Məhkəmə qərarları › İş №2(031)-977/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-977/2023

13.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-977/2023 13.12.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 16 sentyabr 2014-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ayda 220 (iki yüz iyirmi) manat sabit pul məbləği olmaqla Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 16 sentyabr 2014cü il təvəllüdlü İlahə adlı övladları dünyaya gəlmişdir. Xasiyyətləri düz gəlmədiyi üçün Cavabdehla 2015-ci ildə rəsmi olaraq boşanmışlar və uşaq onun himayəsində saxlanılmışdır. Şabran rayon məhkəməsinin 2(031)-1964/2016 saylı, 20 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh 09 sentyabr 2016-cı il tarixdən başlayaraq 16 sentyabr 2014-cü il təvəllüdlü İlahənin yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ayda 75 (yetmiş beş) manat məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qızının hazırda 9 yaşı var və Şabran rayon məhkəməsi tərəfindən 20 oktyabr 2016-cı il tarixdə çıxarılmış qətnamədə qeyd olunmuş 75 manat aliment məbləği uşaqın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə bir uşaq üçün 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır və uşağın bütün qayğısını ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək də tək qadın olaraq ona çox çətindir. Hazırda övladı ilə birlikdə valideyinlərinin himayəsində yaşayır. Buna görə də, o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Xahiş edir, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 16 sentyabr 2014-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ayda 220 (iki yüz iyirmi) manat sabit pul məbləği olmaqla Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılsın. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək idda tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, heç yerdə işləmir, bağlarda işləməklə qazanc əldə edir. İkinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan hazırda iki uşağı var, əldə etdiyi gəlirlə ailəsini güclə dolandırır. Uşağın saxlanılması üçün hər ay 100 manat aliment ödəyir, məhkəmə qətnaməsinə əsasən uşağın saxlanılması üçün 75 manat məbləğində aliment müəyyən edilmişdir. O, ailəsi ilə birlikdə kirayədə yaşayır, 70 manat kirayə pulu verir. Hər ay onun 300 manata yaxın qazancı olur. İddiaçının tələb etdiyi məbləği ödəmək imkanı yoxdur, hər ay uşağın saxlanılması üçün 100 manat aliment ödəyə bilər. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə Dəvəçi şəhərində anadan olmuş, Şabran şəhəri, T.Abbasov küçəsi ev 34-də qeydiyyatdadır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və AZ-İİİ seriyalı 451305 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü ildə İlahə adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Şabran rayon məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli, 2(031)- 1964/2016 saylı qətnaməsinin və icra vərəqəsinin surətlərindən görünür ki, Cavabdeh hər ayda 75 manat məbləğində alimentin alınıb 16 sentyabr 2014-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək çaxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə edilmiş “OKİ MEDİCAL CLİNİC” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Serebral Multislays kompüter tomoqrafiya. Nativ müayinənin nəticəsindən görünür ki, Cavabdeh “Hər iki fronto-bazal nahiyyələrdə və sağ temporo-bazal nahiyədə iri ölçülü hemorragik kontnzion ocaqlar. Hər iki baş-beyinin hemisferanın diffıız mühüm dərəcəli ödemi. Sağ yuxarı parietal və sağ fronto-temporal nahiyələrdə max. 5 mm qalınlıqda subdural hematomalar.Kəllə tağının sağ fronto-parietal nahiyyədən keçən, az dislokasiyalı xətti sınıq” diaqnozu qoyulmuşdur. İşə əlavə edilmiş AZ-İİ seriyalı 039107 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 17 aprel 2015-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AZ-İV seriyalı 393364 saylı və AZ-İİİ seriyalı 829117 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahlarından xx.xx.2016-cı ildə Aydın və xx.xx.2020-ci ildə Fəridə adlı uşaqları olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin bigə nikahlarından 16 sentyabr 2014-cü ildə İlahə adlı övladları doğulmuşdur. Eyni zamanda, Şabran Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 20 oktyabr 2016-cı il tarixli, 2(031)-1964/2016 saylı qətnaməsi ilə 16 sentyabr 2014-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 75 (yetmiş beş) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. İddiaçı hazırda cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşağın artan tələbatını qarşılaya bilmədiyini əsas gətirərək alimentin müəyyən edilmiş miqdarının artırılması barədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 09 dekabr 2022-ci il tarixli Qanuna əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2023-cü il üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikasında 2023-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 220 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin rəsmi iş yerinin olmaması, ikinci dəfə ailə həyatı qurması, himayəsində iki azyaşlı uşağının olması zərurəti nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşağın maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, cavabdehin ikinci nikahdan iki uşağının olmasını, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Şabran Rayon Məhkəməsinin 2(031)-1964/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 2(031)-1964/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar