Məhkəmə qərarları › İş №2(032)-1000/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1000/2024

22.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1000/2024 22.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı X3, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı X8 iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 3054 (üç min əlli dörd) manat məbləğində pulun, vəkil xidmət haqqının və ödənilmiş dövlət rüsumunun alınıb verilməsini tələb etmişdir. İddiaçı X8 tələbini onunla əsaslandırmışdır ki, cavabdeh qızı ilə rəfiqə olmuşlar, münasibətləri normal olmuş və əvvəllər qızı cavabdehin xx.xx.2022-ci il təvəllüdlü uşağı X4 dayəlik etmişdir. Qızı cavabdehin qızına 4 aylığından, aylığı 300 manat olmaqla 11 ay baxaraq qulluq etmişdir. xx.xx.2023-cü ildə azyaşlı Firuzə qızı Bəygülə “mama” dediyi üçün cavabdeh uşağı ondan qısqanclıq səbəbindən almış və o, müddətdən bəri Firuzəya aylıq 400 manat olmaqla o dayə kimi baxmağa başlamışdır. 2023-cü ilin dekabr ayında Firuzənin baxımı üçün razılaşdıqları məbləği istəsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək dayəlik haqqını verməmiş və yaxın günlərdə ödəyəcəyini bildirmişdir. Daha sonra, özü üçün aldığı və maddi sıxıntıları olduğundan ona “Samsung-A-34 “markalı mobil telefonu 850 manata satmışdır. Bundan sonra, 2024-cü ilin fevral ayının 5-də səhhətində problemlər yarandığı üçün “Samsung-A-34 “markalı mobil telefonun pulunu, borc kimi verdiyi 600 manat, kartına atdığı 200 manatı və uşağın baxımı üçün borclu qaldığı 800 manat, mağazalara cavabdehin razılığı əsasən onun borcu olaraq ödədiyi ümumilikdə 3054 manat istəmişdir. Cavabdeh isə bildirmişdir ki, 3054 manat borcundan 1600 manatını gətirəcəkdir və yerdə qalan hissəni qısa vaxtda hissə-hissə ödəyəcəkdir. O, həmin şərtlə razı olmamış və daha sonra polis şöbəsinə müraciət etmişdir. Müvafiq araşdırma aparıldıqdan sonra cavabdeh iddianı etiraf etsə də, cavabdehin əməllərində dələduzluq cinayətinin olmaması səbəbindən xx.xx.2024-cü ildə Şirvan şəhər polis şöbəsinin müstəntiqi X12 tərəfindən Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və məsələnin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iddiaçı X8 iddianı müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı X3 nümayəndəsi Vəkil iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, cavabdeh iddiaçının qızı ilə rəfiqə olmuş və onun vasitəsi ilə tanımışdır. İddiaçının qızı 11 ay cavabdehin uşağına aylıq 300 manat olmaqla dayəlik etmişdir. Lakin uşaq ona ana dediyindən, cavabdeh qısqanclıq səbəbindən onun yanından uşağı götürmüş, iddiaçı ilə aylıq 400 manat olmaqla uşağa dayəlik etməsinə razılaşmışlar. Lakin cavabdeh razılaşmış olduğu 400 manat məbləği iddiaçıya verməmişdir. Maddi imkanı aşağı olduğundan iddiaçı özünə məxsus “Samsung A 34” markalı mobil telefonunu cavabdehə 850 manata satmışdır. Bundan sonra 2024-cü ilin fevral ayında iddiaçının səhhəti pisləşdiyindən, cavabdehə satdığı telefonun pulunu, borc kimi verdiyi 600 manat, kartına atdığı 200 manat, uşağın baxılması üçün borclu qaldığı 800 manat və cavabdehin razılığı ilə mağazalara onun əvəzindən ödədiyi borcu olaraq ümumilikdə 3054 manat borcunu cavabdehdən istəmişdir. Cavabdeh ona olan borcundan 1600 manatını verməyə razı olmuş, lakin qalan pulu isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı borcunu tam olaraq qaytarmasını tələb etmiş və bu barədə Şirvan şəhər polis şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh borc tələbini etiraf etsə də, əməlində dələduzluq olmadığı üçün cinayət işinin başlanması rədd olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla yanaşı iddiaçı ilə cavabdeh arasında “whtasapp” yazışmaları vardır. Həmin yazışmalarda onun kartına ödənişlərlə bağlı sübutlar da vardır. İddianın əsaslı olmasını nəzərə alıb təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh çatdırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 bildirdi ki, iddiaçını tanıyır, onun qonşusudur. Cavabdeh də onunla bir binada yaşamışdır. İddiaçı onun qızından 2024-cü ilin fevral ayının təxminən 8 və ya 10-da 600 manat faizlə pul alaraq onun yanında cavabdehə vermişdir. İddiaçı fevral ayından təxminən 3-4 ay qabaq cavabdehin uşağına 400 manat pul müqabilində baxmış, lakin cavabdeh onun pulunu verməmişdir. Eşitdiyinə görə cavabdeh iddiaçıya 2000 manatdan çox pul verməlidir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Əsədova Rəsmiyə qızı bildirdi ki,tibb bacısıdır, iddiaçını mülalicə etdiyinə görə tanımışdır. Cavabdehi də eyni zamanda müalicə etdiyinə görə tanımışdır. O, tərəflər arasında pul münasibətlərinin olmasını bilir. Belə ki, cavabdehə borc pul lazım olduğundan iddiaçı Bədirənin qızından borc pul alaraq cavabdehə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirdi ki, o xəstəxanada xadimə işləyir. Həmin vaxt İddiaçı əməliyyat olunmuşdur, o həmin vaxt cavabdehi görmüş, onun kim olduğunu soruşduqda iddiaçı onun uşağın anası olduğunu bilmişdir. Cavabdeh iddiaçıya uşağa görə baxdığı pulu verməsin deyə onun üzərinə şər ataraq polisə müraciət etmiş, iddiaçının onun uşağını vermədiyini bildirib polis vasitəsi ilə uşağı iddiaçıdan almışdır. Onların arasında olan pul məbləğinin nə qədər olması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirdi ki, cavabdehin uşağına əvvəllər gəlini ilə birlikdə öz evlərində baxmışlar. Onlar cavabdehlə uşağa baxmağa görə aylıq 300 manat, itinə baxmağa görə isə 100 manat müqabilində razılaşmışlar, dörd ay müddətində baxmışlar, lakin cavabdeh onların pulunu verməmişlər. Cavabdehin iddiaçıya verəcəyi pulun miqdarı ilə bağlı məlumatı yoxdur. Məhkəmə iddiaçının, onun nümayəndəsinin izahatlarını, şahidlərin ifadəsini, vəkilin çıxışını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda olan Cavabdeh yazılı izahatından görünür ki , o, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. 2019-cu il tarixdən İddiaçı qızı Bəygül ilə yaxın münasibətdə olmuşdur. O, 2020-ci il tarixdə İbrahim adlı şəxslə ailə qurmuş və bu nikahdan 2022-ci ilin fevral ayının 23-də bir qız övladı dünyaya gəlmişdir. Onun evlilik müddəti təxminən 6-7 ay davam etdikdən sonra İbrahimdən ayrılmışdır. Bir müddətdən sonra, yəni qızı Firuzənin təxminən 6-7 ayı tamam olmuşdur ki, Bakı şəhərində işlədiyi üçün uşağa Bakı şəhərində dayənin baha olması ilə əlaqədar olaraq Bəygül ona bildirmişdir ki, əgər qızına baxıcı axtarırsansa gətir bacısı Lalə baxsın. Bundan sonra o, Firuzəni götürüb Şirvan şəhərinə gəlmiş və Lalə ilə aylıq 300 manata qızına dayə kimi baxmasına razılaşmışdır. Bundan sonra o, Lalə və əri Muradla it üstündə dalaşmış və gecə ilə İddiaçı ilə aylıq 400 manat olmaqla dayə kimi qızına baxması üçün razılaşmışdır. Bundan sonra Arzu təxminən 3 aya yaxın müddət keçsə də, Arzu ondan 400 manatı istəyəndə və o, işləməməyi səbəbindən pulu ödəyə bilməmişdir. Bundan sonra o, Arzuya faizə pul tap özünə, yəni 400 manatı götürməsini bildirmiş, sonra Arzu ona zəng vuraraq 600 manat tapdığını, həmin pulun üstünə 15 günə 240 manat faiz ödəyəcəyini ona bildirmişdir. O, əlacsız qalaraq Arzunun dediyi ilə razılaşmış, Arzu 600 manatı götürüb 200 manatını ona göndərmişdir. 15 gün keçdikdən sonra Arzu ona zəng yurub pulun hamısını, yəni 840 manatın hamısını ödəməsini bildirmiş, o, Arzuya pulu ödəyə bilməyəcəyini söyləmiş, həmin vaxt Arzu ona vaxtı uzatdığını və gündəlik 40 manat faiz pulu verəcəyini bildirmişdir. Həmin vaxt o, əlacsız qalıb Arzu ilə razılaşmış, bundan sonra İddiaçı uşağını istəsə də, Arzu ona uşağa görə və telefona görə borclu olduğunu demişdir. Daha sonra o, Arzunun çürükçülük etdiyini görüb Şirvan şəhər polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. İş materiallarında olan Cavabdeh məhkəməmnin elektron ünvanına göndərdiyi elektron ərizədən görünür ki, ona qarşı olan iddianı qəbul etmir, onun heç kimə borcu yoxdur, o qadın qızına dayə kimi baxıb hər ay da vaxtında pulun ödəmiş, sonucu ay da işləri yolunda getmədiyi üçün qızını yanıma gətirmək istəmiş, ona demişdir ki, gəlib pulu verərsən uşağı götürərsən, onun uşağını evində qızıl kimi girov saxlamışdır. O, Arzu xanıma dayəlik etdiyi üçün hər ay 400 manat pul vermiş, ayın ortası olduğu üçün demişdir ki, az puldur, onu iki-üç günə verəcək. Arzu xanım razı olmadığı üçün onun uşağını verməmiş, ona görə də DİN 102 xidmətinə məlumat verdikdən sonra qızını ona vermişlər. Onun uşağının paltarlarını, kurtkalarını,ayaqqabılarını verməmişdir. Onun heç kimə borcu yoxdur, 220 manat borc var idi, onu da uşağının paltarların vermədiyinə görə o da pul verməyəcəkdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh iddaçının cavabdehin qızına dayəlik etməsinə görə aylıq 400 manat olmaqla razılaşmışlar. Cavabdeh iddiaçıya dayəlik etməsinə görə pulu verə bilmədiyindən iddiaçı pulu istəyən zaman cavabdeh iddiaçıdan ona borclu olduğu 400 manat pulu verə bilməsi üçün 600 manat borc pul almasını, həmin puldan 400 manat ona borclu olduğu pulu götürməsini, qalan 200 manat isə özünə verməsini bildirmiş, İddiaçı 600 manat pul borc alaraq 400 manat cavabdehin ona borclu olduğu pulu götürmüş, 200 manat pulu isə cavabdehə vermişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş şahidlərin ifadəsini tədqiq edərək lazımi hüquqi qiymət verərək qeyd edir ki, şahidlər cavabdehin məhz mübahisə edilən məbləğdə pul vəsaitinin iddiaçıya borclu olması barədə dəqiq və dolğun məlumatlar vermədiklərindən, habelə verdiyi informasiya digər mötəbər sübutlarla təsdiq edilmədiyindən onların məhkəmə üçün sübutetmə qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında verilmiş şərhə görə Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi MPM-in 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə həmçinin iddiaçı tərəfindən təqdim edilmiş səs yazısı olan diskin sübut kimi qəbul edilib-edilməməsi məsələsini də araşdırmışdır. Səsyazısı olan həmin diskdə birbaşa əlaqədar tərəflər arasında olan danışıqlar deyil, digər şəxslər (iddiaçının qızı ilə cavabdeh) arasında olan danışıqlar öz əskini tapmışdır. Məhkəmə hesab edir ki, diskdə olan məlumatlar iddiaçının iddia ərizəsində tələb etdiyi miqdarda pulun (borcun) cavabdeh tərəfindən alınması barədə olmadığından, yəni iş üzrə tərəf olmayan digər şəxslər arasında olduğundan hazırki iş üzrə nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. MM-in 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ona 3054 manat məbləğində pulun borclu olmasını təsdiq edən mötəbər sübutlar təqdim etmədiyindən və bununla da istinad etdiyi halı sübut edə bilmədiyindən, iddia cavabdeh tərəfindən etiraf olunmuş hissədə təmin olunmalıdır. Belə ki, Cavabdeh ilə İddiaçı arasında 600 manat borcun olması Şirvan şəhər polis şöbəsində cavabdehin yazılı izahatı ilə təsdiq olunmuşdur. Lakin həmin borcun faizlə götürülməsi və ya iddiaçıya qaytarılması barədə Cavabdeh hər hansı bir sübut təqdim etməmişdir. MPM-in 106.3-cü maddəsinin tələbinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Ona görə də, məhkəmə borcun qaytarılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsini nəzərə alıb, hesab edir ki, Cavabdeh 600 (altı yüz) manat məbləğində pul alınaraq İddiaçı İdris qızına verilməli, bununla da iddia qismən təmin olunmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. MPM-in 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 50 (əlli) manat məbləğində pul iddiaçı Cavabdeh tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, müqavilə üzrə 300 (üç yüz) pul Cavabdeh tərəfindən Vəkil ödənilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X7 verilsin. Cavabdeh hüquqi xidmətə görə 300 (üç yüz) manat, ödənilmiş dövlət rüsumu kimi 50 (əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı İdris qızına verilsin. İddia qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar