Məhkəmə qərarları › İş №2(031)-986/2023

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-986/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-986/2023 21.12.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 25 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əsasən ona borclu olduğu 6000 (altı min) manat məbləğində pulun vaxtından əvvəl ondan alınaraq ona qaytarılması və dövlət rüsumu olaraq ödədiyi 80 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı cavabdehə qarşı aralarında bağlanmış kredit müqaviləsinin cavabdeh tərəfindən kredit ödənişlərinin vaxtında yerinə yetirilməməsi ilə əlaqədar vaxtından əvvəl ləğv edilməsi barədə məhkəməyə müraciət etmiş, lakin işin qabaqcadan məhkəmədən kənar (pretenziya) qaydasında həll edilməsi barədə mülki qanunvericilikdə müəyyən olunmuş qaydaya əməl etməmiş və bu qaydanı tətbiq etmək imkanı itirilməmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 25 iyun 2023-cü il tarixdə bağlanmış kredit müqaviləsinin 7-ci bəndində qeyd edilmişdir ki, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Lakin iş materiallarında ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Həmçinin kreditor borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra notariusa icra qeydi aparılması üçün müraciət etməmiş, birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 114.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumu ona geri qaytarılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar