Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1223/2025 22.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Allahşükür oğluna qarşı pul tələbinə dair Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh Allahşükür oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14000 manat borc pulun və ödənilmiş 132 manat dövlət rüsumunun alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun cavabdehlə əvvəllər çox yaxşı münasibəti olmuşdur. Məhz bu zamanda o ondan meyvə tərəvəz satışı ilə məşğul olduğunu, ona əlavə pul verəcəyim təqdirdə aylıq ona yaxşı qazanc verəcəyini bildirmişdir. 2023-cü ilin sonlarında cavabdehlə razılaşmalarına əsasən ona ilk əvvəl 10 min manat, sonra isə 4000 manat olamaqla ümumilikdə 14.000 manat pul vermişdir. Cavabdehlə razılaşmalarına əsasən,daha dogrusu o özü bunu təklif etmişdir ki, bu pulu ona versin və o bu məbləği meyvə tərəvəz satışına yatırır, aylıq ona 2000 manat gəlir verəcəkdir. Ona məxsus olan 14.000 manat pul isə istədiyi zaman ona geri qaytarılmalı idi. Lakin cavabdeh ona cəmi 5 ay 2000 manatdan pul vermişdir. Sonradan isə ümumiyyətlə, pul verməmiş hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Məhz buna görə də o onun dələduzluq etdiyini düşünüb DİN-nin 102 xidmətinə zəng etmiş və məlumatım əsasında Xətai RPİ-nin 36-cı Polis Bölməsində araşdırma aparılmışdır. Həmin araşdrıma zamanı izahatı alınan cavabdeh 14000 manatı deyil, 10000 manat almasını etiraf etmiş,ona aylıq 2000 manatdan ödənişlər etdiyini və 10000 manat borcu olmasını etiraf etmişdir. Lakin o hazırda cavabdehdən ona olan bütün borcunu tələb edir. Çünki bu şəxs hazırda neçə aydır ki, onunla ünsiyyətdən yayınır və borcunu ödəmir. Belə olan halda isə onun məhkəməyə müraciətdən başqa çıxış yolu qalmır. Hazırda özünün maddi problemləri olduğundan pula ehtiyacı var. Lakin, cavabdehin bir borclu kimi üzərinə düşən vəzifəni icra etməməsi, yəni borcu qaytarmaması onu maddi cəhətdən sıxıntıya salır. Artıq düşünür ki, cavabdeh faktiki olaraq borcunu qaytarmaqdan yayınır. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh Allahşükür oğlunun qeydiyyatda olduğu ünvana göndərilmiş, cavabdeh həmin ünvanda yaşamaması səbəbindən bildiriş geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və ona məxsus ********** nömrəli VÖEN-nin statusu “fəaliyyətini müvəqqəti dayandırılmış” kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh Allahşükür oğlu vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və ona məxsus ********** nömrəli VÖEN-nin statusu “fəaliyyətini müvəqqəti dayandırılmış” kimi qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır . Məhkəmə qeyd edir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh Allahşükür oğlu vergi ödəyicisidirlər. Həmçinin iddia ərizəsinin məzmunundan görünür ki, tələb iddiaçının öz sahibkarlıq fəaliyyətini həyata keçirməsi (meyvə-tərəvəz satışından gəlirin əldə olunması) ilə əlaqədar münasibətlərdən irəli gələn mübahisələrdən yaranmışdır. Qeyd olunanlara əsasən, mübahisə fərdi sahibkar statusuna malik şəxsin kommersiya xarakterli fəaliyyətlərindən irəli gəldiyindən mülki iş aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli qərarı təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”ndan görünür ki, Şirvan Şəhəri kommersiya mübahisləri üzrə Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxil edilmişdir. MPM-in 267-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. MPM-in 268.1-ci maddəsinin tələbinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Habelə 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə, bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 32, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh Allahşükür oğluna qarşı pul tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1223/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1223/2025
22.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver