Məhkəmə qərarları › İş №2(031)-653/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-653/2023

12.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-653/2023 12.09.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X13 Hidayət oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması tələbi” barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X2 üçün, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan Şabran rayon məhkəməsinin 2(031)- 318/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd olunan bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 130 manat məbləğində aliment pulunun artırılaraq hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Şabran rayon məhkəməsinin 2(031)- 318/2021 saylı 13 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat məbləğində aliment pulunun Cavabdeh alınaraq ona verilməsi göstərilmişdir. Hal-hazırda övladlarının 13 yaşı var. Şabran rayon məhkəməsinin 2(031)-318/2021 saylı 13 aprel 2021-ci il tarixli qətnaməsində qeyd olunmuş 130 manat aliment məbləği uşağın heç bir təlabatının ödənilməsinə yetmir. Uşaq böyüdükcə məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmişdir. Onu da qeyd etmək istəyir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını, ehtiyacını o çəkir. Uşağın atası alimenti vaxtı-vaxtında ödəmir, onun uşağı tək saxlamağı çətin olur. Böyüdükcə uşaqda ehtiyac və təlabat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi təlabatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Həmçinin də ölkədə aliment miqdarı artırılaraq 220 manat olmuşdur. Buna görə də o, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Xahiş edir, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2010cu il təvəllüdlü X2 üçün, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan Şabran rayon məhkəməsinin 2(031)-318/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd olunan bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 130 manat məbləğində aliment pulunun artırılaraq hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılsın. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək əlavə olaraq bildirdi ki, uşağın saxlanılması üçün 130 manat aliment müəyyən edilmişdir. Hal-hazırda uşağın ehtiyac meyarı artmışdır, uşaq müəllim yanına gedir, artıq xərclər ortaya çıxmışdır, ona görə də məhkəmənin müəyyən etdiyi alimentlə uşağın ehtiyaclarını tam şəkildə yerinə yetirə bilmir. O, marketdə işləyir, 300 manat əmək haqqı alır, aldığı əmək haqqı ilə güclə dolanır. Lakin cavabdeh işləyir, ikinci nikahdan olan ailəsi də işləyir, sosial da alırlar. Cavabdeh müəyyən olunmuş alimenti də vaxtlı-vaxtında ödəmir. Bu səbəbdən də, iddia tələbinin tam təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı ilə 03 oktyabr 2009-cu ildə rəsmi nikahla ailə qurmuşlar. Ər-arvad münasibətlərindən xx.xx.2010cu ildə X7 adlı uşaqları olmuşdur. İddiaçı ilə ailə münasibətləri uyğun gəlmədiyindən 09 may 2012-ci ildə məhkəmədə ayrılmışlar. Şabran rayon məhkəməsinin qətnaməsinə əsasən ondan bir uşağın saxlanması üçün 130 manat alimentin alınması müəyyən edilmişdir. O, işləyir, aylıq 315 manat əmək haqqı alır. Məhkəmə tərəfindən müəyyən edilmiş alimenti vaxtlı-vaxtında ödəyir, sadəcə əmək haqqısını gec aldığı üçün aliment ödəməyi gecikdirmişdir. Onun ikinci nikahdan da iki uşağı var. Onun başqa qazanc yeri də yoxdur. Əldə etdiyi gəlirlə ailəsini güclə dolandırır. Bu səbəbdən də, iddiaçının tələb etdiyi alimenti ödəməyə onun maddi imkanı çatmır. Alimentin onun aylıq qazancının 1/4 hissəsi miqdarında müəyyən edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İİ seriyalı 754421 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 19 noyabr 2010-cu ildə Nuray adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Şabran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi barədə Şabran rayon məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(031)-256/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 27 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır, onun ailə tərkibi həyat yoldaşı X4, uşaqları 2013-cü il təvəllüdlü X10 və 2016-cı il təvəllüdlü X5 ibarətdir. İşə əlavə edilmiş AZ-İ seriyalı 755047 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 16 iyul 2012-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AZ-İİİ seriyalı 768168 saylı və AZ-İİİ seriyalı 768266 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə X4 birgə nikahlarından 18 mart 2013-cü ildə Elşən və 13 aprel 2016-cı ildə Fatimə adlı uşaqları olmuşdur. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 03 oktyabr 2009-cu ildə rəsmi nikahla ailə qurmuşlar. Ər-arvad münasibətlərindən xx.xx.2010cu ildə Nuray adlı uşaqları olmuşdur. Tərəflərin ailə münasibətləri uyğun gəlmədiyindən 09 may 2012-ci ildə məhkəmədə ayrılmışlar. Şabran rayon məhkəməsinin qətnaməsinə əsasən cavabdehdən bir uşağın saxlanması üçün 130 manat aliment müəyyən edilmişdir. Məhkəmənin müəyyən etdiyi alimentlə iddiaçı uşağı saxlamaqda çətinlik çəkdiyini əsas gətirərək, alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarətedir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququvardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Məhkəmə, Şabran rayon məhkəməsinin 2(031)-318/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas götürərək, həmçinin cavabdehin ikinci nikandan da iki uşağının olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 82/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(031)-318/2021 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş 130 (bir yüz otuz) manat məbləğində alimentin miqdarı artırılsın. Cavabdeh Məhazir oğlundan xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar