Məhkəmə qərarları › İş №2(031)-861/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-861/2023

30.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-861/2023 30.11.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X9 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi Babaşova Ağcagül Ələkbər qızının və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Şabran rayon Məhkəməsində 27 sentyabr 2018-ci il tarixində 2/031/-831/2018 saylı qətnaməsinə əsasən xx.xx.2018-ci ildə doğulmuş X1 üçün təyin edilmiş alimentin miqdarının artırılması, Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh X8 ilə 20 iyul 2009-cu ildə rəsmi nikahla ailə qurmuşlar. Ər-arvad münasibətlərindən 22 aprel 2010-cu ildə Uğur adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri uğun gəlmədiyindən ayrılmışlar. Şabran rayon məhkəməsinin 25 dekabr 2012-ci il tarixli, 2(031)-746/2012 saylı qətnaməsinə əsasən cavabdeh X5 22 aprel 2010-cu ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ayda 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi müəyyən edilmişdir. Hazırda uşağın minimum dolanacaq xərcləri artmışdır. Ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu dəyişmişdir. Onu da qeyd etmək istəyir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını, ehtiyaclarını tamamilə o çəkir. Böyüdükcə uşaqda ehtiyac və təlabat artsa da, cavabdeh uşağa qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi təlabatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə Mediasiya şurasına müraciət etmiş, cavabdeh iştirak etmədiyindən mediasiya prosesi baş tutmamışdır. Ona görə də məhkəməyə müraciət edir. Xahiş edir, Şabran rayon Məhkəməsində 27 sentyabr 2018-ci il tarixində 2/031/-831/2018 saylı qətnaməsinə əsasən xx.xx.2018-ci ildə doğulmuş X1 üçün təyin edilmiş alimentin miqdarının artırılması, Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılsın. İddiaçı nümayəndəsi Babaşova Ağcagül Ələkbər qızı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək əlavə olaraq bildirdi ki, İddiaçı 3-cü qrup əlildir, pensiya alır. Cavabdeh müəyyən edilmiş alimenti ödəyir, bir neçə dəfə uşaq üçün əlavə köməklik də etmişdir. İddiaçı hazırda müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Xahiş edir, iddia tələbi təmin edilsin. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, heç yerdə işləmir, fərdi əməklə məşğul olur. İkinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan hazırda iki körpə uşağı var, əldə etdiyi gəlirlə ailəsini güclə dolandırır. Məhkəmənin müəyyən etdiyi alimenti vaxtlı-vaxtında ödəyir, ondan artıq aliment ödəməyə maddi imkanı çatmır. Xahiş edir, iddia təmin edilməsin. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İ seriyalı 330937 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış rəsmi nikah 06 fevral 2020-ci ildə ləğv edilmişdir. İşə əlavə edilmiş AZ-İV seriyalı 120647 saylı doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 11 iyun 2018-ci ildə Elnur adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Şabran Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli 2(031)- 831/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 13 avqust 2018-ci ildən başlayaraq hər ayda 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub xx.xx.2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə edilmiş AZ-İİ seriyalı 426148 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 22 iyul 2021-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AZ-İV seriyalı 599329 saylı və AZ-İV seriyalı 720933 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahlarından xx.xx.2021-ci ildə Validə və xx.xx.2022-ci ildə Eda adlı uşaqları olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin bigə nikahından xx.xx.2018-ci ildə Elnur adlı övladları doğulmuşdur. Eyni zamanda, Şabran Rayon Məhkəməsinin qanuni qüvvəsini almış Şabran Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli 2(031)- 831/2018 saylı qətnaməsi ilə xx.xx.2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. İddiaçı hazırda cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşağın artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 09 dekabr 2022-ci il tarixli Qanuna əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2023-cü il üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikasında 2023-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 220 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin rəsmi iş yerinin olmaması, ikinci dəfə ailə həyatı qurması, himayəsində iki azyaşlı uşağının olması zərurəti nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşağın maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, uşağın minimum maddi təminat almaq hüququnu, həmçinin cavabdehin ikinci nikahdan da iki uşağının olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şabran Rayon Məhkəməsinin 2(031)-831/2018 nömrəli, xx.xx.2018-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 82/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 2(031)-831/2018 nömrəli, xx.xx.2018-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar