Məhkəmə qərarları › İş №2(031)-381/2021

Şabran Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(031)-381/2021

08.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-381/2021 08.06.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı MMC-nin NÜMAYƏNDƏ: X2 CAVABDEH: Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 13884,92 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış 28.09.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınnaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və «X3» haqqında müqavilə imzalanmışdır. 24.11.2017-ci il tarixli 519-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. 18.12.2019-cu il tarixində .z ərizəsi əsasında 564-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 13.12.2018, 24.07.2019 və 06.09.2019-cu il tarixində Oba-Şabran 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 06.09.2019-cu il tarixli «İnventarizasiya Nəticələrinə»dair Akta əsasən 14970.46 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 1082.54 manat güzəşt edilmiş və qalıq borc olan 13884.92 manat təşkil edir. Qalıq borcun ödənilməsi öarədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Xahiş edir, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 13884,92 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasına məlum olmayan səbəbdən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, iddiaçının etirazı olmadığından işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş 28.09.2017-ci il tarixli Əmək Müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28.09.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınnaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və «X3» haqqında müqavilə imzalanmışdır. İşə əlavə edilmiş İddiaçı MMC tərəfindən verilmiş «vəzifə dəyişiklik haqqında» çıxarışdan və 24.11.2017-ci il tarixli X1 görünür ki, Cavabdeh cəmiyyətin satış Əməliyyatları Şöbəsinə 24.11.2017-ci il tarixdən Administrator vəzifəsinə keçirilmiş. Əmək haqqı ştat cədvəlinə əsasən 175 manat olmaqla ödənilsin. İşə əlavə edilmiş İddiaçı MMC tərəfindən verilmiş «işdən azad etmə haqqında» çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsinə 18.12.2019-cu il tarixdən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin ikinci hissəsinin «a» bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İşə əlavə edilmiş İddiaçı MMC-nin Cavabdeh ünvanladığı 23 oktyabr 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-nə olan 13887.92 manat borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş İddiaçı MMC tərəfindən verilmiş 16 noyabr 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 14970.46 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 1082.54 manat Cəmiyyət tərəfindən güzəşt edilməklə 13887.92 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 16. maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 1110. maddəsində qeyd edilir ki, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ona görə də məhkəmə təqdim olunan sübutları və işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh əmlaka (maddi qiymətlilərə) vurulmuş ziyana görə 13884,92 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMCnə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244, 252,253cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh əmlaka (maddi qiymətlilərə) vurulmuş ziyana görə 13884,92 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nə ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Şabran rayon məhkəməsinə ərizə verə bilər. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar