Məhkəmə qərarları › İş №2(031)-203/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-203/2024

30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-203/2024 30.04.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-520/2022 saylı qətnaməsi ilə Cavabdeh yetkinlik yaşına çatana kimi xx.xx.2012-cu il təvəllüdlü X2 və xx.xx.2016-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hər ay bir uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran rayon Məhkəməsinin 2(031)- 520/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşaq üçün ayda 125 manat məbləğində aliment pulunun Cavabdeh alınaraq ona verilməsi müəyyən edilmişdir. Hal-hazırda övladlarının 7- 11 yaşı var. Müəyyən edilmiş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq böyüdückə məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmişdir. Onu da qeyd edir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o, çəkir. Uşağın atası alimenti vaxtı-vaxtında ödəmir onun uşağı tək saxlamağı çətin olur. Böyüdükcə uşaqda ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim- tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Uşaq xəstədir. Daimi müalicədədir, iynə dərmanlarını çatdıra bilmir. Ona görə də alimentin artırılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, Şabran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-520/2022 saylı qətnaməsinə əsasən hər uşağın saxlanılması üçün 125 manat aliment müəyyən edilmişdir. İki uşağın saxlanılması üçün cəmi 350 manat məbləğində aliment ödəməyi öhdəsinə götürür. İddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 829108 saylı və AZ-İİ seriyalı 905523 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə Hüseynbala və xx.xx.2016-cı ildə Ruqəyya adlı uşaqları olmuşdur. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(031)- 520/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 ilə Cavabdeh arasında 17 iyul 2012-ci il tarixdə Şabran rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 150 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra 31 iyul 2012-ci il təvəllüdlü X5 və 16 oktyabr 2016-cı il təvəllüdlü X8 iddiaçı X4 yanında qalması, Cavabdeh 18 aprel 2022-ci il tarixdən başlayaraq 31 iyul 2012-ci il təvəllüdlü X2 və 16 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər ay hər uşaq üçün 125 manat olmaqla, ümumilikdə 250 manat məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 388678 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Cavabdeh arasında bağlanmış rəsmi nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. İş materiallarında olan Bank Respublika ASC-nin xx.xx.2024-cü il tarixli 00/129 nömrəli məktubundan və ona əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh VÖEN **********2 bağlı hesabları var və həmin hesablar üzrə pul vəsaitlərinin hərəkəti mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşağları iddiaçının himayəsindədir və uşağların saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı hər uşaq üçün ayda 125 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Republikası Qanuna əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, 31 iyul 2012-ci il təvəllüdlü X2 və 16 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində hər uşaq üçün 125 manat miqdarında alimentin tutulmasına dair Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağların saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağların saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, iddia tələbi və 2024-cü il üçün uşaqların saxlanmasına görə qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağların normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər uşaq üçün ayda sabit pul məbləğində 200 manat miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməli və Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(031)- 520/2022 nömrəli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 31 iyul 2012-ci il təvəllüdlü X2 və 16 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər uşaq üçün tutulan 125 manat miqdarda alimentin məbləği artırılmalı, 31 iyul 2012-ci il təvəllüdlü X2 və 16 oktyabr 2016cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər uşaq üçün ayda sabit pul məbləğində 200 manat miqdarda aliment tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(031)-520/2022 nömrəli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 31 iyul 2012-ci il təvəllüdlü X2 və 16 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər uşaq üçün tutulan 125 manat miqdarda alimentin məbləği artırılsın. 31 iyul 2012-ci il təvəllüdlü X2 və 16 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər uşaq üçün ayda sabit pul məbləğində 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat miqdarda aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar