Məhkəmə qərarları › İş №2(031)-475/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-475/2023

19.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-475/2023 19.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş 1200 manat məbləğində ziyan pulu və ödənilmiş 35 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh ona dəymiş 1200 manat məbləğində ziyan pulu və ödənilmiş 35 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü ildə mal növbəsində olub. Cavabdeh özü növbəyə getmədiyi üçün onun əvəzinə pul verib başqasın göndərmişdir. Həmin gün ona məxsus bir baş 80 kq-lıq camış balası növbədən gəlməyib. Bir gün sonra ölmüş halda çaydan tapılıb. Dəfələrlə cavabdehə mübahisənin öz aralarında həlli üçün müraciət etmiş, lakin nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçının ərizədə yazdıqlarının əksəriyyəti yalandır və əsassızdır. Əvvəla xx.xx.2023-cü il tarixdə kəndin mal növbəsi onun olsa da, həmin mal növbəsinə həmkəndlisi X3 20 manat pul verərək mal növbəsinə göndərmiş və həmin günü kəndin mal-qarası Zaur Ağayevin nəzarəti altında olmuşdur. Ona sonradan məlum olmuşdur ki, həmkəndlisi İddiaçı məxsus iri buynuzlu heyvanı (camış balası) növbədən gəlməmiş və səhəri günü həmin iri bynuzlu heyvanın ölüsü kəndin örüş yerində çayda tapılmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə mal növbəsində olmuş Zaur Ağayev ilə birlikdə İddiaçı yaşadığı ünvana getmişlər, lakin həmin zaman İddiaçı evdə olmadığına görə arvadı Gülnar Mürsəliyeva ilə danışaraq heyvanının qiymətini soruşmuşlar, sonuncu mal növbəsində ölmüş heyvanının 1200 manat dəyərində olduğunu və onlara 1200 manat pul verilməsini tələb etmişlər. Lakin o və Zaur Ağayev bununla razılaşmayaraq ölmüş heyvanın 500 manat dəyərində olduğunu, ziyanın yarıdan olduğunu deyərək ona 250 manat pul verə biləcəklərini demişlər. O, onlarla razılaşmamış və o, baytar həkim dəvət edərək həmin ölmüş camış balasına baxış keçirilmiş, camış balasının diri çəkisinin 75 kq olması müəyyən edilmişdir. Bu barədə baytar həkim tərəfindən akt tərtib edilmişdir. Bunu da qeyd etmək istəyir ki, diri çəkisi 75 kq olan camış balasının təmiz əti təxminən 35 kq olar, bu da bazar qiyməti ilə ümumilikdə 385 manat edir. Beləliklə İddiaçı şişirdilmiş formada iddia ərizəsində göstərdiyi 1200 manat maddi ziyan həqiqətə uyğun deyil və ona dəymiş maddi ziyanla bağlı ondan deyil, həmin gün mal növbəsində olmuş həmkəndlisi Zaur Ağayevdən tələb etməli idi. Xahiş edir, İddiaçı ona qarşı 1200 manat məbləğində ziyan pulunun ləğvinə qarşı qətnamə çıxrılsın. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsini müdafiə edərək, iddianı qəbul etməyərək bildirdi ki, həmin vaxt mal növbəsində o olmamışdır, onun yerinə Zaur Ağayev adlı şəxs getmişdir. İddiçı ondan ölmüş malının dəyəri olaraq 1200 manat tələb edir, lakin onun malının qiymət 1200 manat etmir. Onlar baytar həkim dəvət etmişlər, baytar həkim həmin ölmüş camış balasına baxış keçirmiş, camış balasının diri çəkisinin 75 kq olması müəyyən etmişdir. Bu barədə akt da tərtib edilmişdir. Diri çəkisi 75 kq olan camış balasının təmiz əti təxminən 35 kq olar, bu da bazar qiyməti ilə ümumilikdə 385 manat edir. O, iddianı əsassız hesab edir, xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə (əsl cavabdehə) qarşı verilmədiyindən təmin edilməməlidir. İşə əlavə edilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Şabran rayonu Padar kəndində anadan olmuşdur. İşə əlavə edilmiş 06 aprel 2023-cü il tarixli aktdan görünür ki, 05 aprel 2023-cü il tarixdə Ağalıq özəl baytar ərazisinin Padar kənd sakini İddiaçı onlara müraciət edərək bildirdi ki, onun şəxs təsərrüfatında olan 1 baş camış balası, 1.2 yaşında 75-80 kq diri çəkidə olan balaq erkək örüş şəraitində olan su kanalına düşərək ölmüşdür. Həmin heyvan onlar tərəfindən cəsədi üzərində yarma apararaq daxili orqanlarına baxış keçirmişlər, heç bir infeksiyon xəstəlik əlaməti yox idi. Həmin heyvan köks boşluğu orqanlarından ağciyərdə olan rəngin dəyişməsi və şişkinləşmə olmuşdur. Aktın doğruluğunu İ.Güləhmədov, M.Həsənov və M.Mirzəliyev öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Rəhimli İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 02 aprel 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Şabran rayon Padar kəndində yaşayır. X2 kitabına əsasən onun 11 baş iribuynuzlu mal-qarası vardır. İşə əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1992-ci ildə Şabran rayon Padar kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş 05 aprel 2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Padar kənd sakini onlara müraciət edərək bildirdi ki, (Cavabdeh) şəxsi təsərrüfatında olan 1 baş camış balası 1.2 yaşında, diri çəkisi 75 kq olan heyvan örüş şəraitində olan zaman su arxına düşərək ölmüşdür. Həmin ölən heyvana tərəflərindən baxışı keçirtdilər və cəsəd üzərində yarma apardılar. Heyvanda infeksion xəstəlik əlamətləri yox idiö Heyvan derapevtiki xəstəlikdən öldüyünü müəyyən etdilər, köks boşluğu orqanlarında olan dəyişikliyə əsasən. Aktın doğruluğunu İ.Güləhmədov, V.Fərmanov və Cavabdeh öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh növbədə özü yox, Zaur Ağayev pul almaqla Cavabdeh əvəzində növbəyə getmişdir. Z.Ağayev növbədə olarkən İddiaçı məxsus bir baş camış balası çöldə qalaraq ölmüşdür. İddiaçı X3 qarşı iddia qaldırmaq əvəzinə Cavabdeh qarşı iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcələnin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd etmək vacibdir ki, iddia ərizəsini qəbul edən məhkəmə tələb hüququnun iddiaçıya məxsus olduğunu və cavabdehin iddiaya cavab verməli şəxs olduğunu müəyyənləşdirməlidir. Əsl olmayan cavabdehin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olur və buna görə də əsl olmayan cavabdeh əvəz edilmədən verilmiş iddianı həll etmək mümkün deyildir. Əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi həm iddiaçının vəsatəti əsasında, həm məhkəmənin öz təşəbbüsü ilə, o cümlədən əsl olmayan cavabdehin təşəbbüsü ilə ola bilər. Lakin hər bir halda bunun üçün iddiaçının razılığı tələb olunur. Kimin təşəbbüsü ilə baş verməsindən asılı olmayaraq, məhkəmə əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi haqqında qərardad çıxarır. Həmin qərardadın çıxarılması əvvəlki cavabdehin öz prosessual statusunu itirməsi, eyni zamanda yeni şəxsin cavabdeh qismində işə cəlb olunması deməkdir. Ona görə də qərardad çıxarıldıqdan sonra iddia ərizəsinin surəti və digər məhkəmə sənədləri rəsmi qaydada yeni cavabdehə göndərilir. Prosesə cəlb edilən yeni cavabdeh bütün prosessual hüquqlardan istifadə edir və bütün prosessual vəzifələri daşıyır. Əsl olmayan cavabdeh əvəz edildikdən sonra işə əvvəldən, yəni mülki işin məhkəmədə baxılmağa hazırlanması mərhələsindən icraat başlayır. Əsl olmayan cavabdehin əvəz edilməsi birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər mümkündür. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə prosesinin gedişində iddiaçının diqqətinə cavabdehin iddiaya cavab verməli olmadığı şəxs çatdırılmış, lakin o cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə razılıq verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Bundan başqa Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı dəymiş 1200 manat məbləğində ziyan pulu və ödənilmiş 35 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar