Məhkəmə qərarları › İş №2(031)-270/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-270/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-270/2024 28.03.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə; İddiaçı "X1" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "kredit borcu" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ : "Unibank” Kommersiya Bankı ASC məhkəmədə iddia qaldıraraq Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 10587,10 manat əsas məbləğ üzrə, 1276,56 manat faiz üzrə, 103,49 manat cərimə, cəmi 11967.15 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 126,31 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "Unibank” Kommersiya Bankı ASC-nin nümayəndəsi Elxan Cilovxanov ərizə ilə məhkəməyə müraciət edərək onların iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı "Unibank” KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 165nkADJ/23 saylı Kredit Müqaviləsinin 1.1-ci maddəsinə əsasən iddiaçı xx.xx.2028-ci il tarixinədək illik 18% ödəmək şərtilə 10814 manat məbləğində krediti cavabdeh mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bu səbəbdən də, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 10587,10 manat əsas məbləğ üzrə, 1276,56 manat faiz üzrə, 103,49 manat cərimə, cəmi 11967.15 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 126,31 manat məbləğində vəsait tutulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş "Unibank” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 165nkADJ/23 saylı Kredit Müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2028-ci il tarixinədək illik 18% ödəmək şərtilə 10814 manat məbləğində kredit vermiş, həmçinin ona bank hesabları açmışdır. İşə əlavə edilmiş 27 oktyabr 2023-cü il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh banka olan borcunun ödənilməsi barədə "xxxx" KB ASC tərəfindən xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş 24 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 165nkADJ/23 saylı kredit müqaviləsi üzrə borcu aşağıdakı kimidir: 10587.10 manat əsas məbləğ üzrə, 1276,56 manat faiz üzrə, 103,49 manat cərimə, cəmi 11967,15 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmununu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsində qeyd olunur ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmış, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 10587,10 (on min beş yüz səksən yeddi manat on qəpik) manat əsas məbləğ üzrə, 1276,56 (bir min iki yüz yetmiş altı manat əlli altı qəpik) manat faiz üzrə, 103,49 (yüz üç manat qırx doqquz qəpik) manat cərimə üzrə olmaqla, ümumilikdə 11967,15 (on bir min doqquz yüz altımış yeddi manat on beş qəpik) manat məbləğində borc və dövlət tuşumu olaraq ödənilmiş 126,31 (yüz iyirmi altı manat otuz bir qəpik) manat məbləğində pul iddiaçı "X1" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 10587,10 (on min beş yüz səksən yeddi manat on qəpik) manat əsas məbləğ üzrə, 1276,56 (bir min iki yüz yetmiş altı manat əlli altı qəpik) manat faiz üzrə, 103,49 (yüz üç manat qırx doqquz qəpik) manat cərimə üzrə olmaqla, ümumilikdə 11967,15 (on bir min doqquz yüz altımış yeddi manat on beş qəpik) manat məbləğində borc və dövlət tuşumu olaraq ödənilmiş 126,31 (yüz iyirmi altı manat otuz bir qəpik) manat məbləğində pul iddiaçı "X1" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar