Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1105/2023 15.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1900 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 39 manat məbləğində pulun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildə təmir işləri görməsi üçün Cavabdeh ilə razılaşdılar. O, əvvəlcədən ondan 2800 manat məbləğində pulu görəcəyi işin müqabilində müxtəlif bəhanələrlə almışdır. O, 2023-cü ilin yanvar ayında təmirə başladı. Lakin gördüyü işlər çox bərbad olmuşdur. Onlara cəmi 900 manat dəyərində iş görmüşdür. Ona gördüyü işin bərbad olduğunu bildirdikdə, onunla razılaşaraq pulu geri qaytaracağını bildirdi. Bununla bağlı aralarında vatsapp yazışmaları da olmuşdur. O yazışmalarda da pulun yaxın vaxtlarda qaytaracağını bildirmişdir. Lakin hələ də heç bir məbləğ qaytarmamışdır. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh məhkəmə iclasında iştirak edərək iddiaçının evində usta kimi işlədiyini, sonradan gördüyü işlərin iddiaçının bəyənmədiyini bildirmiş. Ərizə təqdim edərək iddianı qismən 900 manat məbləğində hissəsini etiraf etdiyini, hazırda işləmədiyini, göstərdiyi məbləğin gələcəkdə dəqiq tarix göstərmədən hissə-hissə qaytaracağını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı tərəfindən məhkəməyə təqdim edilən qəbzdə qeyd olunmuşdur: xx.xx.2023-cü il tarixdə 100-800-Aynur ev işləri, 10-Aynur ev işləri, 100-Aynur ev işləri; xx.xx.2023-cü il tarixdə 300 manat; xx.xx.2023-cü il tarixdə 10 manat Fikrət; xx.xx.2023-cü il tarixdə 300 manat Aynur ev işləri; xx.xx.2023-cü il tarixdə 100 manat Aynur ev işləri, xx.xx.2023-cü il tarixdə 800 manat Aynur ev işləri, əlavə+plintus, kafel, parket, cəmi 1900 manat. VATSAP danışıqlarında əks olunmuş sms yazışmalarında iddiaçı Fikrət Usta adı ilə qeyd edilmiş mobil nömrə ilə təmir ilə əlaqədar görülmüş işlərin ödənişi, pulunun hansı müddətə qaytarılması və qarşı tərəfin pulu birdəfəlik deyil hissə-hissə verəcəyi barədə yazılar əks olunmuşdur. Məhkəmə iclasında cavabdeh həmin sms yazışmaların onla iddiaçı tərəfindən aparıldığını bildirmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 62.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.3-ci maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur 766-ci maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmış, cavabdeh iddiaçıyla qabaqcadan razılaşdırılmış qiymətə müəyyən təmir işlərinin görülməsini öhdəsinə götürmüşdür. Sonradan isə iddiaçı cavabdeh tərəfindən görülmüş işlərin keyfiyyətini bəyənməmiş, verilmiş pulunu tələb etmişdir. Hazırda cavabdeh iddianı qismən - 900 manat məbləğində qəbul edir, maddi imkanı olmadığından və işləmədiyindən iddiaçıya göstərilən məbləği dəqiq vaxt göstərmədən gələcəkdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməmiş, İddiaçı pulu qaytarmadığı üçün şərtləri pozmuş, üzərinə götürdüyü öhdəliyi icra etməmiş, hazırda isə iddianı qismən etiraf edir, bu səbəbdən də iddia qismən təmin olunmalı, Cavabdeh 900 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ödənilmiş 39 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri iddianın təmin edildiyi hissədə cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı oğluna verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-1105/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1105/2023
15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver