Məhkəmə qərarları › İş №2(031)-545/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-545/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-545/2024 26.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh ona vurduğu ziyana görə 6882 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Şabran rayonunda Qarabağlı qəsəbəsinin yaxınlığında icarə hüquqi ilə 84.04 ha kənd təsərrüfatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində taxıl əkib becərir. Cavabdeh Şabran rayonu Qarabağlı qəsəbəsində yaşayır və onun çoxlu sayda iribuynuzlu mal-qarası vardır. Cavabdeh dəfələrlə mal-qarasını onun icarəsidə olan torpaq sahəsində əkdiyi taxıl əkin sahəsinə buraxaraq otarmış, bu barədə ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq nəticəsi olmamışdır. Sonuncu dəfə 03 may 2024-cü il tarixdə yenə mal-qarasını onun icarəsində olan torpaq sahəsində əkdiyi taxıl əkin sahəsinə buraxaraq otarmış, o, bu barədə şikayət etmiş, bələdiyyə sədri, X6 nümayəndəsi, polis şöbəsinin nümayəndəsi gəlib həmin faktı, yəni Cavabdeh məxsus mal-qaranın onun taxıl əkdiyi əkin sahəsində görmüşlər, əkin sahəsinin mal-qara tərəfindən yararsız hala salındığını aşkar etmişlər və bu barədə akt da tərtib edilmişdir. Onun müraciəti əsasında görmüşlər, bu barədə akt da tərtib olunmuşdur. O, Şabran rayon X1 dəymiş ziyanın hesablanması ilə əlaqədar müraciət etmiş, müraciəti əsasında mütəxəssislər yararsız hala düşmüş əkin sahəsinə baxmış, ona 6882 manat məbləğində ziyan dəyməsini müəyyən etmişlər və bu barədə mütəxəssis rəyi verilmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində göstərdikləri yalandır, onun iddiasını qəbul etmir. Qeyd edir ki, 03 may 2024- cü il tarixində Şabran rayonunda Qarabağlı qəsəbəsinin sakini Rəvan Cəfərov saat 11-30da ona zəng edərək bildirdi ki, sənin malların 5 hektar torpaq sahəsindədir, dur gəl bura. O, da dövlətə məxsus qaz 53 markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin əraziyə getmişdir. O, sahəyə çatanda görmüşdür ki, həmin ərazidə 20-yə yaxın adam, yəni, Şabran rayon İcra Hakimiyyətinin nümayəndələri, Şabran rayon İcra Hakimiyyətinin Şabran şəhəri üzrə nümayəndəsi, Şabran bələdiyyəsinin sədri və digər rəsmi şəxslər vardır. Mal-qaranın onun olduğunu onlara bildirmişdir. O, onlara açıq-aşkar bildirmişdir ki, 1200 hektar torpaq sahəsi Şabran rayonu ərazisinə aid olduğu halda Quba rayonu, Buduq kənd sakinləri həmin ərazini zəbt etmişdirlər. Onların mal-qaralarını ora buraxırlar, onlar mallarını atla qəsdən sürüb gətirib bu əraziyə ötürürlər. İkinci yol yoxdur ki, mallar harasa getsin. Sonradan xəbər verirlər ki, Məhəmmədin mal-qarası əkin sahəsindədir. Onun izahına baxmayaraq, həmin vaxt ərazidə olan 3 polis əməkdaşından adını Rəşadət bildiyi şəxs ona camaatın içində əmr edərək dedi ki, polis şöbəsinə getməliyik və onu Şabran rayon Polis Şöbəsinə gətirdilər. Dövlətin maşınını isə həmin ərazidə qoymuşdur və yolda isə avtomobilin açarlarını Güləmli qəsəbəsində İkram adlı şəxsin mağazasına qoymuşdur və uşaqlara demişdir ki, gedin oradan götürün. Həmin gün günorta saat 4-ə qədər onu qeyri-qanuni, ac-susuz polis şöbəsində saxladıqdan sonra onu Şabran rayon məhkəməsinə gətirdilər. Məhkəməyə gətiriləndə başa düşmuşdur ki, onu polisə müqavimət adı ilə məhkəməyə gətiriblər. Şabran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(031)-153/2024 saylı qərarı ilə onu əsassız yerə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək 200 (iki yüz) manat məbləğində cərimə etdilər. Məhkəmədə öz etirazını bildirmişdir ki, o, heç kəsə müqavimət göstərməmişdir. Hal-hazırda isə İddiaçı ona qarşı hazrki iddia tələbi ilə iddia qaldıraraq ondan ziyan tələb edir. Bir daha bildirir ki, həmin 5 hektar torpaq sahəsində arpa olmamışdır. Arpanın olmamasının səbəbi isə bu ilin aprel ayında yağış yağmaması və həmin ərazinin suvarılmamasıdır. 84 hektar torpaq sahəsi əslində Şabran rayon İcra Hakimiyyəti başçısınındır. İddiaçı sadəcə olaraq sənəddə adı vardır. Belə olmasa idi heç kəs 20-yə yaxın dövlət məmurunu ani şəkildə həmin əraziyə yığa bilməzdi. İddiaçı məhkəməyə iddia həcminin artırılması barədə iddia ərizəsinə əlavə verərək, Cavabdeh ona vurduğu ziyana görə 9176 manat məbləğində pulun alınıb ona verilməsi, Cavabdeh malqarasının onun icarəsində olan 84.04 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə buraxmasına qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, əvvəlki məhkəmə iclasında dindirilən Şahid1 bildirdi ki, o, Şabran Rayon bələdiyyəsinin sədridir. Həmin torpaq sahəsi Şabran Rayon bələdiyyəsinin mülkiyyətindədir, Şabran Rayon Bələdiyyəsi həmin 84 ha əkin torpaq sahəsini İddiaçı icarəyə vermişdir. Şabran rayon İcra Nümayəndəliyi tərəfindən mübahisəli əraziyə çağırılmış, ora getdikdə çoxlu sayda malqaranın əkin torpaq sahəsinə girməsini görmüşdür. Heyvanların sahibi Cavabdeh da həmin əraziyə gəlmişdir. Şikayətlə əlaqədar həmin əraziyə 2-3 dəfə getmişdir. Əkin sahəsinin 8 ha hissəsi yararsız hala düşmüşdür. Bu barədə aktlar da tərtib olunmuşdur. Əvvəlki məhkəmə iclasında dindirilən Şahid3 bildirdi ki, həqiqətən də, Cavabdeh mal-qarasının İddiaçı sahəsinə girməsini görmüşdür. Həmin sahədə eşitdiyinə görə arpa əkilmişdir. Çoxlu sayda iri buynuzlu mal-qara girdiyinə görə həmin əkin sahəsi yararsız hala düşmüşdür. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi-**********44, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışdan görünür ki, Şabran Bələdiyyəsinin mülkiyyətində olan Şabran şəhəri ərazisində yerləşən 84.04 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi xx.xx.2019-cu tarixdən xx.xx.2067-ci ilədək İddiaçı icarəsinə verilmişdir. İş materiallarında olan 03 may 2024-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı icarəsində olan 84 ha əkin Torpaq sahəsinə onun müraciəti əsasında baxış keçirilmişdir. Baxış zamanı 84 hektarın 6 hektarında 34 bar iri buynuzlu mal-qaranın onun icarəsində olan əkin torpaq sahəsində müəyyən olunduğu və əkin sahəsini həmin mal-qara tərəfindən tapdalanaraq əzildiyi, yararsız hala düşdüyü tərəflərindən müəyyən olunmuşdur. Aktın doğruluğunu Şahid2, Şahid1, R.Mürsəlov, R.Cavadov və Q.Hüseynov öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan 03 may 2024-cü il tarixli aktdan görünür ki, baxış zamanı İddiaçı icarəsində olan 84.04 ha əkin sahəsinin 6 ha hissəsinə iribuynuzlu heyvanların girməsi, otlaması və oturması, əkin sahəsinin əzilməsi nəticəsində fermerin becərdiyi taxıl sahəsinin tam yararsız hala düşməsi müəyyən olunmuşdur. Aktın doğruluğunu R.Mürsəlov, R.Hacıyev və İddiaçı öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan X8 X2 sektorunun müdiri Ramin Mürsəlovun 03 may 2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı məxsus 84.04 ha əkin sahəsinin (arpa) 6 ha hissəsi tam yararsız hala düşmüşdür. Sözügedən ərazinin muvarılan torpaqla aid olduğunu, aqrotexniki xidmətlərin vaxtıvaxtında aparıldığını və ötən il əldə olunmuş məhsuldarlığı nəzərə alsaq 2023-2024-cü ilin məhsulu üçün təxminən 31 sent məhsul gözlənilir. Əldə olunan məhsulun (arpa) bazar qiymətinin 0,37 man olduğunu nəzərə alsaq: 6 ha x 31 sent x 0,37 man = 6882 man. İddiaçı məxsus əkin sahəsinə ümumilikdə 6882 manat civarında dəymiş zərər müəyyən edilmişdir. İş materiallarında olan Şabran RİHB-nın Qarabağlı Q və MK üzrə nümayəndəsi tərəfindən verilmiş 07 may 2024-cü il tarixli arayışdan görünür ki, Məmmədov X4 rayonundan məcburi köçkün düşərək, Şabran rayonu Qarabağlı qəsəbəsində müvəqqəti qeydiyyatda olmaqla burada yaşayır. İş materiallarında olan X8 X2 sektorunun müdiri Ramin Mürsəlovun 17 may 2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı məxsus 84.04 ha əkin sahəsinin (arpa) 2 ha hissəsi tam yararsız hala düşmüşdür. Sözügedən ərazinin muvarılan torpaqla aid olduğunu, aqrotexniki xidmətlərin vaxtıvaxtında aparıldığını və ötən il əldə olunmuş məhsuldarlığı nəzərə alsaq 2023-2024-cü ilin məhsulu üçün təxminən 31 sent məhsul gözlənilir. Əldə olunan məhsulun (arpa) bazar qiymətinin 0,37 man olduğunu nəzərə alsaq: 2 ha x 31 sent x 0,37 man = 2294 man. Bütün bunlar göstərir ki, İddiaçı məxsus əkin sahəsinə ümumilikdə 2294 manat civarında dəymiş zərər müəyyən edilmişdir. İş materiallarında olan 17 may 2024-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı icarəsində olan torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı 30 bar iri buynuzlu mal-qaranın onun icarəsində olan əkin torpaq sahəsində müəyyən olunduğu və əkin sahəsini həmin mal-qara tərəfindən tapdalanaraq əzildiyi, tam yararsız hala düşdüyü tərəflərindən müəyyən olunmuşdur. Aktın doğruluğunu Şahid1, R.Mürsəlov, Şahid3 və Q.Hüseynov öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan 17 may 2024-cü il tarixli aktdan görünür ki, baxış zamanı İddiaçı icarəsində olan 84.04 ha əkin sahəsinin 2 ha hissəsinə iribuynuzlu heyvanların girməsi, otlaması və oturması, əkin sahəsinin əzilməsi nəticəsində fermerin becərdiyi taxıl sahəsinin tam yararsız hala düşməsi müəyyən olunmuşdur. Aktın doğruluğunu R.Mürsəlov, R.Hacıyev və İddiaçı öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin aparıcı aqranomu Rəşid Hacıyev tərəfindən verilmiş mülki iş üzrə kənd təsərrüfatı obyektlərinin ekspertizasının təyin edilməsi barədə mütəxəssis rəyindən görünür ki, 2024-cü ildə Şabran rayonunda Qarabağlı qəsəbəsinin yaxınlığında icarə hüququ ilə İddiaçı məxsus 84.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 8 hektar hissəsinə iribuynuzlu heyvanların girməsi nəticəsində zərər dəymişdir. İcarə huquqi ilə İddiaçı məxsus 84,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi suvarılan ərazidir. Bu ilin (2024-cü ilin) yaz aylarında 84,04 hektar torpaq sahəsində əkilən arpa bitmişdir. Qeyd olunmuş 8 hektar sahədən başqa qalan 76,04 hektarında məhsul biçilərkən məhsuldarlıq 30-31 sentner civarında olmuşdur. 84,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafı xəndəklərlə qazılı olduğundan və ərazidə qapı mövcud olduğundan iribuynuzlu heyvanların həmin əraziyə kənar təsir olmadan daxıl olması mümkündür. 1 baş iribuynuzlu heyvanın neçə kiloqram arpa yeməsi heyvanın çəkisindən aslıdır. Həmçinin ərazidəki iribuynuzlu heyvanların arpa sahəsini yeməklə yanaşı, tapdalayaraq və yataraq tam yararsız hala salmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Şabran Rayon Məhkəməsində baxılması üçün 89 manat dövlət rüsümu ödənilmişdir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(031)-153/2024 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" 18 mart 2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: İ. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; İİ. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; İİİ. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəlindiyi təqdirdə təmin edə bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2024-cü il tarixdə cavabdeh barədə Şabran Rayon Məhkəməsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati işə baxılarkən cavabdeh mal-qaranın İddiaçı məxsus torpaq sahəsini girməsini etiraf etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq, iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin aparıcı aqranomu Rəşid Hacıyev tərəfindən verilmiş mülki iş üzrə kənd təsərrüfatı obyektlərinin ekspertizasının təyin edilməsi barədə rəyindən görünür ki, 2024-cü ildə Şabran rayonunda Qarabağlı qəsəbəsinin yaxınlığında icarə hüququ ilə İddiaçı məxsus 84.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 8 hektar hissəsinə iribuynuzlu heyvanların girməsi nəticəsində zərər dəymişdir. İcarə huquqi ilə İddiaçı məxsus 84,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi suvarılan ərazidir. Bu ilin (2024-cü ilin) yaz aylarında 84,04 hektar torpaq sahəsində əkilən arpa bitmişdir. Qeyd olunmuş 8 hektar sahədən başqa qalan 76,04 hektarında məhsul biçilərkən məhsuldarlıq 30-31 sentner civarında olmuşdur. 84,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafı xəndəklərlə qazılı olduğundan və ərazidə qapı mövcud olduğundan iribuynuzlu heyvanların həmin əraziyə kənar təsir olmadan daxıl olması mümkündür. 1 baş iribuynuzlu heyvanın neçə kiloqram arpa yeməsi heyvanın çəkisindən aslıdır. Həmçinin ərazidəki iribuynuzlu heyvanların arpa sahəsini yeməklə yanaşı, tapdalayaraq və yataraq tam yararsız hala salmışdır. Belə olan halda, İddiaçı məxsus torpaq sahəsində əkilmiş 84,04 hektar arpa sahəsinin 8 hektarı biçinə yararsız hala düşməsi məhkəmədə sübuta yetirilmişdir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 9176 manat məbləğində ziyan pul alınaraq İddiaçı verilməli, eyni zamanda, Cavabdeh mal-qarasının İddiaçı icarəsində olan 84.04 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə buraxmasına qadağa qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9176 (doqquz min yüz yetmiş altı) manat məbləğində ziyan pul alınaraq İddiaçı verilsin. Cavabdeh mal-qarasının İddiaçı icarəsində olan 84.04 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə buraxmasına qadağa qoyulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar