Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-169/2024 18.04.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2000 manat pulun və ödənilmiş 40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, işləyir, heyvandarlıqla məşğul olur. Şəxsi təsərrüfatında 6 baş iribuynuzlu heyvanı vardır. Heyvanları növbə ilə Taxtakörpü adlanan ərazidə növbə ilə o, Adil və Nahid otarırlar, gecələr isə həmin ərazidə Adilin fermasında qalır. 20 noyabr 2023-cü il tarixdə səhər heyvanları Adilin növbəsinə qoşmuşlar, axşam isə bir baş iribuynuzlu heyvanı, yəni bir baş inəyi qayıtmamış, Adildən soruşanda bildirmişdir ki, ərazidə olar. Nahidlə birlikdə heyvanı axtarmışlar, lakin tapa bilməmişlər. Cavabdeh itmiş heyvanının dəyərini ödənilməsini tələb etsə də, o, dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Həmin heyvanı iki ay əvvəl Siyəzən şəhərindən Aqil adlı şəxsdən iki min manata almışdır. Bu barədə polisə də mürciət etmişdir, lakin bildirmişlər ki, mülki xarakterli olduğundan məhkəməyə müraciət etməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də hesab edir ki, Cavabdeh 2000 manat pul və ödənilmiş 40 manat dövlət rüsumu tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, hər iki tərəfi tanıyır, onlarla ədavəti və düşmənçiliyi yoxdur. Malları Adilə təhvil verərkən Elmarın da heyvanı orada olmuşdur. Elmar heyvanının növbədən gəlmədiyini görəndə həmin gün Adilə heç nə deməmişdir. O, Adilin tövləsini icazəsiz açıb malları oradan çıxartmışdır, malları tövlədən çıxararkən Elmarın heyvanı orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, hər iki tərəf onun qonşusudur. O, inəyi maşın vuranda görmüşdür. Hadisə onların evinin yaxınlığında olmuşdur. Elmarla münasibətləri soyuq olsa da, onunla ədavəti və düşmənçiliyi yoxdur. Həmin vaxt hadisə yerində polis maşınları da olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, Elmar onun qonşusu, Adil isə qardaşıdır. Elmar onun yanına gəlib bildirmişdir ki, inəyini maşın vurub, həmin gün növbədə Adil olmayıb, Nahid olmuşdur. İş materiallarında olan Şabran RPŞ-nin TQ-nun təhqiqatçısı, polis kapitanı X1 xx.xx.2023-cü il tarixli "cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında" qərardan görünür ki, İddiaçı ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh qarşı pul tələbi ilə çıxış edən, sübut etmə yükünü daşıyan İddiaçı məhkəmə iclasında öz hüququnun bərpası, güvənli nəticəyə gəlinməsi barədə hər hansı bir mötəbər sübutu və ya sənədi təqdim edə bilmədi. Məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı istisna edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Sübutların əsas xüsusiyyətlərindən biri onların mötəbərliyi olmaqla, həmin Məcəllənin 389-cu maddəsinə əsasən qeyri-mötəbər sübutlara istinad edilməsi məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut olunmaması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, iddiaçı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 50 manat məhkəmə xərci İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-169/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-169/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver