Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-256/2023 04.05.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı VƏKİL: X3 CAVABDEH: Cavabdeh qarşı Borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh ondan aldıqı 10.000 manat və köçürdüyü 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, tanıdığı və özünə yaxın bildiyi şəxs Cavabdeh tərəfindən ona evlənmək təklif olunmuş və öz aralarında gəldikləri razılığa əsasən xx.xx.2020-ci il tarixdə o valideynlərinə demədən Cavabdehla planlaşdırılmış şəkildə axşam saatlarında onun tanışına məxsus maşına əyləşərək Cavabdeh ata yurdu sayılan Şabran rayonu, Daşlı yataq kəndinə getmişlər. xx.xx.2020-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Cavabdehla onun ata evinə gedərkən, Xaçmaz şəhərində maşına əyləşən zaman onun üzərində olan 10 000 manatı cavabdehə vermişdir. Cavabdeh ondan bir neçə gün əvvəl ona bildirmişdir ki, onun birinci yoldaşından olan uşaqların saxlanılması üçün Şabran rayon məhkəməsinin qətnaməsinə əsasən aliment borcu yaranmış və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru onu axtarışa vermişdir. O, 10 000 manatı verməsə ona inzibati qaydada cəza verilcəkdir. O, cavabdeh ilə razılaşmışdır, həmin 10 000 manatı cavabdehə vermişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh onunla ailə qurmağının məqsədi onun pulunu ələ keçirmək olmuşdur. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir, Cavabdeh ondan aldıqı 10.000 manat və köçürdüyü 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılsın. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, o, 2010-cu ildən məktəb ibtidai sinifdə dərs deyir, həmin vaxtdan pul yığaraq gələcəkdə ailə qurarkən özünə cehiz almaq arzusunda olmuşdur. Qədimə qoşulub qaçarkən yığıb topladığı 10 000 manat pulu özü ilə götürmüşdür. Pullar onun sumkasında olmuşdur, bütün sənədləri ilə birlikdə. O, Qədimin əmisigilə qaçırılmışdır. Bir neçə gündən sonra zakısa getmişlər, həmin vaxt sumkasını həmin vaxt ona vermişlər. O, sumkasında pulların olmadığını bilmişdir. Lakin, o, Qədimlə ailə həyatı qurduğundan bu barədə söhbət açmağa utanmışdır. O, iddia tələbinin tam təmin edilməsini xahiş etdi. İddiaçı vəkili X3 məhkəmə iclasında iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə İddiaçı valideynlərinin məlumatı olmadan, onunla ailə qurmaq məqsədi ilə evdən qaçmışdır. İddiaçının dedikləri tam yalandır. İddiaçı onunla gedərkən üzərində 10 000 manat pul olmamışdır. Onun üzərində sumkası və sənədləri olmuşdur. İki gün sonra Səidənin anası gəlmiş, onlara demişdir ki, qızı oxutdurmuşlar, maaşını onlar almalıdırlar. O, da belə olan halda Səidənin işdən çıxıb evdə oturmasını bildirmişdir. Sonra Səidənin anası qızının aldığı 1040 manat məzuniyyət pulunun onlara çatacağını demişdir. O, da həmin pulu maşınla aparıb Səidənin xalasına vermişdir. Həmin vaxt Səidə anası ilə danışmırdı. Sonra ondan polisə, prokurorluğa şikayətlər etməyə başlamışlar. Bir müddət sonra nikahlarını rəsmiləşdirmişlər. 7 ay bir yerdə yaşadıqdan sonra ailə münasibətləri pozulmuş, rəsmi olaraq ayrılmışlar. Birgə yaşadıqları müddətdə hər ikisi əldə etdikləri gəliri bir yerdə ev üçün xərcləmişlər. İddiaçının heç bir cehiz əmlakı olmamışdır. Evdə apardığı təmir işlərini də qardaşının adına 5 min manat kredit götürərək etmişdir. Səidə düz deyir, Səidənin sənədləri sumkası maşında arxa oturacağın üstündə olub, maşının açarı isə həmişə onda olub, ancaq, atası da, qardaşı da sürə bilərdilər. Sumkanın içinə baxmamışdır. 10 000 manat puldan onun məlumatı yoxdur. İddiaçı öz razılığı ilə evdən çıxıb getmişdir. O, iddianı əsassız hesab edir, xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə tərəfləri və şahidləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X12 bildirdi ki, Cavabdeh onun qızı Səidəni qaçırmışdır. Qədimi ondan sonra tanımışdır. Qızı Səidə 2020-ci ilin iyulun 3-də qaçmışdır. Həmin gün Səidənin işdən gəlməsini gözləmişlər, lakin o, işdən evə gəlməmişdir. Sonra müəllimələrdən öyrənmişdir ki, qızı qaçıb. Qızı Səidə 2010-cu ildən cehiz əmlakı almaq üçün işləyib pulunu özü yığmışdır. Qaçıb gedərkən yığdığı pullarını da özü ilə aparmışdır. 2020-ci ilin iyulun 9-da Qədimgilə getmişlər, onların evində olanda Qədimin anası demişdir ki, Qədim sənədləri gizlətmişdir. Onlar da xəcalət çəkirdilər ki, Qədimin pulu götürməsi barədə söhbət açsınlar. Ona görə də sənədlərin barəsində söhbət aparmamışdılar. Onların ailələri bilirdilər ki, onlar qız üçün cehiz almırlar, pul yığırlar. Elə qızına cehiz verməməsinin səbəbi də bu olmuşdur ki, Səidə illər boyu işləyib yığdığı pulu özü ilə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirdi ki, o, hər iki tərəfi tanıyır. İddiaçının iddia ərizəsini o özü yazmışdır. Bundan əvvəlki məhkəmə iclasları olarkən məhkəmənin qarşısında cavabdeh tərəfin qohumu ona yaxınlaşaraq demişdir ki, gəlin 10000 manatın başını 2600 manatla bağlayaq qurtarsın. O, da iddiaçı tərəfə bu təklifi bildirmişdir. Lakin, iddiaçının valideynləri razılaşmamışlar, cavabdehdən 10 000 manat pulun qaytarılmasını tələb etmişlər. Qədimin anası da iddiaçının anası ilə telefon danışarkən, oğluna demişdir ki, ver pulu qurtar bu işi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, Qədim onun bacısı oğludur. Onunla münasibətləri həmişə yaxşı olmuşdur. Səidə ilə nə vaxt ailə qurmasını bilmir. Səidənin cehiz əmlakı gətirib –gətirməməsi barədə heç bir məlumatı yoxdur. Lakin, Səidə onun yanında öz xalasına pul vermişdir. Həmin vaxt pulun nə pulu və nə qədər olduğunu bilmir. Sonradan ona məlum olmuşdur ki, pul 1140 manat olmuşdur. İşə əlavə edilmiş xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 “cinayət işi başlanmasının rədd edilməsi barədə” 29 iyun 2021-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Mayıl qızının Xaçmaz rayon prokurorluğuna etdiyi müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İşə əlavə edilmiş Şabran rayon İcra və Probasiya Şöbəsinin 25 aprel 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 2(067)-481/2018 saylı, 13 fevral 2018-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 75 manat, cəmi 150 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X1 verilməsinə dair icra sənədi üzrə ödənilməmiş 2810 manat aliment borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhtəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Səidənin illərlə işləyib özünə cehiz əmlakı almaq üçün pul yığması, Qədimə qoşulub qaçarkən yığıb topladığı 10 000 manat pulu özü ilə götürməsi, pulların sumkada, sumkanın da qaçırıldığı maşında, həmin maşının açarının da Qədim də olması, Səidənin pul yığmasının anası tərəfindən təsdiqlənməsi, şahid Natiqin Qədimin qohumları ilə həmin pulun qaytarılması ilə mübahisə aparmaları və işin müəyyən edilən digər halları belə nəticəyə gəlməyə əsas verir ki, həqiqətən də, iddiaçının 10 000 manat pulu cavabdehdə qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10.000 (on min) manat pul və 100 (bir yüz) manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 10.000 (on min) manat pul və 100 (bir yüz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-256/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-256/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver