermişdir. Bununla da, Cavabdeh İddiaçı mübahisəli mənzildə müvəqqəti yaşamaq imkanı versə də, məhkəmə iclasında aparılmış araşdırma zamanı sonuncunun mübahisəli mənzilə istifadə hüququnun mövcud olması barədə hər hansı hüquqi əsas aşkar edilməmişdir. Belə olan təqdirdə, İddiaçı Cavabdeh adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış ünvan 1ində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun olmadığı müəyyən edilir. Bundan əlavə, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallardan olan, o cümlədən ona məxsus əmlakının mübahisəli ünvan 1ində yerləşən mənzildə qalması əsası da iddia tələbinin təmin edilməsi üçün mötəbər dəlil deyildir. Belə ki, Cavabdeh mülkiyyətində olan ünvan 1ində yerləşən mənzilindən əmlakının çıxarılması barədə iddiaçıya dəfələrlə müraciət etmişdir. Halbuki, iddiaçının istinad etdiyi bu halın özü də iddianın təmini üçün mötəbər sübut kimi qəbul edilməsi istisna edilir. Qeyd edilənlərdən əlavə, iddia ərizəsində iddiaçının mübahisəli fərdi yaşayış evində xx.xx.2023-cü il tarixədək maneəsiz yaşaması qeyd edilsə də, iddiaçı bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmədi. Əksinə iş materiallarında olan Azəriqaz və Azərişıq abonent saldolarından görünür ki, nə qaz, nə də işıq sərfiyyatına görə son illər ödəniş edilməmişdir. Bu da həmin fərdi yaşayış evində yaşayış olmamasını bir daha təsdiq edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması və cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 100 manat məhkəmə xərci İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması və cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi tələbi barədə iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-106/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-106/2024
15.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver