Məhkəmə qərarları › İş №2(031)-236/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-236/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-236/2021 06.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: X4 CAVABDEH: X3 qarşı TƏRCÜMƏÇİ: X17 Pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : X9 məhkəmədə iddia qaldıraraq cavabdeh X2 1500 (bir min beş yüz) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsmunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X9 məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, cavabdeh X6 2018ci ilin yanvar ayının 28-də ondan 1500 manat pul borc almışdır. O, da ona həmin pulu vermişdir. Həmin vaxtdan bu günə kimi cavabdeh onu aldadaraq pulu ona qaytarmamışdır. Hər dəfə o, ondan pulu istəyəndə bir bəhanə tapır. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir, cavabdeh X2 1500 (bir min beş yüz) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsmunun alınıb ona verilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, X9 onun xalasıdır. X13 26 dekabr 2017-ci il tarixdə saat 11-20 radələrində ona demişdir ki, xalan Sudabə ilə get, sənə əmanət verəcək al gətir ver, mənə. O, da xalası Sudabə ilə onlara getmişdir. Sudabə maşından düşüb evə girmiş, beş dəqiqə sonra evdən çıxmış, qonşuya getmişdir. Xalası qonşudan on dəqiqə sonra qayıdıb gəlmiş, 1000 (bir min) manat məbləğində pulu ona vermişdi ki, bunu çatdır bacıma. O, taksi sürücüsü Şeydayev Əlikramla evə qayıtmış, 1000 manat pulu anasına vermişdir. Taksi sürücüsü Əlikram pulu anasına verdiyini görməmişdir, həmin pulu anasına verdiyini həyat yoldaşı Anastasiya görmüşdür. Anası Məhbubənin həmin pulu hara istifadə etdiyini bilmir. Bacısı ilə anasının ölümü arasında iki həftə vaxt olmuşdur. Bacısı –X10 25 dekabr 2017-ci ildə ölmüşdür. Anası Məhbubə 2018-ci ilin yanvar ayının 04-də onu yanına çağıraraq demişdir ki, «vəziyyətim pisdir, ölsəm bacımdan götürdüyüm pulun əvəzinə yuxarıdakı televizoru ona aparıb verərsən». X1 09 yanvar 2018-ci ildə vəfat etmişdir. Anasının 40-ı çıxandan sonra həmin sürücü ilə televizoru maşina qoyub xalasıgilin evinin ağzına qoyub çıxıb getmişdir. Həmin vaxtdan sonra xalası Sudabəni görməmişdir. O, məhkəmədə ona qarşı qaldırılan iddianı əsassız hesab edir, xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə tərəfləri və şahidləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tərcüməçinin iştirakı ilə şahid qismində dindirilən X5 bildirdi ki, X6 ilə 10 ildir ki, ailə qurmuşlar. 2015-ci ildən ailəsi ilə birlikdə Şabran şəhərində yaşayır. X9 onun qaynanasının bacısıdır. Qaynanası öləndən sonra onu heç görməmişdir. Sudabə ancaq qaynanasının yas mərasimndə iştirak etmişdir. Qaynanası Əfqana demişdir ki, get Südabəgilə, o sənə pul verəcək gətir, pulun qədərini eşitməmişdir. Sonra Əfqan taksi ilə Sudabəgilə getmiş, Əfqan qayıdıb gəlmiş və pulu sayaraq qaynanası Məhbubəyə vermişdir. Qaynanası Məhbubə də pulu yastığının altına qoymuşdur. Əfqanın bacısı Yeganənin yas mərasimləri onlarda olub, çoxlu adamlar gəlib gedirdi. Həmin vaxtdan təxminən 2 həftə sonra qaynanası rəhmətə getmişdir. Pulun hara və kimə xərcləndiyi barədə onun heç bir məlumatı yoxdur. Bir müddət sonra Əfqan pulun əvəzinə xalasına bir ədəd televizor vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, X9 onun bacısı, X6 isə bacısı Məhbubənin oğludur. O, Sudabənin Əfqana pul verməsini görməmişdir. Südabənin qonşusu Şamildən borc pul alıb Əfqana verməsini eşitmişdir. Sonradan eşitmişdir ki, Əfqan min mnat pulun yerinə Sudabəyə bir televizor vermişdir. İşə əlavə edilmiş AZ-İİ seriyalı 033454 saylı və AZ-İ seriyalı 896107 saylı ölüm haqqında şəhadətnamələrdən görünür ki, X7 09 yanvar 2018-ci ildə, X20 qızı 25 dekabr 2017-ci ildə ölmüşlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Bundan başqa Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. X3 qarşı pul tələbi ilə çıxış edən, sübut etmə yükünü daşıyan iddiaçı X9 məhkəmə iclasında cavabdehə pul borc verməsini və cavabdehin ondan borc olaraq pul almasını təsdiq edən hər hansı bir mötəbət sübutlar təqdim edə bilmədi. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı X4 cavabdeh X3 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı X4 cavabdeh X3 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar