Məhkəmə qərarları › İş №2(031)-783/2025

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-783/2025

03.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-783/2025 03.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şabran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-1-cı maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının “Mediasiya haqqında” xx.xx.2019-cu il tarixli, 1555-VQ nömrəli Qanunun 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və Mülki Prosessual Məcəllənin 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Beləliklə Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlirəm ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsində tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı etmələrinə dair məlumatı qeyd etmədiyindən, həmçinin iddia ərizəsinə cavabdehlərin sayına görə iddia ərizəsinin surətini, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi və məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı edilməsini təsdiq edən sənədi əlavə etmədiyindən, hazırki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin geri qaytarılmasına dair qərardad iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin geri qaytarılmasına dair qərardad iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan surəti tərəfə rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar