Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-24/2025 25.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına yetirdiyi xəsarətlə əlaqədar ona vurduğu ziyana görə 3000 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına yetirdiyi xəsarətlə əlaqədar ona vurduğu maddi ziyana görə cəmi 3000 manat məbləğində pulun (sağlamlığını bərpa etmək üçün ödədiyi 2000 manat xərcin və sağlamlığını bərpa etmək üçün bundan sonra çəkməli olduğu 1000 manat xərcin) alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində fəaliyyət göstərən “Qayalı” marketdən ərzaq almaq üçün avtomobil yolunu keçmək istədikdə Cavabdeh idarə etdiyi “Chevrolet Cruz” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu vurmuş, həmin zaman o, yerə yıxılmış və ciddi xəsarət almışdır. Bu zaman Vüsal onu qayalı marketin qarşısında başqa bir maşına mindirərək Şabran şəhər bazarının qabağında fəaliyyət göstərdiyi diş klinikasına aparmışdır. O, klinikada olan zaman Vüsal çöldə telefon vasitəsi ilə həkimlə danışaraq həkimin diş klinikasına gəlməsini istəmiş, lakin həkim onun xəstəxanaya gəlmək lazım olduğunu bildirdikdən sonra Vüsal onu öz maşınına mindirərək Şabran Rayon Mərkəzi Xəstəxanası PHŞ-yə aparmışdır. Rentgen müayinəsi zamanı ayağının diz oynağında 33%, ayaq pəncəsində 30% zədə olduğu aşkar olunmuşdur. Rentgen müayinəsinin çıxarışını isə ekspert işə tikiləcək deyib almışdır. İş üzrə Şabran RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı Müşviq Fərzəliyevin cinayət təqibinin başlanmasının rədd olunması haqqında xx.xx.2022-ci il tarixli qərarından xəbərsiz olmuş, belə ki, həmin qərarın surəti ona təqdim olunmamış, sonradan cinayət təqibinin başlanmasının rədd olunması haqqında xx.xx.2022ci il tarixli qərarının surətini əldə etmişdir. Bundan sonra Şabran Rayon Məhkəməsinə gələrək ərizə yazıb inzibati xəta haqqında iş üzrə xx.xx.2022-ci il tarixli, 3(031)-309/2022 nömrəli qərarın surətini əldə etmişdir. Hadisənin təhqiqatçının qərarında qeyd etdiyi şəkildə baş vermədiyini bildirmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(031)-309/2022 nömrəli qərarında təsdiqini tapmışdır ki, Cavabdeh 29 mart 2022-ci il tarixdə, saat 10:00 radələrində, Şabran şəhəri, X4 küçəsi ərazisində “Chevrolet Cruze" minik markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman yolayrıcını keçmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətməsi nəticəsində zərər çəkmiş şəxs İddiaçı sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Cavabdeh hüquqa zidd hərəkəti nəticəsində sağlamlığına xəsarət yetirilmiş, bunun da nəticəsində ziyan çəkmişdir. Belə ki, xəsarət aldığı gündən hal-hazıradək onun müalicələrinə, iynə-dərmanlarına 2000 manat məbləğində xərci çıxmışdır. Hal-hazırda müalicələrini davam etdirməkdədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şabran RPŞ-nin TQ-nun təhqiqatçısı, polis kapitanı X1 22 aprel 2022-ci il tarixli cinayət təbinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(031)-309/2022 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübutların əsas xüsusiyyətlərindən biri onların mötəbərliyi olmaqla, həmin Məcəllənin 389-cu maddəsinə əsasən qeyri-mötəbər sübutlara istinad edilməsi məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut olunmaması kimi qiymətləndirilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və X2" X5 tərəfindən verilmiş 10 yanvar 2025-ci il tarixli, 585/MEŞ saylı ekspert rəyindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “sağ diz oynağının və sağ ayağın yumşaq toxumalarının əziyi” diaqnozu təyin edilmişdir. Bu xəsarət məhkəmə-tibbi meyarlara əsasən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir və qısa müddət ərzində reqenerasiya prosesinə uyğun olaraq izsiz keçib gedir. İddiaçı qeyd olunan “İşiasla gedən lümbaqo, ikitərəfli qonoartroz, hərəkətin çətinləşməsi (M.54.4, M17.0, M25.6)” diaqnozu patoloji prosesin nəticələridir və xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə səbəbli əlaqələri yoxdur. Bu hal məhkəmə-tibbi meyarlara əsasən sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə bağlı ona ziyan dəydiyini iddia etsə də, hazırki mübahisə üzrə sübutetmə yükünün onun üzərinə düşməsinə baxmayaraq, o, ziyanın ona məhz xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində dəydiyini sübuta yetirə bilməmiş və bununla bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Bundan başqa ekspert rəyinə əsasən İddiaçı təyin edilmiş xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “sağ diz oynağının və sağ ayağın yumşaq toxumalarının əziyi” diaqnozu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edildiyi və qısa müddət ərzində keçib gedəcəyi müəyyən olunmuşdur ki, bu barədə Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(031)-309/2022 nömrəli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. İddiaçı təyin edilmiş digər diaqnoz olan “İşiasla gedən lümbaqo, ikitərəfli qonoartroz, hərəkətin çətinləşməsi (M.54.4, M17.0, M25.6)” diaqnozunun isə, ümumiyyətlə, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə heç bir səbəbli əlaqəsinin olmadığı müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də, İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-24/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-24/2025
25.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver