Məhkəmə qərarları › İş №2(031)-532/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-532/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-532/2020 24.08.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh borclu qaldığı 560 (beş yüz altımış) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək göstərdi ki, Cavabdeh ilə əvvəllər də tanışlıqları olmuş, Ariz onun əsgər yoldaşının dostu olmuşdur. O, xx xxxx 2020-ci il tarixdə ona məxsus bağ sahəsindən gilas toplayaraq satmaq üçün müştəri gözləyirdi ki, bu vaxt Gəndab kənd sakini Cavabdeh gilas bağına Faiq adlı şəxslə gilas almaq üçün gəlmişlər. Onun Arizlə danışıqları belə olmuşdur ki, gilas yığıb ona verəcəkdir. Onun söhbəti Arizlə olmuşdur, amma Faiq də, onların danışıqlarını eşitmişdir. O, Arizə 35 kq (kq-ı 3.50 m)-120 manat Romanovka sortu, 189 kq (kq-ı 2.40 m)-440 manat kırım sortu gilasını satmışdır. Onlar çayxanada oturduqda Ariz ona hazırda pulunun olmadığını, malı götürüb təhvil verdikdən sonra, saat 10-11 radələrində malın pulunu çatdıracağını bildirmişdir. O, da Arizə gec olarsa, malın pulunu Şabran rayonu Gəndov kəndində yaşayan qardaşına verməsini bildirmişdir. Onlar aralarında razılığa gəldikdən sonra həmin malı çəkərək Arizə vermiş, Arizin ona 560 manat pul verəcəyi olmuşdur. Həmin gunu də səhəri günü yəni, iyun ayının 16-da Arizdən xəbər çıxmamış, pulu gətirib verməmişdir. O, zəng edib pulunu istəyərkən Ariz konkret olaraq kobudcasına ona bir qəpik belə ödəməyəcəyini bildirmişdir. Səbəbi də bu olmuşdur ki, mal xarab çıxmışdır. O, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Xahiş edir, Cavabdeh borclu qaldığı 560 (beş yüz altımış) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, İddiaçı tanıyır. Onunla münasibəti əvvəllər yaxşı olmuşdur. Kamran malın çəkiləri və qiymətləri barədə hamısını düz deyir. O, xx xxxx 2020-ci il tarixdə İddiaçı ilə görüşüb, gedib mala baxmışlar. Aralarında razılığa gəldikdən sonra o, dərhal Kamrana 500 manat malın pulunu vermişdir. Pulu verərkən yanlarında heç kəs olmamışdır. Onun iddiaçıya 60 manat borcu qalmışdır. Gilası onun fəhlələri ağacdan yığmışdır. Mal yığılarkən fəhləsi Ceyhun gilasın vaxtının keçdiyini görüb təxminən saat 15-16 radələrində ona zəng etmiş, malın üstünün yaxşı olduğunu, lakin malın altına baxmaxa Kamranın icazə vermədiyini demişdir. O, mala baxmağa gəlmiş, Kamran demişdir ki, ad gününə gedirəm, tez olun. Malın üstünə baxdıqda yaxşı idi, lakin Kamran malın altına baxmağa qoymamışdır. Malı çəkmişlər, danışdıqları kimi 560 manat dəyərində olmuşdur. O, Kamrana 60 manatı sonra verəcəyini demişdir. Malı apardıqdan sonra onun xarab olduğunu bilmiş, bu səbəbdən də o, telefonda Kamrana malın zay çıxdığını, qaytarmaq istədiyini demişdir. O, Kamranı təhqir etməmişdir. Onun Kamrana 60 manat borcu qalmışdır. Bu səbəbdən də iddianı qismən qəbul edir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirdi ki, hər iki tərəfi tanıyır. O, xx xxxx 2020-ci il tarixdə sürücü kimi Arizlə İddiaçı məxsus bağ sahəsinə getmişdir. Kamranla Arizin pul alıb-verməsini görməmiş, qiymət söhbətində iştirak etməmişdir. Malları boşaldanda altının pis (xarab) çıxdığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Südeyl oğlu bildirdi ki, Kamranı və Arizi tanıyır, hər ikisi ilə normal münasibəti olmuşdur. Kamranla Ariz aralarında razılığa gəlmişlər ki, gilas alqı-satqısı etsinlər. Onun yanında Ariz Kamrana demişdir ki, gilasın pulunu özünə verəcəm, qardaşına yox. Nə qədər pul olduğunu deyə bilmir. Sonradan onların çayxanada olan söhbətlərindən eşitmişdir ki, Ariz deyirdi gilasın pulunu vermişəm, Kamran isə deyirdi ki, pulu verməmisən. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, Gəndab kənd sakini Arizi və Günəşli kənd sakini Kamranı tanıyır, heç biri ilə ədavəti yoxdur. O, çayxanada işləyir. Gilas yığılan gün səhər-səhər Ariz gətirib yeşikləri Kamranın gilas bağına tökmüşdür. Axşama kimi gilası yığıb qurtarmışlar. Ariz gilas yığılandan sonra çayxanada Kamrana demişdir ki, xolodelnikdə pulu var, gələcək, sonra sənin pulunu axşam saat 09- 00 kimi gətirib verəcəm. Kamran da demişdir ki, mən yorğunam, yatmış olsam pulu qardaşıma verərsən. Kamranın qardaşı Arizgilin kəndində Gəndabda yaşayır. Arizin nə qədər gilas aldığını, Kamrana 500 manat pul verməsini eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirdi ki, o, Ariz onu Günəşli kəndində Kamranın bağından gilas yığmağa göndərmişdir. Ariz ona demişdir ki, 500 manat beh vermişəm, yaxşı gilas yığ. O, da Kamranın bağından gilas yığmışdır. Gilası yeşiyə yığanda Kamran ona demişdir ki, gilasları seçməsin. O, da gilasları seçməmişdir. Bu barədə Arizə zəng edib məlumat vermişdir ki, Kamran gilası seçməyə qoymur. Ariz də demişdir ki, deyir, seçmə, sən də seçmə. Bundan sonra malı Kamranın həyətinə gətirmişlər. Sonra Ariz gəlib malı maşına yükləyib aparmışdır. O, Arizlə «malın vaxtı ötüb» söhbəti etməmişdir. Bu barədə Arizə zəng edib deməmişdir. Ariz Kamranın həyətinə gələndə o, da orada olmuşdur. Onun yanında pul söhbəti etməmişlər. Bu barədə eşitməmişdir. İşə əlavə edilmiş Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 032195 saylı Vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşə əlavə edilmiş Şabran rayonu İHB-nın Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 397 saylı arayışdan görünür ki, İddiaçı Şabran rayonu Günəşli kəndində yaşayır və Şabran rayonu Günəşli kəndində qeydiyyatdadır. Məhkəmə iclasında Cavabdeh, İddiaçılə 560 manat dəyərində gilas alması barədə aralarında razılaşma olduğunu etiraf etmişdir, lakin o, iddiçıya əvvəlcədən 500 manat beh verməsini bildirsə də, bunu təsdiq edən sübutu olmadı. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx xxxx 2020-ci il tarixdə özünə məxsus bağdan Cavabdeh gilas satmış, gilasın pulunun sonra ödənilməsi ilə bağlı razılaşma yaranmış, cavabdeh gilasın dəyəri olan 560 manat pulu həmin günün axşamı ödəməyə dair iddiaçı qarşısında öhdəlik götürmüşdür. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin təfsiri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. İşin faktiki hallarını nəzərə alan məhkəmə hesab edir ki, tərəflər arasında şifahi müqavilə bağlansa da, əslində tərəflər arasında nisyə mal alqı-satqısı reallaşdırılmışdır. Ona görə də, müqaviləni təfsir edən məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə mülki qanunvericiliyin əşyaların nisyə satışını tənzimləyən 600-cü maddəsi tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinin tələbinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki-Prosessual Məcəllənin 106.1,106.2-ci maddələrinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki-Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında öhdəliklə bağlı mülki hüquq münasibətləri yaranmış, İddiaçı ilə Cavabdeh arasında cavabdehin iddiaçıdan nisyə aldığı gilasdan borclu qaldığı 560 manat pulu hazırki vaxta kimi ödəməmişdir. Məhkəmə, Cavabdeh iddiaya etirazının əsası kimi qeyd etdiyi malın xarab olduğunu, malın pulundan 500 manat beh şəklində ödəməsində israrlı olması ilə bağlı hallara qiymət verərək hesab edir ki, cavabdehin bu dəlili qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinin tələbinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi iddiaçı vermiş olduğu malın pulunu tələb etdiyi üçün işə həmin tələblə baxılaraq müvafiq qətnamə qəbul edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 11005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində gostərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cu bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə tədqiq olunan sübutları və işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 560 (beş yüz altımış) manat pul alınıb İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 560 (beş yüz altımış) manat pul alınıb İddiaçı verilsin. Cavabdeh əlavə olaraq 30 manat dövlət rüsumu alınsın. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar