Məhkəmə qərarları › İş №2(031)-790/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-790/2023

02.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-790/2023 02.11.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Şabran Rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli, 2(031)-746/2012 saylı qətnaməsinə əsasən 22 aprel 2010-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş 50 (əlli) manat məbləğində alimentin miqdarı artırılsın, Cavabdeh ayda 220 manat məbləğində alimentin alınıb 22 aprel 2010-cu il təvəllüdlü X1 üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 20 iyul 2009-cu ildə rəsmi nikahla ailə qurmuşlar. Ər-arvad münasibətlərindən 22 aprel 2010-cu ildə Uğur adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri uğun gəlmədiyindən ayrılmışlar. Şabran rayon məhkəməsinin 25 dekabr 2012-ci il tarixli, 2(031)-746/2012 saylı qətnaməsinə əsasən Cavabdeh 22 aprel 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ayda 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi müəyyən edilmişdir. Hazırda uşağın minimum dolanacaq xərcləri artmışdır. Ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu dəyişmişdir. Onu da qeyd etmək istəyir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını, ehtiyaclarını tamamilə o çəkir. Böyüdükcə uşaqda ehtiyac və təlabat artsa da, cavabdeh uşağa qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi təlabatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə Mediasiya şurasına müraciət etmiş, cavabdeh iştirak etmədiyindən mediasiya prosesi baş tutmamışdır. Ona görə də məhkəməyə müraciət edir. Xahiş edir, Şabran Rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli, 2(031)-746/2012 saylı qətnaməsinə əsasən 22 aprel 2010-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş 50 (əlli) manat məbləğində alimentin miqdarı artırılsın, Cavabdeh ayda 220 manat məbləğində alimentin alınıb 22 aprel 2010-cu il təvəllüdlü X1 üçün ona verilməsi barədə qətnamə çıxarılsın. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək əlavə olaraq bildirdi ki, 10 ildən yuxarıdır ki, ayrılmışlar, uşağın hazırda 12 yaşı var, cavabdeh uşağın saxlanılması üçün 50 manat aliment ödəyir, bu da heç cür uşağın yaşaması üçün çatmır. Cavabdeh bu vaxta qədər 50 manat alimentdən əlavə başqa heç bir köməklik etməmişdir. Aliment kəsilən vaxt cavabdeh pensiya almırdı. Xahiş edir, alimentin məbləği heç olmasa 200 manat müəyyən edilsin. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, İddiaçı 2012ci ildə onu xəstə vəziyyətdə evdə qoyaraq ata evinə çıxıb getmişdir. Onlar 2012-ci ildə rəsmi olaraq ayrılmışlar, məhkəmənin qətnaməsinə əsasən 50 manat aliment kəsilmişdir. Həmin aliment məbləği onun pensiyasından tutulur. O, xəstədir, pensiya alır, aldığı pensiya ilə dolanır, başqa qazanc yeri də yoxdur. Uşağın saxlanılması üçün pensiyasından nə qədər aliment düşürsə ödəməyə etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Şabran Rayon Məhkəməsinin 11 sentyabr 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Quliyeva (Osmanova) Əfsanə Cavanşir qızı ilə Cavabdeh arasında Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış 20 iyul 2009-cu il tarixli 221 saylı nikahları pozulmuş, 22 aprel 2010-cu ildə doğulmuş X4 iddiaçı Quliyeva (Osmanova) Əfsanə Cavanşir qızının himayəsində saxlanılması qət edilmişdir. İşə əlavə edilmiş Şabran Rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli, 2(031)- 746/2012 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh hər ayda 50 (əlli) manat sabit pul məbləğində aliment tutulub 22 aprel 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı Osmanova (Quliyeva) Əfsanə Cavanşir qızına verilməsi qət edilmişdir. İşə əlavə edilmiş AZ-İİ seriyalı 872109 saylı doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından 22 aprel 2010-cu ildə Uğur adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə anadan olmuşdur. İşə əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1981-ci ildə Dəvəçi şəhərində anadan olmuş, Şabran şəhəri, Q.Qasımov küçəsi ev 28-də qeydiyyatdadır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 haqqında 18 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh əlilliyə görə 327.22 manat məbləğində pensiya alır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Cavabdeh “irsi hemolitik anemiya. Böyük B talassemiya” diaqnozu ilə xəstə olduğuna görə müddətsiz ikinci dərəcəli əlillik verilmişdir, əmək qabiliyyətsizdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin bigə nikahından 22 aprel 2010-cu ildə Uğur adlı övladları doğulmuşdur. Eyni zamanda, Şabran Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 25 dekabr 2012-ci il tarixli, 2(031)-746/2012 saylı qətnaməsi ilə 22 aprel 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı hazırda cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşağın artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 09 dekabr 2022-ci il tarixli Qanuna əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2023-cü il üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikasında 2023-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 220 manat müəyyən edilməsinə baxmayaraq, cavabdeh «İrsi hemolitik anemiya, Böyük B talassemiya» diaqnozu ilə xəstə olduğuna görə İİ-ci qrup əlil olması, əlilliyə görə 327.22 manat pensiya alması zərurəti nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşağın maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial ədalət prinsipi əsas götürülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 82/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, Şabran Rayon Məhkəməsinin 2(031)-746/2012 nömrəli mülki işi üzrə xx.xx.2012-ci il tarixdə qəbul edilmiş qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh hazırki mülki iş üzrə qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 2(031)-746/2012 nömrəli mülki işi üzrə xx.xx.2012-ci il tarixdə qəbul edilmiş qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh hazırki mülki iş üzrə qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən : İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar