Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1082/2025 25.12.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh5 Hacəli oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Hacəli oğluna oğluna qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Hacəli oğluna oğluna qarşı iddia qaldıraraq Cavabdeh1 ona vurduğu maddi zərərə görə 3000 manat məblığində pulun, Cavabdeh2 ona vurduğu maddi zərərə görə 4500 manat məbləğində pulun, Cavabdeh3 ona vurduğu maddi zərərə görə 2000 manat məbləğində pulun, Cavabdeh4 ona vurduğu maddi zərərə görə 2500 manat məbləğində pulun, Cavabdeh5 Hacəli oğlundan ona vurduğu maddi zərərə görə 4000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il qeydiyyat tarixli, **********75-12301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şabran rayonu, Maytablı kəndi ərazisində xüsusi mülkiyyətində əmlak kompleksi kimi müəssisə və istifadəsində 703,6561 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi vardır. Cavabdehlər Cavabdeh1 4 ildir ki, istifadəsində olan 703,6561 ha torpaq sahəsinin 15 ha hissəsindən, Cavabdeh2 9 ildir ki, istifadəsində olan 703,6561 ha torpaq sahəsinin 10 ha hissəsindən, Cavabdeh3 4 ildir ki, istifadəsində olan 703,6561 ha torpaq sahəsinin 10 ha hissəsindən, Cavabdeh4 5 ildir ki, istifadəsində olan 703,6561 ha torpaq sahəsinin 10 ha hissəsindən, Cavabdeh5 Hacəli oğlu 4 ildir ki, istifadəsində olan 703,6561 ha torpaq sahəsinin 20 ha hissəsindən icazəsiz, özbaşına şəkildə istifadə edirlər, ot əkib biçirlər. O, cavabdehlərdən etdiyi hüquqa zidd əməllərə son qoymalarını dəfələrlə tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də o, cavabdehlərdən əkdikləri ot üçün hər hektara görə 50 manat pul tələb etmişdir. Onlar onun sənədlərinin qeyri-qanuni olduğunu bildirir və tələbindən imtina edirlər. Məlumat üçün qeyd edir ki, sənədləri tam qanuni şəkildədir, istifadəsində olan torpaq sahəsinə görə hər il dövlətə vergi ödəyir. Göründüyü kimi cavabdehlər öz qanunsuz əməlləri ilə ona neçə illərdir ki, maddi zərər vurur. Cavabdeh1 ona vurduğu maddi zərərin məbləği 3000 manat (15 ha x 50 manat x 4 il), Cavabdeh2 ona vurduğu maddi zərərin məbləği 4500 manat (10 ha x 50 manat x 9 il), Cavabdeh3 ona vurduğu maddi zərərin məbləği 2000 manat (10 ha x 50 manat x 4 il), Cavabdeh4 ona vurduğu maddi zərərin məbləği 2500 manat (10 ha x 50 manat x 5 il), Cavabdeh5 Hacəli oğlunun ona vurduğu maddi zərərin məbləği 4000 manat (20 ha x 50 manat x 4 il) təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 Hacəli oğlu iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında dindirilən Cavabdeh2 3 ha torpaq sahəsindən, Cavabdeh1 8 ha torpaq sahəsindən, Cavabdeh5 Hacəli oğlu 16 ha torpaq sahəsindən istifadə etdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında dindirilən Cavabdeh3 5,5 ha torpaq sahəsindən, Cavabdeh4 3 ha torpaq sahəsindən istifadə etdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında dindirilən Şahid 2 il iddiaçının icarə haqlarının ödənilməsinə nəzarət etdiyini, Cavabdeh5 ona bir ilin ödənişini etdiyini, iddiaçıya Cavabdeh5 ödədiyi icarə haqlarını təqdim etmədiyini və ümumi illik ödənişin 950 manat olduğunu bildirmişdir. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********75-12301, qeydiyyat nömrəsi 281609475, qeydiyyat tarixi xx.xx.2016-cı il olan çıxarışdan və texniki pasportdan görünür ki, İddiaçı istifadəsinə Şabran rayonu, Maytablı kəndi ərazisindən 703,6561 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "X2" PHŞ tərəfindən verilmiş 26 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, Şabran rayonunda 65 hektar torpaq sahəsində otun əkin ilindən (yaşından), suvarma sayından, mövsümün iqlim şəraitindən və aqrotexniki xidmət səviyyəsindən asılı olaraq il ərzində nə qədər biçilə bilməsi və sahədən məhsulun hər biçinə görə yığımının nə qədər dəyişə bilməsi barədə məlumatların təqdim edilməsi ilə bağlı ünvanlanan müraciətə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X3" X5 aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq, Kənd Təsərrüfatı Nazirliyinin X4 İnstitutunun və X6 İnkişaf Mərkəzinin mütəxəssislərindən əldə etdikləri məlumatlara əsasən yonca bitkisi əkin ilindən (yaşından), suvarma sayından, mövsümün iqlim şərtlərindən və aqrotexniki xidmət səviyyəsindən asılı olaraq il ərzində may ayından oktyabr ayınadək 4-5 dəfə biçilə bilir. Həmçinin sahə mütəxəssislərindən aldıqları məlumata görə yonca sahəsindən məhsul yığımı 1-ci biçində 280-320 pres/ha, 2-ci biçində 220-280 pres/ha, 3-cü biçində 200-250 pres/ha, 4-cü biçində 100-150 pres/ha-ya qədər dəyişə bilir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən 2024-cü ildə Şabran rayonunda çoxillik otun məhsuldarlığı 44,4 sent/ha olmuşdur. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə 150 manat ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Sübutların əsas xüsusiyyətlərindən biri onların mötəbərliyi olmaqla, həmin Məcəllənin 389-cu maddəsinə əsasən qeyri-mötəbər sübutlara istinad edilməsi məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut olunmaması kimi qiymətləndirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia ərizəsində ona zərər vurulmasını iddia etsə də, məhkəmə iclasında tərəflərin arasında faktiki olaraq icarə münasibətlərinin mövcud olması müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflərin arasında olan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərlə bağlı müddəaları deyil, torpağın icarəsinə dair müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 22.3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən müdafiə və təhlükəsizlik ehtiyacları üçün verilmiş torpaqların istifadə edilməyən və kənd təsərrüfatına yararlı sahələri bu maddənin 1-ci bəndində göstərilən istifadəçinin razılığına əsasən, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə kənd təsərrüfatı istehsalı üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 329, 675 və 700-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı müraciətinə dair” xx.xx.2025-ci il tarixli Qərardadına əsasən icarə müqaviləsi də əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Qeyd edilməlidir ki, Mülki Məcəllənin müqavilələrin forması ilə bağlı tənzimetmə qaydalarını müəyyən edən 406-cı maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Qərardada əsasən Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 3 mart tarixli Qərarında da göstərilmişdir ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi isə həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Konstitusiya Məhkəməsi Plenumunun Qərardadına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsində müqavilə üçün müəyyən formanın təyin edilməməsi şərtilə, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər. Bu Məcəllədə icarə müqaviləsi üçün müəyyən forma nəzərdə tutulmadığından, Məcəllədə nəzərdə tutulan prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva etdiyindən və sözügedən əqd dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaratmadığından, hazırki iş üzrə iddiaçı və cavabdehlər bir qayda olaraq icarə müqaviləsini arzu etdikləri istənilən formada bağlaya bilərlər. İş materiallarına əsasən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********75-12301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şabran rayonu, Maytablı kəndi ərazisində İddiaçı xüsusi mülkiyyətində əmlak kompleksi kimi müəssisə və istifadəsində 703,6561 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi vardır. Göründüyü kimi İddiaçı sözügedən torpaq sahəsini cavabdehlərə icarəyə vermiş və cavabdehlər Cavabdeh1 iddiaçının istifadəsində olan 703,6561 ha torpaq sahəsinin 8 ha hissəsindən, Cavabdeh2 3 ha hissəsindən, Cavabdeh3 5,5 ha hissəsindən, Cavabdeh4 3 ha hissəsindən, Cavabdeh5 Hacəli oğlu 16 ha hissəsindən istifadə etdiklərini və hər hektar üçün illik 50 manat ödənişin nəzərdə tutulduğunu etiraf etdiklərindən və bu, məhkəmə tərəfindən təsdiq edildiyindən, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarmalıdır. Bundan əlavə məhkəmə iclasında şahid Əkbərov X1 Pərvin Hacəli oğlu tərəfindən 950 manat ödəniş olunduğunu bildirsə də, iş materiallarında olan qəbzlərə əsasən 650 manat ödənişin edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 1600 manat məbləğində pul, Cavabdeh2 1350 manat məbləğində pul, Cavabdeh3 1100 manat məbləğində pul, Cavabdeh4 750 manat məbləğində pul, Cavabdeh5 Hacəli oğlundan 2550 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 1600 (min altı yüz) manat məbləğində pul, Cavabdeh2 1350 (min üç yüz əlli) manat məbləğində pul, Cavabdeh3 1100 (min yüz) manat məbləğində pul, Cavabdeh4 750 (yeddi yüz əlli) manat məbləğində pul, Cavabdeh5 Hacəli oğlundan 2550 (iki min beş yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-1082/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1082/2025
25.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver