Məhkəmə qərarları › İş №2(032)-1324/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1324/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1324/2023 29.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Alışova Arzu Tahir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh 19 noyabr 2020-ci il tarixli, SRK5887413 saylı kredit müqaviləsinə əsasən 1224 manat əsas borc, hesablanmış 400 manat faiz borcu və 36 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1660 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 18 ay olmaqla 19 noyabr 2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1228 manat olan məişət avadanlığı əldə edib. Cavabdeh müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1224 manat əsas borcu qalıb. Kredit müqaviləsinə əsasən borclu müqavilənin bitdiyi 19 may 2022-ci il tarixdən sonra qaytarılmayan 1224 manat məbləğ üçün iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün 1% miqdarında faiz ödənilməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1101 manat faiz borcu yaranmışdır. (1224 manat x 90 gün x 1%=1101 manat) İddiaşı faiz borcuu cavabdehdən cəmi 400 manat məbləğində tələb edir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2020-ci tarixli SRK5887413 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1224 manat əsas borc, 400 manat faiz borcu və 36 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1660 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, mülki iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin İddiaçı MMC nümayəndəsi X1 məhkəməyə ərizəyə ünvanlayaraq, işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmişdir, lakin onun həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci tarixli SRK5887413 saylı borc müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1228 manat olan məişət avadanlığı Cavabdeh nisyə satılmış və cavabdeh 4 manat ilkin ödəniş etməklə qalan 1224 manat məbləği 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 68 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2617 saylı maliyyə arayışından görünür ki, xx.xx.2020-ci tarixli SRK5887413 saylı borc müqaviləsi üzrə cavabdehin 1224 manat ödənilməmiş borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.1). Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alqısatqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Onun iddiaçı qarşısında tələbdə göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmaqla cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə ödənilməmiş 1224 manat əsas borc və hesablanmış 400 manat faiz borcu tutulmalıdır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 218, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 19 noyabr 2020-ci il tarixli, SRK5887413 saylı kredit müqaviləsinə əsasən 1224 manat əsas borc, hesablanmış 400 manat faiz borcu və 36 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1660 manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar