Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1107/2023 14.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, iddiaçı "xxxx" BOKT MMC-nin cavabdeh X2 qarşı sadələşdirilmiş icraat üzrə borc tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı "xxxx" BOKT MMC-nin cavabdeh X2 qarşı sadələşdirilmiş icraat üzrə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT MMC ilə X3 arasında bağlanmış 25 aprel 2022-ci il tarixli 321/SM-22 saylı kredit müqaviləsi üzrə yaranmış 1969.45 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun X1 tutularaq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi hesablanmaqla dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Elektron hökümət ödəniş portalında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, "xxxx" BOKT MM tərəfindən 30 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da, geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlar əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı "xxxx" BOKT MMC-nin cavabdeh X2 qarşı sadələşdirilmiş icraat üzrə borc tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu (qəbzin nömrəsi **********, xx.xx.2023-cü il tarixli) "xxxx" BOKT MMC -yə geri qaytarılsın. "xxxx" BOKT MMC-yə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1107/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1107/2023
14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver