Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-657/2020 15.09.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Alimentin artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq birgə nikahdan doğulmuş xx xxxx 2012-ci il təvəllüdlü övladları X1 yetkinlik yaşına çatnadək saxlanılmasından ötrü cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə xx xxxxxx 2011-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Ər-arad münasibətlərindən xx xxxx 2012-ci il tarixdə Fatimə adlı bir qızları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri uyğun gəlmədiyindən məhkəmədə boşanmışlar. Uşaq onun himayəsində qalmışdır. xx xxxxxx 2012-ci il tarixdə Şabran rayon məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh bir nəfər uşağın saxlanılması üçün hər ayda 50 manat sabit pul məbləğində aliment kəsilmişdir. 2016-cı ilin fevral ayının 16-da aliment artırılaraq 100 manat olmuşdur. Lakin sonradan barışdıqları üçün aliment işi üzrə icraata xitam verilmişdir. Cavabdehlə yenidən ailə münasibətləri pozulmuş, ayrılmışlar. Uşaq onun himayəsində qalmışdır. Cavabdeh uşağın saxlanılması üçün heç bir maddi və mənəvi köməklik etmədiyindən, alimentin müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Şabran rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 120 manat olmuşdur. Övladı xəstədir, mütəmadi olaraq müayinə və müalicələrə ehtiyacı var. Cavabdehin ayda ödədiyi 120 manat uşağın dərmanlarına belə bəs etmir. O, uşağı saxlamaqda çətinlik çəkir. Bu səbəbdən də məcbur olaraq alimentin artırılması ilə əlaqədar məhkəməyə müraciət edir. Xahiş edir, birgə nikahdan doğulmuş xx xxxx 2012-ci il təvəllüdlü övladları X1 yetkinlik yaşına çatnadək saxlanılmasından ötrü cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı ilə birgə nikahlarından xx xxxx 2012-ci ildə Fatimə adlı uşaqları olmuşdur. Birgə yaşadıqları müddətdə xasiyyətləri uyğun gəlməmiş, bu səbəbdən də ayrılmışlar. Uşaq iddiaçının himayəsində qalmışdır. Şabran rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən, uşağın saxlanılması üçün 120 manat aliment müəyyən edilmişdir. O, taksi fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edir. Məhkəmənin müəyyən etdiyi alimenti iddiaçıya güclə ödəyir. Ondan artıq aliment ödəməyə onun maddi imkanı çatmır. Xahiş edir, iddia təmin edilməsin. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Şabran rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(031)-850/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 120 manat sabit pul məbləğində alimenttutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Madera Hospital MMC tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli rentgenoloji müayinə protokolundan görünür ki, X2 «iki tərəfli bronxit əlamətləri» diaqnozu ilə xəstədir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh ər-arvad münasibətlərindən xx xxxx 2012-ci il tarixdə Fatimə adlı uşaqları olmuşdur. Birgə yaşadıqları müddətdə xasiyyətləri uyğun gəlməmiş, aralarında mütəmadi olaraq mübahisə və münaqişələr olmuşdur, bu səbəbdən də ayrılmışlar, ər-arvad münasibətləri kəsilmişdir. Şabran rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən uşağın saxlanılması üçün hər ay 120 manat aliment müəyyən edilmişdir. Məhkəmənin müəyyən etdiyi alimentlə iddiaçı uşağı saxlamaqda çətinlik çəkir. Bu səbəbdən də, iddiaçı alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99 maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16 fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlama qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1. maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun oalaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 101.2. maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarının hazırki aliment hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, alimentin miqdarının bir uşaq üçün ayda 200 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətli sayıla bilməz, bu cavabdehin maddi və ailə vəziyyətinə uyğun deyildir. Digər tərəfdən qeyd olunan maddi hüquq normalarının tələblərindən görünür ki, valideynlər öz uşaqları barəsində bərabər vəzifələrə malikdirlər, belə vəzifələrdən biri də valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanılması vəzifəsinin hər iki valideynin üzərinə düşməsini, iş üzrə tərəflərin ailə vəziyyətini, iddiaçı tərəfindən cavabdehin gəlirləri haqqında məhkəməyə heç bir sübut təqdim etmədiyini nəzərə alaraq, iddianın qismən təmin edilməsini, uşağın saxlanması üçün alimentin məbləğinin artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi barədə Şabran Rayon Məhkəməsi xx xxxxxxx 2019-cu il tarixli 2(031)-850/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh xx xxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ayda 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi barədə Şabran Rayon Məhkəməsi xx xxxxxxx 2019cu il tarixli 2(031)-850/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx xxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ayda 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuniyi qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-657/2020
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-657/2020
15.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver