Məhkəmə qərarları › İş №2(032)-1208/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1208/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1208/2024 07.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3100 manat pulun, 51 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətçi X5 məxsus “VAZ 21120” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə Cavabdeh verilmiş 3860 reyestr nömrəli xx.xx.2022-ci il tarixli baş etibarnamə əsasında 3100 manat dəyərində nasaz vəziyyətdə almışdır. Özü avtomobil ustası olduğundan qeyd edilən nəqliyyat vasitəsini təmir etdirməklə xx.xx.2022-ci il tarixdə X6 adına özgəninkiləşdirmişlər. Bir neçə müddət sonra X11 tərəfindən ona müraciət edilərək qeyd edilən nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş, bu səbəbdən nəqliyyat vasitəsini istifadə edə bilmir. Öz növbəsində qeyd edilən nəqliyyat vasitəsini etibarnamə əsasında adına nə üçün rəsmiləşdirməyi soruşmuşdur. Daha sonra araşdırma nəticəsində məlum olmuşdur ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi ona baş etibarnamə vermiş Cavabdeh qarşı pul tələbinə dair şikayət olmuş, bu səbəbdən də nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. X11 nəqliyyat vasitəsini mülkiyyətçisinə qaytardığından ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə Masallı rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. İddia tələbi təmin edilmiş tərəfindən X8 4300 manat pul məbləğinin qaytarılması qət edilmişdir. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, onun tərəfindən alınmış olan “VAZ 21120” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil sonradan X2 olsa da, maşının mülkiyyətçisi olan X10 tərəfindən bu hal mübahisələndirilmiş və nəticədi maşın Rahibdən alınaraq X5 qaytarılmışdır. Bundan sonra Rahibin ona qarşı iddia tələb ilə məhkəməyə müraciət etmiş və ondan 4300 manat pul tutulmuşdur. Qeyd edilənlərə əsasən o, tərəfindən alınmış olan maşının alınması ilə bağlı ödəmiş olduğu 3100 manat pulun geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Cavabdeh izahatında bildirmişdir ki, yoldaşı bir nəfəri işə düzəltmək adı ilə pul əvəzinə avtomobilini almış, yoldaşının şəxsiyyət vəsiqəsi özündə olmadığından onu notariusa aparmış və notariusda onun adına etibarnamə almışdır. Etibarnaməni imzalamış, daha sonra yoldaşı yenidən notariusa gedərək avtomobili başqasının adına satmışdır. İddiaçının yoldaşına nə qədər pul verməsindən heç bir məlumatı olmamış, pulu yoldaşına vermişdir. Yoldaşı dələduzluq etdiyinə görə Pirallahı rayon Məhkəməsinin hökmü ilə həbs olunmuşdur. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, X5 məxsus “VAZ 21120” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı verilmişdir. İş materiallarında olan Pirallahı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(094)- 16/2023 saylı hökmü ilə X12 Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Pirallahı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(094)-16/2023 saylı hökmündə göstərilmişdir ki, təqsirləndirilən şəxs qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, 2022-ci ilin mart ayının sonlarında o, icarəyə götürdüyü avtomobilini Orxan Şahpələngovun atası Novruza məxsus təmir sexində təmir etdirərkən, həmin vaxt Novruz Şahpələngov ona oğlu üçün iş yeri axtardığını bildirərək, oğlu Orxanın işə düzəlməsində ondan kömək istəmişdir. O da onunla razılaşaraq kömək edəcəyini bildirmişdir. Həmin vaxt Novruz oğlu Orxana zəng edərək, onu sexə çağırmışdır. Bir müddət sonra Orxan və Tural sexə gəlmişlər. O, Orxan və Turala onları işlədiyi “Azneft” İstehsalat Birliyi 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində fəhlə kimi işə düzəldə biləcəyini və aylıq maaşlarının 1800 manat olacağını bildirmiş və onlara hər birinin işə düzəlmələri üçün 5000 manat pul verməli olduqlarını bildirmiş və əlavə olaraq demişdir ki, o da həmin pulları işlərin düzəlməsi üçün idarəyə verəcək. Tural və Orxan onunla razılaşmışlar, lakin Tural demişdir ki, onun hal hazırda pulu yoxdur, idarə etdiyi “VAZ 21120” markalı ** BJ *** d.q.n-lı avtomobilini satıb yaxın vaxtlarda ona 5000 manat pulu verəcək. O isə Turala demişdir ki, ona avtomobilinə dair baş etibarnamə versin, avtomobili satıb və əldə olunan puldan həmin işin pulunu verəcək, qalan pulu ona qaytaracaq. Həmin vaxt Tural onunla razılaşaraq avtomobilinin qiymətinin 7000 manat olduğunu bildirmişdir. 2022-ci ilin aprel ayının 22-də o, Turalla şəhərin H.Əliyev prospektində yerləşən Şirvan Notariat Kontorunda görüşmüş, həmin vaxt orada o, arvadı Cavabdeh, Tural və Orxanda olmuşlar. Həmin vaxt Tural özünə məxsus “VAZ 21120” markalı, ** BJ *** d.q.n-lı avtomobilə dair baş etibarnaməni onun şəxsiyyət vəsiqəsi itdiyi üçün arvadı Cavabdeh adına vermişdir. O da həmin “VAZ 21012” markalı ** BJ *** d.q.n-lı avtomobilə alıcı taparaq, avtomobili 3000 manat pula Sumqayıt şəhər sakininə satmış, lakin avtomobili 3000 manata satması barədə Turala bir söz deməmişdir. 2022-ci ilin aprel ayının 23-də Orxandan da ilkin olaraq 2500 manat pulu almışdır. Qalan 2500 manat puluda sonuncudan hissə-hissə bir ay yarım müddətində, yəni aprel-may aylarında almışdır. Həmin vaxt Tural və Orxana bildirmişdir ki, 2-3 ay müddətində işləri həll olacaq. O, həmin əldə etdiyi 8000 manat pulu başqa şəxslərə olan borclarına sərf etmişdir. Sonra da o, Tural və Orxanın işlədiyi idarədə işə düzəlməsinə dair maraqlansa da, onların işlərini həll edə bilməmişdir. İş materiallarına əlavə edilmiş Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-1776/2023 saylı qətnaməsi ilə iddiaçı X7 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı 4300 manat məbləğində pul alınaraq iddiaçı X9 verilməsi qət edilmişdir. Sözügedən qətnamədə cavabdeh İddiaçı məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, müəyyən məbləğ qarşılığında X9 ümumi etibarnamə əsasında “VAZ 21012” markalı, ** BJ *** d.q.n-lı avtomobili satmışdır. Satış zamanı hər hansı bir problem olmamışdır. Sonradan problem yaranmış və etibarnamə ləğv edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)- 1135/2023 saylı qətnaməsi ilə X3 cavabdehlər Cavabdeh, İddiaçı və X9 qarşı avtomobilin qanunsuz sahibliyindən alınması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X4 “VAZ 21120” minik markalı, 2000-ci il buraxılışlı, ** BJ *** qeydiyyat nişanlı avtomobil alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “VAZ 21120” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətində olmuşdur. Sözügedən nəqliyyat vasitəsi etibarnamə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı verilmişdir. Nəqliyyat vasitəsi Cavabdeh verilmiş olan etibarnamə əsasında İddiaçı 3100 manat müqabilində satılmışdır. İddiaçı tərəfindən isə həmin nəqliyyat vasitəsi X1. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh X12 ilə nikahda olmuşlar və Pirallahı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(094)-16/2023 saylı hökmü ilə X12 Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmənin sözügedən hökmündən müəyyən edilir ki, “VAZ 21120” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibardan sui istifadə etmə yolu ilə əldə edilmiş və sonradan Cavabdeh verilmiş olan etibarnamə əsasında satılmışdır. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-1776/2023 saylı qətnaməsi ilə iddiaçı X7 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı 4300 manat məbləğində pul alınaraq iddiaçı X9 verilməsi qət edilmişdir. Həmçinin Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-1135/2023 saylı qətnaməsi ilə X3 cavabdehlər Cavabdeh, İddiaçı və X9 qarşı avtomobilin qanunsuz sahibliyindən alınması tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X4 “VAZ 21120” minik markalı, 2000-ci il buraxılışlı, ** BJ *** qeydiyyat nişanlı avtomobil alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquq və vəzifələrin yaranmasına əsasdır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi mülki hüquq və vəzifələrin yaranma əsaslarından bir də, məhz əsassız varlanmadır. Digər hüquq münasibətlərindən fərqli olaraq isə əsassız varlanma haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. İşin fakitiki hallarından da göründüyü kimi hazırkı mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə və ya digər öhdəlik hüquq münasibətləri yaranmamışdır. Belə ki, hazırkı mülki iş üzrə iddiaçı tərəfindən gəlir əldə etmək məqsədi ilə nəqliyyat vasitəsi alınmış, sonradan həmin nəqliyyat vasitəsi üçüncü şəxslərə satılmışdır. Lakin nəqliyyat vasitəsi iddiaçı tərəfindən əldə edilərkən onun mülkiyyətçisinin iradəsinə zidd olaraq satılmışdır. Bu hal isə sonda iddiaçının əldə edəcəyi gəlirlərdən məhrum olması, cavabdehin isə əsassız olaraq varlanması ilə nəticələnməsinə səbəb olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3100 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 51 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3100 manat və ödənilmiş dövlət rüsumuna görə 51 manat olmaqla, ümumilikdə 3151 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar