Məhkəmə qərarları › İş №2(032)-1194/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1194/2025

21.05.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1194/2025 21.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , İddiaçı Ərizəçi şəxsin itkin düşmüş hesab edilməsi və nikahın pozulması tələbinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ərizəçi şəxsin itkin düşmüş hesab edilməsi və nikahın pozulması tələbinə dair ərizəsi Şirvan şəhər Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. MPM-in 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. İddia ərizəsindən güründüyü kimi, iddia ərizəsində cavabdehin adı, soyadı, atasının adı, cavabdehin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və s.), habelə şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar göstərilməmişdir. Habelə, iddiaçı iddia ərizəsində cavabdehin eyniləşdirmə məlumatlarını (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və s.), habelə şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatları göstərməmişdir, bu da iddia tələbinə baxılması zamanı ərazi aidiyyətinin müəyyənləşdirilməsində qeyri-müəyyənlik yaranmasına səbəb olar. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarılır. Bundan başqa iddia ərizəsindən görünür ki, Ərizəçi X1 itkin düşmüş hesab edilməsi və nikahın hüquqi cəhətdən pozulması barədə qərar qəbul edilməsini tələb etmişdir. İddiaçı Ərizəçi X1 itkin düşmüş hesab edilməsi və nikahın pozulması barədə tələblərini bir ərizədə birləşdirmiş, halbuki həmin tələblər ayrı-ayrı icraatda (iddia icraatı, xüsusi icraat) baxılmalı olduğundan həmin tələblərə baxılması zamanı ərazi aidiyyətinin müəyyənləşdirilməsi zamanı qeyri-müəyyənlik yaranır. MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. MPM-in 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, iddiaçı tərəfindən ərizəyə hər iki tələb üzrə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. MPM-in 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. MPM-in 108.3-cü maddəsinin tələbinə görə dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. MPM-in 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu tutulur. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Beləliklə ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmə belə bir nəticəyə gəlir ki, iddia ərizəsinin Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədiyindən, bir cavabdehə bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirildiyindən və ərizəyə hər iki tələb üzrə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçı Ərizəçi qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq olaraq xüsusi icraat və iddia icraatı qaydasında baxılması üçün təkrarən ərazi aidiyyəti üzrə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə MPM-nin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb qərara aldı: İddiaçı Ərizəçi şəxsin itkin düşmüş hesab edilməsi və nikahın pozulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı Ərizəçi izah olunsun ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar