Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-792/2023 22.12.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı və X3 və X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb elədiyi "heyvanların vurduğu zərərin (delikt) əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən, öz heyvanlarını nəzarətsiz və özbaşına buraxması səbəbindən, iddiaçıya məxsus 1,50 ha yonca əkin sahəsinə vurulan 2000 (iki min manat) manat məbləğində maddi zərərin əvəzi tutulub İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il, 09 fevral tarixli, 34/1 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 3.74 ha. torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün (iddiaçı) İddiaçı və ailə üzvülərinin ümumi birgə mülkiyyət hüququ ilə xüsusi mülkiyytələrinə verilmişdir. O, Çernobıl AES-də bas vermiş qəzanın nəticələrini aradan qaldırılmasında iştirak edərək, şüa xəstəliyinə tutulduquna görə hazırda heç bir yerdə işləmir, 2-ci qrup əlillik pensiyası alır. Ailəsinin yeganə gəlir yeri, yuxarıda qeyd edilən torpaq sahəsində müxtəlf kənd təsərrüfatı bitkiləri əkib becərməklə təmin edir. Bu mövsümdə, yəni 2023-cü ildə yonca əkini, kənd təsərrüfatında geniş yayılmaqla çox məhsuldar yem bitkisi olduğundan 3.74 ha. torpaq sahəsinin 1,5 ha. sahəsini yonca bitkisi əkmişdir və may ayında 1000 (min) ədəd yonca tayı istehsal etmişdir. Yonca taylarını ədədin 4 manatdan sataraq 4000 (dörd min) manat gəlir əldə etmişdir. Məlum olduğu kimi yonca bitkisi (əkini) çox illik yem bitkilərinə aiddir və bir il ərzində yoncadan 4-5 çalım aparmaqla hektardan 1000-1500 sentnerədək yaşıl kütlə və ya 200-300 sentner quru ot məhsulu götürmək olar. Bu baxımdan o, növbəti çalımı avqust ayında planlaşdırmışdır və sahədən ən azı 500 ədəd yonca tayı əldə edəcəyinə, bunlada 500 ədəd x 4,0 manat=2000 manat gəlir əldə edəcəyinə böyük ümüd edirdi. Lakin cavabdehə məxsus xeyli sayda iri buynuzlu mal-qarası, habelə danaları otlamağa özbaşına buraxıldığından (heyvanlar səllimi olduğundan) demək olar ki, mütamadi yonca əkininə girərək ona xeyli məbləğdə ziyan vurmuşdur. Belə ki, bu il (2023-cü il) cavabdehə məxsus iri buynuzlu mal-qara və onların danaları dəfələrlə yonca əkininə girmişdir və o, hər dəfə cavadehə şəxsən, telefon , habelə onun Səbuhi adlı iş yoldaşı vasitəsi ilə xəbərdarlıq etsə də cavabdeh tərəfindən yonca sahəsinə heyvanlarının ziyan vurması hallarına son qoyulmamışdır. Hətta heyvanların yonca sahəsinə ziyan vurma hallarını yonca əkininə cavabdehin çağırılaraq mal-qarasını ona təhvil vermək kimi güzəştlər edilsə də, cavabdeh bunu insani rəftar olaraq qəbul etməyərək, onun bu alicənablığından sui- istifadə edərək ziyan vurmaq kmi qanunsuz hərəkətlərini qarşısının alınması üçün heç bir əməli tədbir görməmişdir. Əksinə olaraq heyvanların yonca sahəsinə ziyan vurmasını Təvəkkül adlı qardaşının belinin ağraması ilə əlaqələndirirək, üstünə xx.xx.2023-cü il tarixdə gecə saat 01:46-da zəng edərək, onu gecənin bu vaxtında narahat etməsi bir yana qalsın, ”Nə heyvan-heyvan, nə yonca-yonca, nə ziyan-ziyan deyirsən’’ kimi etiraz edərək, onun zəhləsini aparmağını əsas gətirərk, onu borclu çıxarmışdır. Başqa sözlə cavabdeh qardaşının belinin ağraması səbəbindən heyvanların yonca əkininə girməsini təbbi qəbul edərək, ondan onun zəhləsini aparmamağı tələb etmişdir. Bundan sonra təbbi ki, o, cavabdehdən, vurulan ziyanı tələb edir və əks təqdirdə məhkəməyə şikayət edəcəyini bildirmiş və məlum olduğu kimi o, müraciətinə biganə qalmışdır. Odur ki, cavabdehdən məhkəmə vasitəsi ilə hüquqlarının və qanunla qorunan mənafeyinin bərpası üçün müvafiq sənədlərin toplanmasına başlamışdır. O, cavabdehin ona qarşı insani rəftarından sui-istifadə etməyinin və ona vurulan ziyanın qarşısının alınması üçün ona məxsus mal-qaranın yonca sahəsinə ziyan vurmasının təsdiq üçün müxtəlif vaxtlarda heyvanların yonca sahəsinə girməsini kənar şəxslər(hazırki iş üzrə üçüncü şəxslər) tərəfindən mobil telefonla çəkərək ona göndərilməsi faktlarını ümumiləşdirərək 10,13,14,xx.xx.2023-cü il tarixlərdə Cavabdeh məxsus xeyli sayda malqaranın 1,5 ha. yaxın yonca əkininə girərək ona xeyli miqdarda ziyan vurması barəsində kənd icra nümayəndəsi, bələdiyyə sədri və iki hal şahidinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Eyni zamanda o, tələbin faktiki hallarını əsaslandırmaq, yəni ziyanın vurulmasının təsdiqi üçün cavabdehə məxsus heyvan sürülərinin yonca əkin sahəsinə girərək otlaması faktını və sahədən çıxarılmalarını telefonla video çəkilişi etmişdir (video disk və fotoşəkil əlavə edilir). Bütün bunlara baxmayaraq hal-hazırda cavabdeh ona, o, cümlədən ailəsinə vurulan maddi ziyanı ödəməkdən qəsdən qoyun qaçırır. Bu səbəbdən də, cavabdehdən, öz heyvanlarını nəzarətsiz və özbaşına buraxması səbəbindən, iddiaçıya məxsus 1,50 ha. yonca əkin sahəsinə vurulan 2000 (iki min manat) manat məbləğində maddi zərərin əvəzi tutulub İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılsın. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının məhkəmədə ona qarşı qaldırdığı iddiaya etiraz edir. Onun təsərrüfatında iri buynuzlu malqara yoxdur. İddiaçının torpaq sahəsinə girən mal-qara qardaşına məxsusdur. Həmin mallar 2 dəfə iddiaçının torpaq sahəsinə girmiş, başqa vaxt girməmişdir. O, təsərrüfatında qoyun saxlayır, ona məxsus qoyunlar da iddiaçının torpaq sahəsinə girməmişdir. İddiaçı onun üstünə şərt atır. Bu səbəbdən də, iddianın təmin edilməməsini xahiş edir. Üçüncü şəxslər X3 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdirlər. Məhkəmə üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə (əsl cavabdehə) qarşı verilmədiyindən təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-0017 KOD 30502018 saylı Dövlət Aktından görünür ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 34/1 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə Siyəzən rayonu Böyük Həmyə kəndi ərazisindən 3.74 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş 16 avqust 2023-cü il tarixli aktdan görünür ki, vətəndaş İddiaçı bildirdiyinə görə xx.xx.2023-cü,xx.xx.2023,xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Cavabdeh məxsus 20 başa yaxın mal-qara 1.5 hektara yaxın yonca sahəsinə girərək ziyan vermişdir.Tərəflərindən əkin sahəsinə baxış keçirilmiş ziyan aktı tərtib edilmişdir. Aktın doğruluğunu E.İ.Əsgərov, İddiaçı, V.V.Canəhmədov və V.S.Bağırov öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Bağırov X4 rayonu Böyük Həmyə kəndində qeydiyyatdadır. İş materiallarında olan X8 İnkişaf Mərkəzinin 11 dekabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaşların istifadəsində olan əkin sahəsinə dəymiş ziyanın müəyyənləşdirilməsi DAİM-nin səlahiyyətləri xaricindədir. Məlumat üçün bildirilir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirmə fəaliyyəti müvafiq fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərlə (qiymətləndirici) onların xidmətlərinin istehlakçıları (sifarişçi) arasında bağlanılan müqavilə əsasında tam müstəqil olaraq həyata keşirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və ailə üzvlərinin torpaq sahəsinə girən iri buynuzlu mal-qara Cavabdeh məxsus deyildir. Həmin mal-qara cavabdehin qardaşına məxsusdur. İddiaçı cavabdehin qardaşına qarşı iddia qaldırmaq əvəzinə Cavabdeh qarşı iddia qaldırmışdır. Bundan başqa iddiaçı tərəfindən iddianın əsaslılığını təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcələnin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Bundan başqa Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı və X3 və X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb elədiyi "heyvanların vurduğu zərərin (delikt) əvəzinin ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(031)-792/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-792/2023
22.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver