Məhkəmə qərarları › İş №2(032)-127/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-127/2023

16.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-127/2023 16.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Heydərov Fərrux Fəttah oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alimentin artırılaraq xx.xx.2008-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa sabit pul məbləğində 193 manat və qazancının ¼ hissəsi miqdarında alimentin və həmçinin uşağın xəstəliyi ilə bağlı əlavə xərclərə cəlb edilməklə 100 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə nikaha girərək evlənmişlər. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X12 adlı uşaqları anadan olmuşdur. Belə ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və uşaq ananın himayəsinə verilmişdir. Lakin Şirvan şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(032)-631/2012 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 87 manat cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Lakin bu müddət ərzində cavabdehə qarşı baxmayaraq ki, uşaqların maddi rifahının yüksəlməsi ilə bağlı alimenti hər il artırılmasına dair prezidentin sərəncamı vardır, amma cavabdehə qarşə irəli sürməmişdir ki cavabdeh qazancının əsasında uşağın maddi təminatının yaxşılaşdırılması baxımından aliment ödəməyi bir ata kimi vəzifə borcunu dərk edərək həyata keçirtsin. Lakin sonradan cavabdehin əmək haqqısının artması və əlavə qazancı müəyyən edildiyindən və hal-hazırda ödənilən aliment uşağın ehtiyaclarını ödəmədiyindən və ən əsası uşaq təhsil aldığına görə təlabatları artdığına görə təxminən 10 il keçdiydən sonra yenidən alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Şirvan şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(032)-631/2012 saylı qərarına əsasən hər ay bir uşağa 87 manat aliment müəyyən edilməklə aliment tutulması qət edilsədə, lakin hal-hazırda cavabdehin maddi rifahının yaxşı olması və qazancı yüksək olduğundan, bundan başqa maddi imkanının çox yaxşı olması, onu məcbur etdi ki, hər il inflyasiya uyğun olaraq uşağın maddi və sosial ehtiyacları artdığından və hazırki şəraitdə bir uşağın saxlanılması üçün 87 manat real məblə sayıla bilməz. Cavabdeh "xxxx" MMC ("xxxx" QSC MMC” işləməklə aylıq qazancı 900 manat əmək haqqında çoxdur və bundan başqa əlavə olaraq fərdi iş əsasında qazanc əldə edir. Bu baxımdan cavabdehin əmək haqqı və əlavə qazancı ilə birgə ümumilikdə aylıq qazancı təxminən 1000-1200 manat arası dəyişir. Cavabdehdən bir valideyn və ən əsası ata kimi öz üzərinə düşən valideynlik vəzifələrini layiqincə yerinə yetirməsinin tələbi olaraq övladının lazım olan təlabatlarını ödəsin. Çünki cavabdeh bilir ki, gündəlik öz ehtiyaclarını ödəmək nə qədər təlabat tələb etdiyindən, eləcədə uşağın saxlanması üçün onun maddi və sosial xərclərini ödəmək və digər təlabatlarını ödəmək bir o qədər xərc tələb edir və bu gün həmin təlabatları ödəmək onun maddi imkanlarına əsasən çox çətindir. Övladı anadangəlmə “ağciyərlərin damar bronx güclənməsi əlamətləri və braxinal-astma” xəstəliyindən əziyyət çəkir və hər ay mütəmadi olaraq müalicə götürür. Həmin xəstəliyin müalicəsi üçün mütəmadi xərc tələb etdiyindən ona görədə cavabdehin aliment verərkən də uşağın əlavə xərclərə cəlb edilməlidir. Hal-hazırda da həmin xəstəliyi üzrə xəstəliyin ağırlıq dərəcəsinə görə mütəmadi terapiv müalicələr almaqdadır. İddiaçı nümayəndəsi X6 iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2012-c il tarixli, 2(032)-631/2012 saylı qətnaməsinin icrasını vaxtı vaxtında həyata keçirmişdir. Atası və anası heç bir yerdə işləmir. Ailədə yeganə qazanc gətirən odur. İddianın rədd edilməsini xahiş etdi. Sonrakı məhkəmə iclasında cavabdehin nümayəndəsi hər ay uşağın saxlanması üçün 150 manat aliment ödəməyə razı olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X10 ilə bağlanmış nikahı xx.xx.2011-ci il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 70 № ilə qeyd edilmişdir. Müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X12 adlı uşaqları anadan olmuşdur. Şirvan şəhər Məhkəməsinin 17 may 2011-ci il tarixli, 2(032)-364/2011 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh X7 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış nikahın pozulması, onların birgə nikahından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X9 cavabdeh X4 öhdəliyində saxlanması, həmin uşağın saxlanması üçün əvvəli xx.xx.2011-ci ildən başlayaraq iddiaçı Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(032)-631/2012 saylı qətnaməsi ilə iddiaçı X3 Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin 17 may 2011-ci il tarixli, 2(032)-364/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 87 manat sabit pul məbləğində aliment 03 sentyabr 2012-ci il tarixdən başlayaraq tutularaq X5 verilməsi qət edilmişdir. “Medikus” Klinikanın rentgen arayışından görünür ki, X9 döş qəfəsi üzvlərinin R-skopiyası zamanı ağciyərlərin üzərində patoloji kölgəliklər aşkar edilmədi. Apikal səhələri şəffafdır. Damar-bronx şəkli güclənib, əsasən kökətrafı səhələrdə sinuslar sərbəstdir. Divar aralığı orqanları yerini dəyişməyib. Ürəyin hüdudları və aorta yaşa uyğundur. “X17” QSC-nin xx.xx.2022-ci il tarixli, 158№ arayışında göstərilmişdir ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən "xxxx" QSC-də sınaq laboratoriyasında mühəndislaborant vəzifəsində işləyir və bütün ödənişlər daxil aylıq əmək haqqı 865 manat təşkil edir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə iddiaçının tələbinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh daimi iş yeri vardır, qazancı stabildir və belə olan vəziyyətdə ondan tutulacaq aliment yalnız 1/4 hissədə müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.6cı bənd) izah edilmişdir ki, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. İş materiallarından görünür ki, Cavabdeh əmək haqqısı yüksəkdir, hissəvi alimenti müəyyən etmək iddiaçının mənafeyini pozmur, əksinə sabit pul məbləğində əlavə alimentin müəyyən olunması cavabdehin, onun ailəsinin və maddi vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə gətirib çıxaracaq və ona görə də həm də sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiq deyil. Məhkəmə bildirir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, məhkəmə tərəfindən uşağın saxlanılması üçün müəyyən edilən 87 manat aliment aşağı məbləğ olduğu və hazırki iqtisadi duruma uyğun olmadığından mütləq şəkildə artırılmalıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Aliment məbləğini müəyyən edərkən məhkəmə işin hallarını nəzərə alır və hesab edir ki, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında təyin edilməsi mümkündür. O ki, qaldı iddiaçının digər, yəni “uşağın xəstəliyi ilə bağlı əlavə xərclərə cəlb edilməklə 100 manat pulun tutulması” tələbinə, məhkəmə bildirir ki, tərəf hazırda uşağın hər hansı xəstəlikdən əziyyət çəkməsi, xəstəliyin mövcudluğu halında isə ağırlıq dərəcəsinə görə mütəmadi terapiv müalicələr alması, xəstəliyin davamlı xarakter daşıması, müalicəsinin mütəmadəliyi, müalicələrin aparıldığı təqdirdə xərcləri təsdiq edən hər hansı bir subutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə təqdim olunan rentgen sənədi, bir neçə dərman çeki isə müalicələrin mütəmadiliyini, davamlı xarakterli olmaqla konkret məbləğlərdə xərc tələb etməsini sübuta yetirmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin oluna bilməz. Bundan əlavə iddiaçının cavabdehin rəsmi qazancı olduğu təqdirdə həmin qazancın ¼ hissəsinin tutulması ilə bərabər həmçinin də sabit pul məbləğində alimentin tutulmasını da məhkəmə qanuna müvafiq hesab etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları araşdıraraq, onlara qiymət verərək, eləcədə müəyyən olunmuş aliment miqdarının aşağı səviyyədə olmasını, uşağın mənafeyini nəzərə alaraq və əsas götürərək hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2008-ci il təvəllüdlü X9 əvvəlki təminatının səviyyəsinin mümkün qədər maskimal saxlanılması üçün Şirvan şəhər məhkəməsinin 26 sentyabr 2012-ci il tarixli, 2(032)-631/2012 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay uşağa 87 manat miqdarında aliment dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli Şirvan şəhər məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(032)-127/2023 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla ünvan 2 ünvanda yaşayan xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən mediasiya xərci kimi ödənilmiş 50 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib cavabdehdən dövlət nəfinə alınmalıdır. Belə olan halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsini rəhbər tutaraq cavabdehdən 45 manat dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaq Cavabdeh hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat pul Cavabdeh alınaraq İddiaçı, dövlət rüsumu kimi 45 manat pul isə dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar