Məhkəmə qərarları › İş №2(031)-43/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-43/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-43/2021 19.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı NÜMAYƏNDƏ VƏ VƏKİL: Vəkil CAVABDEHLƏR: Cavabdeh1 və Cavabdeh2 qarşı 27.500 manat məbləğində pul tələbi və dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27.500 (iyirmi yeddi min beş yüz) manat məbləğində borcun, 2016-cı ilin aprel ayından 2020-ci ilin aprel ayına qədər dövr üçün 7.975 (yeddi min doqquz yüz yetmiş beş) manat bank uçot faizi məbləğinin, 2020-ci ilin aprel ayından cavabdehlərin borc tam şəkildə ödəyəcəkləri tarixə qədər dövr üçün ildə 1993,75 (bir min doqquz yüz doxsan üç manat yetmiş beş qəpik) manat bank uçot faizi məbləğinin və tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun məcburi qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, İddiaçı ailəsi ilə birlikdə Yeni Yasamal yaşayış massivində kirayədə yaşayır. İddiaçı kirayədə qaldığı evin qonşuluğunda, Əsəd Əhmədov küçəsində “xxxx” MTK-nın binaları tikilir. İddiaçı aylıq qazancından ailəsinin tələbatlarını ödədikdən sonra qalan pulu yığırmış ki, bu binalardan kreditlə ev alsın. İddiaçı idman zalında məşqçi işləyir. 2016-cı ilin yanvar ayında işlədiyi idman zalına X4rdaşları gəlmiş və boş vaxtları olanda gəlib zalda məşq etmək istədiklərini bildirmişdilər. Söhbət əsnasında onlar bildirmişdilər ki, Şabrandandırlar, bu ərazidə kirayədə qalırlar, "xxxx” MTK-nin binalarında qapı və pəncərələrin quraşdırılması işini müqavilə əsasında götürüblər və bütün binaların qapı və pəncərələrinin hazırlanıb quraşdırılması onlara tapşırılıb. İddiaçı da bildirmişdir ki, xırdaxırda pul yığır, həmin binlardan mənzil alacaqdır. X4rdaşları bildirmişdilər ki, sən mənzilin ilkin ödənişi üçün pul yığana qədər binalar tikilib qurtaracaq, bütün mənzillər satılacaq. Gəl yığdığın pulu bizə ver, biz seximizə lazım olan avadanlığı alaq, MTK-nin işini görək, MTK üçün görəcəyimiz işin əvəzində MTK-dən 3-otaqlı mənzil alaq, sənə verək, sən qalan məbləği bizə az-az ödəyərsən. Səhəri günü iddiaçı onların iş yerinə getmiş, “xxxx” MTKnin binalarının birinin birinci mərtəbəsində X4rdaşlarının qapı-pəncərə istehsalı sexi quraşdırdıqlarını görmüşdür. X2rdaşlarına inanmış, iki ay qardaşlarla danışıqlar aparmışlar, onlar iddiaçını tam inandırmişdılar ki, onlar düz adamlardır, heç nədən narahat olma, biz sadəcə olaraq sən kirayədə qaldığına görə sənə mənzil almaq üçün köməklik göstərmək istəyirik. Nəhayət, iddiaçı onlara tam inanmış və 2016-cı ilin mart ayında qardaşlara 2.000 (iki min) manat vermiş. X4rdaşları iddiaçıdan şəxsiyyət vəsiqəsinin surətini almış və bildirmişdilər ki, bir neçə aydan sonra onlar iddiaçıya “xxxx” MTK-nin binasında 3-otaqlı mənzili iddiaçıya təhvil verəcəklər, həmçinin mənzilin pulunun tam ödənilməsi barədə iddiaçının adına maliyyə arayışını da verəcəklər. 2016-cı ilin aprel ayında qardaşlar iddiaçıya bildirmişdilər ki, sexdə iş görmək üçün material almalıdırlar, 3.000 (üç min) manat pul lazımdır. İddiaçı da pul olmadığına görə qardaşlara 3.000 (üç min) manatlıq “Bank of Baku”nun özü üçün aldığı “BolKart”ı vermişdir. İddiaçı bir həftədən sonra qardaşlardan mənzili və mənzilin maliyyə arayışını tələb etdikdə onlar bildirmişdilər ki, iddiaçının onlara verdiyi 5.000 manat mənzilin maliyyə arayışını vermək üçün çox azdır. İddiaçı onlara bildirmişdir ki, mənim başqa pulum yoxdur, siz əvvəldən bilirdiniz ki, mənim çox pulum yoxdur. Qardaşlar bildirmişdilər ki, iddiaçı mənzilin pulunun əvəzində özünə məxsus “Subaru Outback” minik markalı, **-UU-*** dövlət qeydiyyat nömrəli avtomobili onlara versin. Onlar qarşılıqlı razılıq əsasında maşının qiymətini 22.000 (iyirmi iki) min manata dəyərləndirmişlər. İddiaçı maşını Zahirə təhvil vermiş və xx.xx.2016-cı ildə Bakı şəhəri 19 saylı X1 adına 7E-8708 reyestr nömrəli baş etibarnamə vermişdir. Bir neçə gündən sonra Zahir maşının müəyyən təmiri üçün üç gün ard-ardınca 250 (iki yüz əlli), 250 (iki yüz əlli) və 550 (beş yüz əlli), cəmi 1.050 (bir min əlli) manat almışdı. Lakin bundan sonra qardaşlar nə sexlərinə işə gəlməmiş, nə də telefon zənglərinə cavab verməmişlər. İddiaçı hər gün qapı və pəncərə istehsalı sexinə gemiş və növbəti dəfə sexəgəldikdə sexin avadanlığının artıq sökülüb aparıldığını görmüşdür. İddiaçı, dərhal “xxxx” MTK-nin rəhbərliyinə müraciət etmişdir. Onlar isə iddiaçıya X4rdaşlarına mənzil verməli olmadıqlarını, onların gördükləri işlərin pullarını qardaşlara ödədiklərini bildirmişdilər. İddiaçı iki ay ərzində dəfələrlə X4rdaşları ilə görüşmüş, xahiş etmişdir ki, ya onun pulumu qaytarsınlar, ya onun onlara verdiyi cəmi 28.050 (iyirmi səkkiz min əlli) manatı mənzil üçün ödəsinlər, qalan pulu özü ödəyəcəkdir. Onlar bu iki ayda problemi qısa müddətdə həll edəcəklərini bildirmişdilər. Artıq iddiaçı aldadıldığını başa düşdüyündən, maşın üçün Zahirə verdiyi etibarnaməni xx.xx.2016-cı ildə ləğv etdirmişdir. Lakin etibarnaməni ləğv etdirdikdən sonra avtomobilin iddiaçıya qaytarılması üçün Dövlət Yol Polisinə müraciət etdikdə, məlum olmuşdur ki, Zahir iddiaçıdan xx.xx.2016-cı ildə avtomobilə baş etibarnamə aldıqdan 3 gün sonra - xx.xx.2016-cı ildə başqa şəxsə satmış və avtomobilin pulunu mənimsəmişdir. Bundan sonra iddiaçı dəfələrlə X4rdaşlarına müraciət etsə də, onlar tezliklə iddiaçının pulunu qaytaracaqlarını vəd etsələr də, bu günə qədər pulunu qaytarmayıblar. Hətta iddiaçı 2018-ci ilin sonunda Masazırda Zəngilan şəhərciyində perila quraşdırılması üçün qardaşlara iş calamışdır ki, onlar pul qazanıb iddiaçının pulunu versinlər. Onlar isə bu işdən aldıqları 2.050 manatdan iddiaçıya cəmi 550 manat vermişdilər. Beləliklə, cavabdehlərin iddiaçıya 27.500 (iyirmi yeddi min beş yüz) manat borcları qalıb ki yuxarıda da qeyd etdiyi kimi, onlara dəfələrlə pulunu qaytarmalarını xahiş etsə də, indiyə qədər borclarından heç nə ödəməyiblər. Bu səbəbdən iddiaçı məcbur olaraq məhkəmədə iddia qaldırmışdır. Borclular uzun müddət 27.500 manat pulu ödəmədiyindən iddiaçıya və ailəsinə ziyan dəymişdir, həmçinin onların borclarını ödəməsini gecikdirmələri onu sübut edir ki, borcun ödənilməsinə qədər müəyyən vaxt keçəcəkdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı axırıncı dəfə bank uç dərəcəsini xx.xx.2020-ci il tarixində illik 7,25 % müəyyən etmişdir. Mərkəzi Bankın uçot dərəcəsi illik 7,25 % olmaqla 27.500 manat məbləğinə ildə 1993.75 manat faiz hesablanmaqla, bu məbləğilə də cavabdehin iddiaçıya borcunu qaytarmalı olduğu. 2016-cı ilin aprel ayından hesablanmaqla, borcun tam şəkildə ödəyəcəyi tarixə qədər dövr üçün cavabdehlərdən tutulmalıdır. İddianı qaldırdığı 2020-ci ilin aprel ayına qədər bu məbləğ 7.975 (1993,75 manatX4 il=7.975 manat) manat təşl edir. Cavabdehlərin hərəkətlərində dələduzluq əlamətləri vardır. Odur ki, onların barəsində cinayət işin başlanması üçün xüsusi qərardad çıxarılaraq göndərilməsini və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27.500 (iyirmi yeddi min beş yüz) manat məbləğində borcun, 2016-cı ilin aprel ayından 2020-ci ilin aprel ayına qədər dövr üçün 7.975 (yeddi min doqquz yüz yetmiş beş) manat bank uçot faizi məbləğinin, 2020-ci ilin aprel ayından cavabdehlərin borcu tam şəkildə ödəyəcəkləri tarixə qədər dövr üçün ildə 1993,75 (bir min doqquz yüz doxsan üç manat yetmiş beş qəpik) manat bank uçot faizi məbləğinin və tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun məcburi qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianın ona qarşı olan hissəsini qəbul etməyərək bildirdi ki, İddiaçı qardaşı tutulandan sonra tanımışdır. Vüqar ona bu barədə bildirəndən sonra o, bu işlə bağlı Altay adlı şəxslə görüşmüşdür. Altay bina tikməklə məşğul olur. O, başa düşmüşdür ki, Zahir Vüqardan pulu alıb Altaya vermişdir. Altaydan soruşduqda bildirmişdir ki, Vüqardan pul almışlar, indi həmin pulu qaytarmaq istəyirlər, lakin pulu xərclədikləri üçün qaytara bilmirlər. Onlar pulun əvəzində ona ev verə bilərlər. Altay demişdir ki, 10 000 manat pul gətirin ümumi borc haqqında maliyyə arayışı verək. Onun dediyi vaxtda ora getmişlər, onlara bildirmişlər ki, Altay axtarışa verilmişdir, ayrı-ayrı şəxslərə pul borcu vardır. Adamlara saxta olaraq maliyyə arayışı verib pullarını alıb mənimsəmişdir. Lakin Altayın şərikini axtarmışlar, onu da tapmamışlar. Qardaşı Zahirə narkotik maddə ilə əlaqədar 8 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir, Zahir 4 ildir ki, həbsdədir. Zahirin Vüqardan aldığı maşın məsələsini də qardaşı tutulandan sonra eşitmişdır. Bu barədə Zahirdən soruşduqda demişdir ki, «bu sənlik deyil, Vüqar bilər, mən bilərəm». O, qardaşı ilə Vüqar arasında bu cür söhbətlərin olmasını danmır, lakin onların danışıqlarında, pul alınıb verilməsində iştirak etməmişdir, hətta 500 manat məbləğində pulu Zahirə görə Vüqara o vermişdir. O, iddianın ona qarşı olan hissəsini əsassız hesab edir, xahiş edir, iddia ona qarşı olan hissədə rədd edilsin. Cavabdeh1 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmət 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir, iddia ərizəsinin surəti 12 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilməklə Cavabdeh1 təqdim edilmiş, Cavabdeh1 iddia ərizəsinə qarşı fikrini bildirməmişdir. Məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Bakı şəhəri 19 saylı Notariat Kontoru tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nə ünvanlanmış xx xxxxxx 2016-cı il tarixli məktubdan görünür ki, mülkiyyətçi İddiaçı Elbrus oğluna məxsus olan 2008-ci il buraxılışlı ** UU *** dövlət nömrə nişanlı «Subaru Outback» minik markalı avtomobilə dair 7E-8708 reyestrlə təsdiq olunmuş sərəncam verilməsi haqqında Cavabdeh1 etibarnamə rəsmiləşdirilmişdir. Həmin etibarnamə mülkiyyətçi İddiaçı Elbrus oğlunun ərizəsi əsasında xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir. İşə əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, X3 Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Az.Res. CM-nin 35.5, 206.3.2, 234.4.1,234.4.2, 234.4.3, 66.3-cümaddələri ilə təqsirli bilinib 08 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Cavabdeh1 xx.xx.2020-ci il tarixli Barışıq sazişinin mahiyyəti izah olunaraq bir nüsxəsi ona təqdim edilib, lakin məhkum imza etməkdən qəti surətdə imtina etmişdir. Aktın doğruluğunu Yasəf Bayramov, Niyaməddin Vəliyev və Elvin Cəfərov öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.10-cu maddəsinə əsasən borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhtəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlana bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2. maddəsinə əsasən borclu öz öhdəliklərini hər bir təqsirli pozuntusu hərəkət və hərəkətsizlik üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Qeyd edilən qanunvericilik normalarını və qərarları rəhbər tutan məhkəmə, iddiaçının təqdim etdiyi sübutların iddianın Cavabdeh2 qarşı hissədə əsasını təşkil edən halları təsdiq etmək üçün yetərli olmaması qənaətinə gəlir və hesab edir ki, iddia Cavabdeh2 qarşı hissədə rədd olunmalıdır. Eyni zamanda məhkəmə tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün hesab edir ki, iddia tələbinin cavabdehlər barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılaraq göndərilməsi, 2016-cı ilin aprel ayından 2020-ci ilin aprel ayına qədər dövr üçün 7.975 (yeddi min doqquz yüz yetmiş beş) manat bank uçot faizi məbləğinin, 2020-ci ilin aprel ayından cavabdehlərin borc tam şəkildə ödəyəcəkləri tarixə qədər dövr üçün ildə 1993,75 (bir min doqquz yüz doxsan üç manat yetmiş beş qəpik) manat bank uçot faizi məbləğinin tutulması hissəsi əsassız olduğundan və heç bir mötəbər sübuta əsaslanmadığından təmin edilməməlidir. Məhkəmə təqdim olunan sübutları və işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 27.500 (iyirmi yeddi min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi cavabdehlər barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılaraq göndərilməsi, 2016-cı ilin aprel ayından 2020-ci ilin aprel ayına qədər dövr üçün 7.975 (yeddi min doqquz yüz yetmiş beş) manat bank uçot faizi məbləğinin, 2020-ci ilin aprel ayından cavabdehlərin borc tam şəkildə ödəyəcəkləri tarixə qədər dövr üçün ildə 1993,75 (bir min doqquz yüz doxsan üç manat yetmiş beş qəpik) manat bank uçot faizi məbləğinin tutulması hissədə və Cavabdeh2 qarşı hissədə rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 27.500 (iyirmi yeddi min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi cavabdehlər barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılaraq göndərilməsi, 2016-cı ilin aprel ayından 2020-ci ilin aprel ayına qədər dövr üçün 7.975 (yeddi min doqquz yüz yetmiş beş) manat bank uçot faizi məbləğinin, 2020-ci ilin aprel ayından cavabdehlərin borc tam şəkildə ödəyəcəkləri tarixə qədər dövr üçün ildə 1993,75 (bir min doqquz yüz doxsan üç manat yetmiş beş qəpik) manat bank uçot faizi məbləğinin tutulması hissədə və Cavabdeh2 qarşı hissədə rədd olunsun. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar