Məhkəmə qərarları › İş №2(032)-1/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1/2024

15.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1/2024 15.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Əsgərli Əfsanə Əmrah qızının katibliyi İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş daş hasarın cavabdehin hesabına sökülməsi və ona məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsindən cavabdehin çıxarılaraq torpaq sahəsinin ona təhvil verilməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Təsviri hissə İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş daş hasarın cavabdehin hesabına sökülməsi və ona məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsindən çıxarılaraq torpaq sahəsinin ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı Çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Ona məxsus torpaq sahəsi qonşusu, hazırki iş üzrə Cavabdeh tərəfindən daş hasar çəkilməklə təxminən 4 metr enində, 30 metr uzunluğunda zəbt edilmişdir. Dəfələrlə cavabdehə müraciət edərək qanunsuz olaraq çəkdiyi daş hasarı sökərək onun mülkiyyətində olan torpaq sahəsini geri qatarmasını tələb etsə də cavabdeh onun sözlərinə məhəl qoymamışdır. Cavabdehin ona məxsus torpaq zəbt etməsi və torpaq sahəsini ona geri qaytarmaması səbəbindən hal-hazırda məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçının nümayəndəsi-vəkili Nümayəndə izahatında qeyd etmişdir ki, İddiaçı aid texniki pasportunda sənəd üzrə və faktiki olaraq torpaq sahəsi 0,06 ha göstərilsədə cavabdeh tərəfindən eni 4 metr, uzunluğu 30 metr torpaq sahəsini zəbt edilmişdir. Sözügedən daş hasarın məhz Cavabdeh tərəfindən tikildiyini bildirərək İddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddianı etiraf etmədi, məhkəməyə etiraz təqdim edərək bildirdi ki, Şirvan şəhəri, Şəhriyar küçəsindəki 69 nömrəli torpaq sahəsində tərəfindən 2012-ci ildə fərdi yaşayış evi tikilmişdir. İddiaçı ilə aralarında olan hissəyə tərəflərindən həmin il daş hasar çəkilmişdir. Daş hasarın özül hissəsi betondan hörgüsü isə eni 20 sm olmaqla mişar daşından və ölçüləri 40x40 sm olan sütunlardan ibarətdir.Təxminən 5 il bundan əvvəl İddiaçı öz torpaq sahəsində fərdi yaşayış evi tikməyə başladı. Həmin vaxt onlarla münasibətləri çox yaxşı idi. Belə ki, evin tikintisi üçün lazım olan suyu, elektrik enerjisini onlardan götürüb istifadə edirdi. Həyətdə heç bir tikili olmadığında tikinti ilə məşğul olan usta və fəhlələr onların həyətində yeməklərini yeyib, çay içirdilər. Evin tikintisi başa çatanda iddiaçı onların həyətində qurban kəsib qonşulara paylayıb. Həmin vaxt ona dedilər ki, aralarında olan uzunluğu 30 m daş hasar onalrın tərəfindən tikilmişdir, hasara çəkilmiş xərcin 50%-nə şərik olsun. O da dedi ki, heç bir problem yoxdur, bilir ki, aralarında çəkilən xərcin 50%-ni özü ödəməlidir. Təxminən 2-3 ay bundan əvvəl o, tikdirdiyi evi satmaq üçün müştəri tapdı. Müştəri gəlib evə baxarkən müştəriyə dedilər ki, ara hasarın xərcinin 50%-ni evi satan və ya sən ödəyəcəksən. O da dedi ki, “mən ev almışam, pulunu verirərəm, hasar mənlik deyil”. Sonra bu barədə Zəminə Rzayevə ilə danışanda o əvvəl dediklərinin əksinə olaraq dedi ki, “mən hasarın xərcinə şərik olmayacam, mənə düşən hissəni sök, qoy yerə əvəzinə metal setka çək”. Söhbətləri bununla da bitdi. Hal-hazırda isə o, məhkəməyə zəbt edilmiş torpaq sahəsindən çıxarma tələbi ilə müraciət etmişdir. Göstərmişdir ki, guya onun torpaq sahəsinin 4 m enində 30 m isə uzunluğunda zəbt etmişlər. Halbuki həmin daş hasar 2012-ci ildə inşa edilmiş həmin vaxtdan bu günə kimi iddiaçı torpaq sahəsinin zəbt olunması barədə nə onlara nədə aidiyyatı orqanlara müraciət etməmişdir. Yaşadıqları fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixdə texniki pasport, xx.xx.2020-ci il tarixdə mülkiyyət hüquqlarının qeydə alınması barədə çıxarış verilmişdir. Texniki pasportun axırıncı səhifəsində daş hasarın tikildiyi tarix 2012-ci il olduğu göstərilmişdir. Torpaq sahəsinin planında torpaq sahəsinin uzunluğunun 30 m, eninin isə 20 m olması qeyd edilmişdir. İstifadələrində olan 0,06 ha torpaq sahəsi vardır. İddiaçıya da yəqin ki, həmin sənədlər verilmişdir. İddiaçı bu iddianı vermək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyistrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. ünvan 3 saylı torpaq sahəsinin texniki pasportuna əsasən İddiaçı adına olan torpaq sahəsinin sənəd üzrə ümumi ölçüsü 0,06 ha, faktiki sahəsi 0,06 ha təşkil edir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyistrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Şəhriyar küçəsi 69 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixli, Daşınmaz əmlakın AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 şəhəri, Şəhriyar küçəsi 71 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini İddiaçı satmışdır. xx.xx.2016-cı il tarixli, Daşınmaz əmlakın AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 şəhəri, Şəhriyar küçəsi 69 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini X1. İddiaçının dəlillərini yoxlamaq məqsədilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-1360/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixdə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2022-ci il tarixli 10/5027 saylı rəyində göstərilmişdir ki, Qərardadın birinci-üçüncü sualları üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********84 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin faktiki ölçüsünün 0.0595 ha təşkil etdiyi və hüquqmüəyyənedici sənədlərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, mütəxəssis rəyinə əsasən sözügedən mübahisəli torpaq sahəsi ilə birlikdə həmin sırada yerləşən torpaq sahələrində də hüquqmüəyyənedici sənədlərdə göstərilən döngə nöqtələrinin koordinatları ilə faktiki istifadə vəziyyətinə uyğun yerləşmə vəziyyətləri arasında sürüşmə mövcud olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planından görünür ki, sözügedən torpaq sahələrinin yerləşdiyi sırada yerləşən digər torpaq sahələrinin də koordinalarında şimalqərb istiqamətdə sürüşmə mövcuddur. Eyni zamanda sürüşmə nəticəsində İddiaçı məxsus torpaq sahəsinin xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlarda yerləşən 0,06 ha sahənin 131 kv.m hissəsi cavabdehin faktiki istifadəsində olan sahə ilə üst-üstə düşür. Qərardadın dördüncü və beşinci sualları üzrə: Faktiki vəziyyətdə X2 mülkiyyətində olan torpaq sahəsinin İddiaçı məxsus torpaq sahəsi ilə qonşu olan hissədə ölçülərinin **********74-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixdə tərtib olunmuş Texniki Pasporta uyğun olmasını, yəni X4 məxsus fərdi yaşayaış evinin ölçülərinin və evdən İddiaçı məxsus torpaq sahəsinə kimi olan məsafənin xx.xx.2020-ci il tarixdə tərtib olunmuş Texniki Pasporta uyğun olmasını nəzərə alaraq İddiaçı məxsus torpaq sahəsinin cavabdeh X6 tərəfindən istifadə edilmədiyi müəyyən edilir. Sözügedən mübahisəli torpaq sahəsi ilə birlikdə həmin sırada yerləşən digər torpaq sahələrində də hüquqmüəyyənedici sənədlərdə göstərilən döngə nöqtələrinin koordinatları ilə faktiki istifadə vəziyyətinə uyğun yerləşmə vəziyyətləri arasında sürüşmə mövcud olduğundan və X4 məxsus Texniki Pasport faktiki vəziyyətə uyğun tərtib olunduğundan, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqlarının X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, **********74-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən X4 məxsus olan 0,06 ha torpaq sahəsi ilə xx.xx.2014-cü il tarixli, **********74-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən İddiaçı məxsus 0,06 ha torpaq sahəsi 131 kv.m hissədə üst-üstə düşür. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-38/2022 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə texniki ekspertizası təyin edilmiş, xx.xx.2023-cü il tarixində məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məhkəməyə daxil olmuş və mülki iş üzrə icraat təzələnmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)- 02/2023 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-02/2023 saylı qərardadından şikayət təqdim edərək qərardadın ləğv edilməsini xahiş etmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-02/2023 saylı qərardadı ilə şikayət təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(032)-02/2023 saylı qərardadı ləğv edilmişdir. xx.xx.2023-cü il tarixli, 2(032)-02/2023 saylı qərardadı ilə iş üzrə əlavə mühəndis texniki ekspertizası təyin edilmiş, xx.xx.2023-cü il tarixində məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məhkəməyə daxil olmuş və mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə hazırki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin müddəalarına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsində göstərilir ki, Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsində göstərilir ki, İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsində göstərilir ki, sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi və əsaslandığı hallar: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı cavabdehin onun torpaq sahəsini zəbt etməsini və həmin sahədə inşa edilmiş daş hasarın da onun hesabına sökülməsini tələb edir. Halbuki iş materiallarından da göründüyü kimi, qonşu torpaq yəni Şirvan şəhəri, Şəhriyar küçəsi 69 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı isə məhz torpaq sahəsinə qonşu yerləşən və mülkiyyət hüququ rəsmiləşdirilmiş X5 deyil, onun ərini cavabdeh qismində qoymuş və torpağının da Cavabdeh tərəfindən zəbt edilməsini bildirmişdir. Həmçinin məhkəmə iddiaçının zəbt edilmə ilə əlaqadar tələbinə münasibətdə keçirilmiş ekspertiza rəyini də diqqətdən qaçırmır və ekspertiza rəyində iddiaçının torpağının heç bir hissədə zəbt edilmədiyini, qonşu torpaq sahələrinin faktiki ölçülərinin hüquqmüəyyənedici sənədlərlə uyğunsuzluq təşkil etdiyini, lakin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqlarının X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, **********74-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən X4 məxsus olan 0,06 ha torpaq sahəsi ilə xx.xx.2014-cü il tarixli, **********74-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən İddiaçı məxsus 0,06 ha torpaq sahəsi 131 kv.m hissədə üstüstə düşdüyünün müəyyən edildiyini nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının torpağının Cavabdeh tərəfindən zəbt edilməsi, məhz iddiaçıya məxsus torpaq sahəsində daş hasar inşa etməsi işin araşdırılmış faktiki halları ilə sübuta yetirilmədiyindən iddia rədd edilməlidir. Məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan və 100 manat iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi q ə t e t d i : İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş daş hasarın cavabdehin hesabına sökülməsi və ona məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsindən cavabdehin çıxarılaraq torpaq sahəsinin ona təhvil verilməsi barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin müxbir hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar