Məhkəmə qərarları › İş №2(031)-307/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-307/2024

27.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-307/2024 27.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "sabit məbləğində aliment pulunun artırılması” tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "sabit məbləğində aliment pulunun artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmamış xx.xx.2011-ci il təvəllüdlü X1 üçün alimentin məbləği artırılaraq hər ay 235 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi migaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nigahdan xx.xx.2011-ci il təvəllüdlü Zəhra adlı övladı dünyaya gəlmişdir. Xasiyyətləri düz gəlmədiyi üçün Cavabdeh 2012-ci il tarixdə rəsmi olaraq boşanmışlar və uşaq onun himayəsində saxlanılmışdır. Maddi vəziyyəti çətin olduğu üçün uşağın saxlanılması ilə bağlı Şabran rayon məhkəməsinə sabit pul məbləğində aliment tələbi ilə bağlı müraciət etmişdir və Şabran rayon məhkəməsinin 2(031)-574/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ayda 87 manat sabit pul məbləğində aliment və əlavə olaraq uşağın 3 yaşı tamam olanadək hər ay 50 manat məbləğində pul tutularaq onun xeyrinə qət edilmişdir. Sonradan onun razılığına əsasən Şabran rayon məhkəməsinin 2(031)-1762/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarına əsasən Şabran rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi dəyişdirilərək aliment miqdarı azaldılaraq Cavabdeh hər ay 50 manat sabir pul məbləğində aliment tutularaq xx.xx.2011 -ci il təvəllüdlü Zəhranın yetkinlik yaşma çatana kimi saxlanılması üçün onun xeyrinə qət edilmişdir. Hazırda qızı Zəhranın 11 yaşı var. Şabran rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə bir uşaq üçün 235 manat müəyyən edilmişdir. Onuda qeyd etmək istəyir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır və uşağın bütün qayğısını ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Ona görə də, alimentin artırılması barədə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirmişdir ki, məhkəmə tərəfindən müəyyən edilən aliment uşağın xərclərini ödəməyə yetərli deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 iddia tələbinə etiraz edərək iddianın qismən təmin olunmasını xahiş etdi və izahatında bildirmişdir ki, oğlu Nemət ikinci dəfə ailə həyatı qurmuşdur, həmin nikahdan iki uşağı var, işləmir, heç bir qazanc yeri yoxdur. Uşağın saxlanılması üçün 130 manat məbləğində aliment ödəyə bilər, ondan artıq aliment ödəməyə oğlunun maddi imkanı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 81, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarından görünür ki, Şabran Rayon Məhkəməsinin 20 sentyabr 2016-cı il tarixli 2(031)-1762/2016 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək Şabran Rayon Məhkəməsinin 11 oktyabr 2012-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X7 bir uşağın saxlanması üçün ödənilən alimentin miqdarı azaldılmış, iddiaçı Cavabdeh hər ayda 50 (əlli) manat sabit pul məbləğində aliment tutulub 11 avqust 2011-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X7 verilməsi qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş aliment hazırda uşaqların saxlanılması üçün yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə isə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq, hər ay 130 manat sabit pul məbləğində aliment iddiaçıya ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 20 sentyabr 2016-cı il tarixli 2(031)-1762/2016 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar