Məhkəmə qərarları › İş №2(031)-695/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-695/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-695/2020 27.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı NÜMAYƏNDƏ: X12 CAVABDEH: Cavabdeh2 CAVABDEH: Əliyarova Sevinc Adgözəl qızına qarşı Pul və ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh2 və Əliyarova Sevinc Adgözəl qızından ona məxsus 10 baş heyvanın 1260 manat pulunun vurulmuş ziyan 350 manat pul və məhkəmə xərclərinin ümumilikdə 1610 manat pulunu və ya 10 baş heyvanının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə verərək, cavabdehlər Cavabdeh2 və Əliyarova Sevinc Adgözəl qızından ona məxsus 10 baş heyvanın 1260 manat pulunu, vurulmuş ziyan 350 manat əlavə pul və məhkəmə xərclərinin ümumilikdə 1610 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X12 məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, anası ilə bir yerdə yaşayır. Cavabdehlər Cavabdeh2 və Əliyarova Sevinc Adgözəl qızı ilə yaxın qohumdurlar. 2019-cu ilin sentyabr ayında anasının saxladığı qoyunlarını satmaq xəbərini eşidib cavabdehlər onların yaşadığı evə gəlmiş, anası 10 baş xırda dırnaq heyvanını 9-zu qoyun biri qoç olmaqla 1260 manata onlara nisyə satmışdır. Bu günə qədər pulunu mənimsəyib qaytarmamış, iddiaçıya ziyan vurmuşlar. İddiaçı şikəst qadındır, qoyunlarını satıb özünə əlil arabası almaq istəyirdi. Lakin Sevinc və Yanvar iddiaçını aldadaraq iddiaçıya ziyan vurmuşlar. Bu gün qoyunları artaraq 15 baş ola bilərdi. İddiaçıya cavabdehlər 1260 manat pul borcludurlar. Bu günə qədər pulunu vermirlər. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir, cavabdehlər Cavabdeh2 və Əliyarova Sevinc Adgözəl qızından iddiaçıya məxsus 10 baş heyvanın 1260 manat pulunu, vurulmuş ziyana görə 350 manat əlavə pul və məhkəmə xərcləri ilə ümumilikdə 1610 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh Əliyarova Sevinc Adgözəl qızı məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, X12 onun mərhum qardaşının arvadı olub. Onlar 18 ildir ki, danışmırlar. Bir-birinə düşmən kimidirlər. Belə halda, bizim onlarla mal-qoyun alqı-satqısı necə ola bilərdi. Bütün bunlar hamısı böhtandır. Biz Fəridənin anası Reyhandan qoyun almamışıq. Onun bizə qarşı iddiası tam əsassızdır. Ona görə də xahiş edirəm, iddia təmin edilməsin. Cavabdeh2 da məhkəmə iclasında cavabdeh Sevinc Əliyarovanın izahatına uyğun eyni məzmunlu izahat verərək, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri və şahidləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, o, Yanvar və Sevinci tanıyır, onların anası ilə İstisuda tanış olmuşdur. Sonradan onların bir-birlərinin evlərinə gediş-gəlişləri yaranmışdır. O, Şabran şəhərində başqa məhəllədə yaşayır. Fəridə və Reyhanı tanımır. Yanvar fabrikdə işləyir. O, Yanvarın mal-qoyun satdığını görməmişdir. Onların arasında olan münaqişənin səbəbini bilmir. Qoyun almaları barədə də eşitməmişdir. O, cavabdehlərlə yalnız xeyr və şər işlərində görüşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, Cavabdeh1 onun qonşusudur. Reyhan və Fəridəni isə tanımır. Sevinc evdar qadındır. Onların qoyun saxlamasını, satmasını görməmiş və eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 əvvəlki məhkəmə iclasında dindirilərkən göstərmişdir ki, Reyhanı və qızı Fəridəni tanıyır. 2019-cu ildə Fəridəgilin qonşuluğunda kirayədə yaşamışdır. 2019-cu ilin oktyabr ayında Fəridənin anası Reyhan Sevinc və Yanvara 10 baş qoyun satmışlar. Fəridənin anası xəstə olduğundan deyirdi ki, saxlaya bilmir. Sevincgil ət satmaqla məşğul olurlar. Hətta Sevinc həmin qoyunlardan birini ona 100 manata satmışdır. Şahid X1 məhkəməyə ərizə təqdim edərək o, əvvəlki məhkəmə iclasında iddia tərəfin təsiri ilə ifadə verdiyini, düzgün ifadə vermədiyini, ona görə də yenidən dindirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində təkrarən dindirilən X6 bildirdi ki, o, Yaşıllaşdırma İdarəsində süpürcəçi işləyir. Fəridə Nağıyevanı bir il yarım olar ki, tanıyır. Evlərinə gedərək anasını çimizdirmişdir. Cavabdehlər Yanvar və Sevinci bu qoyun sözsöhbətinə görə tanımışdır, əvvəllər onları tanımamışdır. O, Yanvarı qoyun aparan görməmişdir. O vaxt Reyhan ona demişdi ki, 17 baş qoyunu var. Ondan 10 baş qoyunu Yanvara vermişdir. Ondan xahiş etmişdi ki, məhkəmədə onun üçün şahid olsun. Ona görə də o, Reyhanın yaşlı arvad olduğuna görə razılaşmışdır. Keçən ilin oktyabr ayında Fəridə ona demişdi ki, gedək Sevincgilə. Onlar bir yerdə Sevincgilə getmişlər, lakin onların arasında qoyun söhbəti olmamışdır. Onun əvvəlki məhkəmə iclasında verdiyi ifadəsi düz deyil. O, Fəridə Nağıyevadan qorxduğu üçün belə bir ifadə vermişdir. Keçən məhkəmədə izahat verdikdən sonra bütün stansiya camaatı ona irad tutmuşdu ki, nə üçün düzgün ifadə vermirsən, Allahı başının üstündə gör. O, da belə qərara gəlmişdir ki, gəlib məhkəmədə düzgün ifadə versin. Sevinc ona qoyun satmamışdır. Yanvar və ya Sevinc ona ifadəsini dəyişməkdə heç bir hədə – qorxu gəlməmişlər. İşə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X9, İddiaçı və Əliyarova Sevinc Adgözəl qızının 102 məlumatları ilə əlaqədar toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş 028713 saylı Vəsiqədən görünür ki, Əliyarova Sevinc Adgözəl qızı müddətsiz ikinci qrup əlildir. İşə əlavə edilmiş X8, Veteranları və Şəhid ailələri İctimai Birliyi tərəfindən verilmiş 006805 saylı vəsiqədən görünür ki, Cavabdeh2 İİİ qrup mühribə əlilidir. İşə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli Epikrizdən görünür ki, Cavabdeh2 «T4-5 diskdə sağ lateral resesi daraldan paramedian protruziya. T5-6 diskdə anterial epidural məsafəni daraldan arxa-mərkəzi geniş proturziya. T6-7 diskdə sağ lateral resesi minimal daraldan sağ paramedian protruziya» diaqnozu ilə xəstədir. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 4086 saylı arayışdan görünür ki, X4 şəhəri, X.Əhmədov küçəsi ev 77 ünvanında olan tövlədə iri buynuzlu, 5 xırda dırnaq mal-qara saxlayır. Heyvandarlıqla məşğul olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Bundan başqa Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Cavabdeh2 və Əliyarova Sevinc Adgözəl qızına qarşı ziyan tələbi ilə çıxış edən, sübut etmə yükünü daşıyan İddiaçı məhkəmə iclasında öz hüququnun bərpası, güvənli nəticəyə gəlinməsi, qoyunları cavabdehlərə satması, çəkdiyi xərclər, əmlakından məhrum olması, əldə edəcəyi gəlirlər barədə sübutlar təqdim edə bilmədi. Məhkəmə təqdim olunan sübutları və işin hallarını araşdırıb belə nəticəyə gəlir ki, İddiaçı Əlbala qızının cavabdehlər Cavabdeh2 və Əliyarova Sevinc Adgözəl qızına qarşı pul və ziyan tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Əlbala qızının cavabdehlər Cavabdeh2 və Əliyarova Sevinc Adgözəl qızına qarşı pul və ziyan tələbi barədə iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar