Məhkəmə qərarları › İş №2(031)-208/2025

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-208/2025

15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-208/2025 15.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-3-cü bəndindən görünür ki, Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi barədə iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, yəni iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar