Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-627/2023 24.07.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİACİ: İddiaçı NÜMAYƏNDƏ: X2 VƏKİL VƏ NÜMAYƏNDƏ: Vəkil CAVABDEH: Şabran şəhər bələdiyyəsinə NÜMAYƏNDƏ: X3 CAVABDEH: Şabran RİHB-nın Şabran şəhəri üzrə nümayəndəliyinə qarşı NÜMAYƏNDƏ: X7 Maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə Şabran rayon İHB-nın Şabran şəhəri İƏD-si üzrə Nümayəndəliyinə və Şabran şəhər Bələdiyyəsinə qarşı iddia qaldıraraq cavabdehlər Şabran şəhər bələdiyyəsindən və Şabran RİHB-nın Şabran şəhəri üzrə nümayəndəliyindən ona dəyən ziyan- 21.800 (iyirmi bir min səkkiz yüz) manat məbləğində pulun alınıb ona verilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ona Dəvəçi (indiki Şabran) rayon XDS Rəyasət Heyətinin 30 may 1994-cü il tarixli 04 saylı qərarına əsasən şəhərin M.Ə.Rəsulzadə küçəsində kommersiya mağazası və xidmət mərkəzi tikintisi üçün 95 kvm torpaq sahəsi ayrılmışdır. O, həmin ayrılan torpaq sahəsində mağaza binası və xidmət mərkəzi tikmişdir. Həmin tikililərə mülkiyyət sənədi olaraq qeydiyyat vəsiqəsi də almışdır. Lakin sonradan ona verilən torpaq sahəsi yolun qorunma zolağına düşür deyə şəhər bələdiyyəsi və şəhər nümayəndəliyi onu həmin tikililərini sökməyə məcbur etmişlər. Öhdələrinə götürmüşlər ki, həmin tikililərə görə dəyən ziyanı ödəyəcəklər. Lakin bu vaxta kimi dəfələrlə müraciət etməyinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Ona dəyən ziyanı ödəməkdən imtina etmişlər. O, həmin tikililərin qiymətləndirilməsinə dair ekspert rəyi də almışdır. Ekspertiza həmin tikililəri 21800 manat məbləğində qiymətləndirmişdir. O, cavabdehlərdən ona dəyən ziyanı ala bilmədiyi üçün məcbur olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir, cavabdehlər Şabran şəhər bələdiyyəsindən və Şabran RİHB-nın Şabran şəhəri üzrə nümayəndəliyindən ona dəyən ziyan- 21.800 (iyirmi bir min səkkiz yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılsın. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia tələbinin tam təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X1 nümayəndəsi, İddiaçı vəkili Vəkil da məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, İddiaçı mülkiyyətinə vurulmuş ziyanın uzun illərdir ki, ödənilmədiyini, bununla da onun mülkiyyət hüquqlarının pozulduğunu, bu səbəbdən də, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Şabran şəhər bələdiyyəsinin sədri X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, eşitdiyinə görə İddiaçı Dəvəçi XD Rəyasət Heyətinin qərarı ilə M.Rəsulzadə küçəsində kommersiya mağazası və xidmət mərkəzi tikintisi üçün 95 kvm torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsində kommersiya mağazası və xidmət mərkəzi tikmişdir. Şəhərin abadlaşdırılması zamanı həmin tikililərin yolun qoruma zolağına düşməsi müəyyən olunmuşdur. Bu səbəbdən iddiaçıya məxsus kommersiya mağazası və xidmət mərkəzi sökülmüşdür. Onun özünə də məxsus olan tikilini həmin vaxt sökmüşlər. Həmin dövrdə o, bələdiyyə sədri olmamışdır. Məlumdur ki, rayonlarda bütün abadlaşdırma və söküntü işləri Rayon İcra Hakimiyyəti tərəfindən aparılır. Eləcə də, Şabran rayonu ərazisində də abadlaşdırma işləri Şabran rayon İHB tərəfindən aparılmışdır. İddiaçıya mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədi ilə başqa yerdə torpaq sahəsi göstərilmiş, lakin sonradan həmin torpaq sahəsi də Dövlət Torpaqları olduğu üçün sənədləşdirmə işləri aparılması mümkün olmadığından, ona torpaq sahəsinin ayrılması mümkün olmamışdır. Məhkəmədə ona qarşı qaldırılan iddianı əsassız hesab edir, xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Cavabdeh Şabran RİHB-nın Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, onda olan məlumata görə İddiaçı Dəvəçi XD Rəyasət Heyətinin qərarı ilə M.Rəsulzadə küçəsində kommersiya mağazası və xidmət mərkəzi tikintisi üçün 95 kvm torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsində kommersiya mağazası və xidmət mərkəzi tikmişdir. Şəhərin abadlaşdırılması zamanı həmin tikililərin yolun qoruma zolağına düşməsi müəyyən olunmuşdur. Bu səbəbdən iddiaçıya məxsus kommersiya mağazası və xidmət mərkəzi sökülmüşdür. Həmin kommersiya mağazası və xidmət mərkəzinin söküntü işləri Şabran rayon İcra Hakimiyyəti Başçısı tərəfindən aparılmışdır. Həmin vaxt o, Şabran İƏD-si üzrə Nümayəndəliyində işləməmişdir. İddia düz tərtib edilməmişdir. O, iddianı əsassız hesab edir, xahiş edir ki, İddiaçı Şabran RİHB-nın Şabran şəhər üzrə nümayəndəliyinə qarşı vurulmuş ziyanın ödənilməsi tələbi əsassız olduğundan təmin edilməsin. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Qeydiyyat Vəsiqəsinin və Texniki pasportun surətindən görünür ki, Dəvəçi şəhəri, M.Ə.rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış binası X4 adına qeydə alınmışdır. İşə əlavə edilmiş "xxxx" MMC-nin 30 dekabr 2008-ci il tarixli 523 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış sahəsinin həmin vaxtda bazar dəyəri 21800 manat təşkil etmişdir. Həmin ekpert rəyindən görünür ki, hesablamalar qeyri yaşayış sahəsinin texniki göstəricilərinə, sahələr üzrə təsnifatına və konstruktiv elementləri, materialların konstruksiyası və bəzək və digər işlərə görə hesablanmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində qeyri-yaşayış sahəsi (kommersiya mağazası və xidmət mərkəzi) olmuş, şəhərin abadlaşdırılması zamanı həmin tikililərin yolun qoruma zolağına düşməsi müəyyən olunduğundan sökülmüş, lakin mülkiyyətçiyə xüsusi mülkiyyəti olan kommersiya mağazası və xidmət mərkəzinin dəyəri ona ödənilməmişdir. Həmçinin abadlaşdırma və söküntü işləri şəhər bələdiyyəsi tərəfindən deyil, Şabran rayon İcra Hakimiyyəti Başçısı tərəfindən aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kim məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərinin ədalətli ödəmək yolu ilə yol verilə bilər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi «Şporrong və Lonrotun İsveçə qarşı məhkəmə işində qeyd etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququnu; 2) mülkiyyətdən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan olmasını ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2. maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslərin tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya vurulmuş ziyana görə cavabdeh Şabran RİHBnın Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən 21.800 (iyirmi bir min səkkiz yüz) manat məbləğində pul alınıb İddiaçı verilməli, iddia cavabdeh Şabran şəhər bələdiyyəsinə qarşı hissədə əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Şabran RİHB-nın Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən 21.800 (iyirmi bir min səkkiz yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia cavabdeh Şabran şəhər bələdiyyəsinə qarşı hissədə əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-627/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-627/2023
24.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver