Məhkəmə qərarları › İş №2(031)-87/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-87/2021

08.02.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-87/2021 08.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİACİ: X6 CAVABDEH: Cavabdeh qarşı Evdən mülkiyyət hüququ verilməsi və evə köçürülmə tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : X11 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq onun və üç nəfər uşaqları ilə birlikdə Şabran rayonu, Surra məhəlləsində yerləşən evdən mülkiyyət hüququ verilməsi və evə köçürülməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. X3 məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə nikahlarını xx xxxxxxxx 2005-ci il tarixdə rəsmiləşdirmişlər. Ər-arvad münasibətindən xx.xx.2006-cı il tarixində Röya, xx.xx.2008-ci il tarixdə Yağmur və xx.xx.2013-cü il tarixdə Sədri adlı uşaqları olmuşdur. Cavabdeh ilə ailə münasibətləri pozulmuşdur. Ona görə də o, uşaqlarını da götürüb anasının evində yaşayır. Anasının evində qardaşı və ailəsi var. Onun həyat yoldaşı ilə birlikdə tikdikləri evləri ola-ola, uşaqları ilə həmin evdən qovulmuşdur. Ancaq həmin ev boşdur. Həyat yoldaşı Cavabdeh anasının evində yaşayır. O, 2012-ci ilin aprel ayında birlikdə evi tikib başa çatdıraraq, həmin evə köçərək orada yaşamışlar. Şabran rayonu, Surra məhəlləsində küçədə tikilmiş evləri bir mərətbəli evdir. Uzun müddət o, cavabdeh ilə birlikdə qeyd edilən ünvanda yaşamışlar və həmin evdən istifadə etmişlər. Hazırda cavabdeh onu həmin evə buraxmır. Arayışlardan görünür ki, həmin ev rəsmiləşdirilməyib və heç kimin adına deyil. Lakin kommunal xidmətlər onların adlarından ödənilir. O, hal-hazırda üç uşaqla qapılarda qalmışdır. Cavabdeh onun keçmiş əridir. Onlar xx xxxxxxxx 2005-ci il tarixdə nikaha daxil olub evləndikdən sonra Şabran şəhəri, 20 yanvar küçəsi ev 4-də qeydiyyatda olmaqla, orada yaşamışlar. Cavabdeh mütəmadi olaraq evdə söz-söhbət yaradaraq, dava-dalaş salmış, onun qızıl-zinət əşyalarını satmışdır. Cavabdeh ilə aralarındakı nikah 2020-ci il 21 avqust tarixində pozulmuşdur və onun bütün əşyaları həmin evdə qalmışdır. Xahiş edir, onun üç nəfər uşaqları ilə birlikdə Şabran rayonu, Surra məhəlləsində yerləşən evdən mülkiyyət hüququ verilməsi və evə köçürülməsi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmədə iddianı qəbul edərək bildirdi ki, iddiaçı X12 ilə xx xxxxxxxx 2005-ci ildə rəsmi nikahla ailə qurmuşlar. Həmin vaxt iddiaçı onun ata evinə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2006-cı ildə Röya, xx.xx.2008-ci ildə Yağmur və xx.xx.2013-cü ildə Sədri adlı uşaqları olmuşdur. ünvan 1 saylı ünvanda yerləşən ata evində o, qardaşı və anası ilə birlikdə yaşayırlar. Gülnar və uşaqlar da həmin evdə qeydiyyatdadırlar. İddiaçıya dəfələrlə bildirmişdir ki, gəlin köçdüyü evdə onun və uşaqlarının yaşamaq hüququ vardır. Atası 2012-ci ildə ölmüşdür. 2013-cü ildə evdə darısqallıq olduğu üçün əmisi Murad Ağayevin bələdiyyədən aldığı torpaq sahəsində tikmiş olduğu 7 kubik hündürlüyündə olan evin üstünü əmisinin köməkliyi ilə tikib, 3 otaq düzəldib həmin evə köçmüşlər. Həmin ev özbaşına tikili sayılır, heç bir sənədi yoxdur. İddiaçının məhkəmədə ona qarşı qaldırdığı iddianı əsassız hesab edir, xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Şabran rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(031)-603/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx xxxxxx 2006-cı il tarixdə Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 310 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, boşanmadan sonra xx.xx.2006-cı il təvəllüdlü Ağayeva Röyya Vahid qızı, xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X13 anası İddiaçı yanında saxlanılmış, iddiaçı Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü Ağayeva Röyya Vahid qızının, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X1 məqsədi ilə hər uşaq üçün ayda 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh İddiaçı verilməsi qət edildmişdir. İşə əlavə edilmiş AZE seriyalı 10587171 saylı, AZE seriyalı 10587235 saylı və AZE seriyalı 10587173 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı ildə Röyya, xx.xx.2008-ci ildə Yağmur və xx.xx.2013-cü ildə Sədri adlı uşaqları olmuşdur. Onlar Şabran şəhəri, 20 yanvar küç. ev. 1-də qeydiyyatdadırlar. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X17 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh adına qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. İşə əlavə edilmiş AZ-İ seriyalı 644471 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx xxxxxx 2012-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Dəvəçi (Şabran) rayon İHB-nın xx xxxxxxx 1998-ci il tarixli 259 saylı sərəncamından görünür ki, X8 Şabran (Dəvəçi) şəhərinin Surra məhəlləsində fərdi yaşayış evinin tikintisi üçün 300 kvm torpaq sahəsinin ayrılıb verilməsinə icazə verilmişdir. Məhkəmə iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı ilə Cavabdeh xx xxxxxxxx 2005-ci ildə rəsmi nikahla ailə qurmuşlar. İddiaçı ünvan 1 saylı ünvanda yerləşən Cavabdeh ata evinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahlarından xx.xx.2006-cı ildə Röyya, xx.xx.2008-ci ildə Yağmur və xx.xx.2013-cü ildə Sədri adlı uşaqları olmuşdur. Uşaqların üçü də həmin evdə qeydiyyatdadırlar. İddiaçı ilə cavabdeh bir müddət ata evində yaşadıqdan sonra ev darısqal olduğu üçün əmisi Murad Ağayevin bələdiyyədən aldığı torpaq sahəsində ev tikərək, həmin evə köçmüşlər. Bir müddət həmin evdə yaşadıqdan sonra, aralarında narazılıqlar olmuş, bu səbəbdən də ayrılmışlar, xx xxxxxx 2020-ci il tarixdə tərəflərin arasında bağlanmış rəsmi nikah pozulmuşdur. İddiaçı hazırda üç uşağı ilə birlikdə anasının himayəsində yaşayır. İddiaçı cavabdehlə birlikdə tikdikləri həmin mənzilə uşaqları ilə birgə köçürülməsini və evdən mülkiyyət hüququnun verilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etmir, iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. İş materiallarından görünür ki, mübahisəli Şabran rayonu, Surra məhəlləsində yerləşən 300 kvm torpaq sahəsi Şabran (Dəvəçi) rayon İHB-nın xx xxxxxxx 1998-ci il tarixli sərəncamına əsasən X8 verilmişdir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemununun xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, bəzən elə əmlak və şəxsi qeyri-əmlak münasibətləri yaranır ki, bu münasibətlər müvafiq qanun qəbul olunduğu anda mövcud olmamış və ya onların mövcudluğu həmin qanun qəbul olunarkən qanunverici tərəfindən nəzərə alınmamışdır. Belə hallarda hüquq tətbiqetmə təcrübəsində aşkar olunur ki, qanunvericilikdə boşluq mövcuddur. Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır. Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən yaxşı yolu olsa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM-in 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin tələbinə əsasən, xx.xx.2000-ci il tarixdən sonra yaşayış sahəsinə hüquqlar o halda yaranmış hesab edilir ki, bu barədə mülkiyyətçi ilə notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmış olsun və həmin razılaşmaya görə yaranmış hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Yetkinlik yaşına çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa həmin maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinin 1 -ci hissəsinə əsasən kirayəçi özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsindən görünür ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 2000-ci il sentyabrın 1-dən sonra, yəni, xx xxxxxxxx 2005-ci ildən ünvan 1 saylı ünvanda yerləşən cavabdehin atasının adına olan fərdi yaşayış evinə gəlin köçmüşdür. O, hazırda mübahisələndirilən tikiliyə gəlin köçməmiş, həmin tikili cavabdehin əmisi X5 Şabran (Dəvəçi) rayon İHB-nın xx xxxxxxx 1998-ci il tarixli sərəncamına əsasən verilmiş torpaq sahəsində inşa edilmiş və onlar həmin tikiliyə köçüb yaşamışlar. İddiaçının gəlin köçdüyü evə hər hansı hüququ yaranmış olsa belə, hazırda mübahisələndirilən tikiliyə köçürülmə ilə bağlı hər hansı hüququ yaranmamışdır. İddiaçı iddia edir ki, birgə nikahda əldə olunmuş əmlak üzərində onun mülkiyyət hüququ vardır. O və cavabdeh həmin evi birgə nikahda olduqları müddətdə inşa ediblər. İşdən də görünür ki, hazırda mübahisələndirilən ev özbaşına tikili olub, həmin ev üzərində tərəflərin qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. İddiaçı isə həmin tikiliyə xərc çəkdiyini, zəhmətinin olduğunu bildirir. Qeyd olunan hal isə iddiaçının hazırki iddia tələbinin, yəni birgə nikah dövründə inşa etdikləri tikiliyə köçürülməsinin təmin edilməsi üçün əsas deyil. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası MM-nin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-nin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə eyni zamanda, iddianın “azyaşlı uşağın mübahisəli mənzilə köçürülməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, iddianın iddiaçının mübahisəli mənzilə köçürülməsinə dair hissəsi rədd edilməli olduğundan, azyaşlı uşağın valideynləri, yəni nə iddiaçı, nə də cavabdeh mübahisəli tikilidə yaşamadıqlarından, tərəflərin uşaqları iddiaçının yanında qaldığından, habelə onlardan ikisinin on dörd yaşına çatmamış uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayıldığından, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək hesab edir ki, iddia üzrə İddiaçı Şabran rayonu Surra məhəlləsində yerləşən Cavabdeh əmisi Murad Ağayevin adına olan torpaq sahəsində tikilmiş evə dair hər hansı hüququnun yaranmamış olması nəzərə alınmalı və İddiaçı qızının yetkinlik yaşına çatmayan uşaqları ilə birgə evə köçürülmə tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 (on) manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: X2 Cavabdeh qarşı evdən mülkiyyət hüququ verilməsi və evə köçürülmə tələbinə dair iddia ərizəsi rədd edilsin. X2 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 (on) manat onun özünə aid edilsin. Məhkəmə qətnaməsi qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar