Məhkəmə qərarları › İş №2(031)-691/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-691/2024

16.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-691/2024 16.09.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin həcminin artırılması” tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2012-cu il təvəllüdlü X1 üçün, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(1051-798/2017 saylı xx.xx.2017-ci il il tarixli qətnaməsində qeyd olunan bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 135 manat məbləğində aliment pulunun artırılaraq hər ay bir uşaq üçün 250 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-798/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 135 manat məbləğində aliment pulunun Cavabdeh alınaraq ona verilməsi göstərilmişdir. Hal-hazırda övladının 11 yaşı var. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(1051-798/2017 saylı xx.xx.2017-ci il tarixli qətnamədə qeyd olunmuş 135 manat aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq böyüdükcə məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmişdir. Onu da qeyd etmək istəyirlər ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o, çəkir. Uşağın atası alimenti vaxtı- vaxtında ödəmir onun uşağı tək saxlamağı çətin olur. Böyüdükcə uşaqda ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, işləyir, 600-650 manat əmək haqqı alır, ikinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan iki övladı var. Əldə etdiyi gəlirlə hazırki ailəsini güclə dolandırır. Məhkəmənin müəyyən etdiyi aliment məbləğini vaxtlı-vaxtında ödəyir, lakin, iddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. Xahiş edir, iddia təmin edilməsin. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 81, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və “Uşaq hüquqları" haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2017-ci il tarixli 2(105)-798/2017 saylı qətnaməsinə əsasən Cavabdeh 135 manat sabit pul məbləğində aliment tutulub 05 sentyabr 2012-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün X2 verilməsi qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş aliment hazırda uşaqların saxlanılması üçün yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə isə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 05 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq, hər ay 200 manat sabit pul məbləğində aliment iddiaçıya ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2017-ci il tarixli 2(105)-798/2017 saylı qətnaməsinə əsasən Cavabdeh 05 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 05 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar