Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-134/2023 31.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC məhkəməyə kiçik iddialara aid icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək Cavabdeh müqavilə üzrə 500, 69 manat qalıq borcu və 318 manat cərimə borcu olmaqla, cəmi 818,69 manat borcun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, onunla əsaslandırılmışdır ki, Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə ŞRK06642 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 575,69 manat dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq ediməsinə baxmayaraq o, öhdəliyi yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, borclu müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yertirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 500,69 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi borclu öhdəsinə götürmüşdür. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə cərimə borcu 1590 manat təşkil edir. Hazırda borclulara qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 20%-ni ödəməyi borcludan tələb edilir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 20%-i 318 manat təşkil edilir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə adına telefon götürüblər. Telefonun müqavilə ilə qiyməti 575 manat məbləğində olub. Bu Şirvan şəhərində yerləşən İddiaçı mağazasında olub. Telefon nasaz olduğu üçün bir həftə sonra aparıb telefonu mağazaya qaytarıblar. Əvvəldən 75 manat ilkin ödəniş olunub. Evdən arxayın olublar ki, telefonu qaytarıblar. Təxminən iki ay bundan qabaq evə İddiaçı MMC-dən məktub gəldi. Ora gedib maraqlandılar ki,bu nə məktubdur. Orada işləyən Ceyhun adlı bir oğlan dedi ki, “20 manat ver bağlayaq” Təxminən iki gün sonra 20 manat apardılar ki, müqaviləni bağlasınlar. Adını qeyd etdiyi Ceyhun dedi ki, oradan sorğu gəlsin, hətta yanındakı işçi dedi ki, bağla getsin. O, isə onları başından etmək üçün ona dedi ki, zəng edib xəbər verəcək. Lakin heç bir zəng gəlmədi. Birinci dəfə onlar mağazaya gedəndə şəxsən Ceyhun onlara bildirdi ki, telefon iki dəfə servisə gedib, bura qayıdandan 3 ay sonra satılıb. Məhkəmənin bildirişi gəldikdən sonra bir daha İddiaçı MMC-yə getdilər.Bu dəfə onlara tamamilə başqa söz dedi. Guya telefon servisə gedib, orada qalıb. Hətta onlarla aralarında mübahisədə oldu. Telefonu tələb etdi ki, qaytarsınlar. Cavab verdilər ki, telefon onlarda yoxdur. Odur ki, iddia araşdırılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat iddia icraatına keçirilmiş, tərəflərə qanunamüvafiq qaydada məhkəmə iclasında iştirak etmək və sübutlarını təqdim etmək hüquqları izah edilmişdir. İddiaçı MMC məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak etsə də, lakin sonrakı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2019-cu il tarixli, ŞRK06642 nömrəli müqaviləyə əsasən satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin əsas şərtləri tərəflər arasında razılaşdırılmış, müqavilənin 5.6-cı bəndinə əsasən isə alıcı borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli, ŞRK06642 nömrəli nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə ilə müqavilənin ödəniş cədvəli müəyyən edilmiş, nisyə alqı-satqının ümumi məbləği 575 manat 69 qəpik təşkil etməklə, müddəti 12 ay olmaqla, aylıq ödəniş 45 manat müəyyən edilir. Həmçinin, eyni tarixli nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə (təhvil-təslim aktı) ilə iddiaçı tərəfindən Cavabdeh bir ədəd Samsung A 30 SM-A305FZWUCAU white markalı telefon təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, ŞRK06642 nömrəli müqavilə üzrə 500 manat 69 qəpik qalıq borc, 318 manat cərimə borcu, cəmi 818 manat 69 qəpik məbləğində borcu vardır. xx.xx.2022-ci il tarixli bildirişin və göndərilməsini təsdiq edən reyestrin surətindən görünür ki, iddiaçı cavabdehi mövcud borc barəsində, borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazimi qaydada məlumatlandırmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC-i ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən o, müqavilə ilə aldıqlarını İddiaçı MMCnə qaytarmalı, hazırki vəziyyətdə isə mövcud borcunu, yəni 500 manat 69 qəpik qalıq borcunu qaytarmalıdır. O ki qaldı iddiaçının cavabdehdən tələb etdiyi cərimə məbləğinə bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin şərti kimi icranı lazimi qaydada yerinə yetirmədiyinə görə iddiaçı cavabdehdən dəbbə pulunu tələb etməyində haqlı olsa da, lakin məhkəmə qanunun ona verdiyi səlahiyyət əsasında (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi) işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə cavabdehdən 50 (əlli) manat məbləğində dəbbə pulunun tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehin iddiaya qarşı təqdim etdiyi etirazında göstərdiklərinə münasibətdə qeyd edir ki, göstərilənlər hər hansı sübut və ya digər hallar ilə öz təsdiqini tapmadığından sadəcə olaraq əsası olmayan mülahizə kimi qəbul edilməlidir. Halbuki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 30 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri də həmin hissəyə müvafiq olaraq (62 %) 18,6 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 357- 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat 69 (altmış doqquz) qəpik qalıq borc, 50 (əlli) manat cərimə borcu, cəmi 550 (beş yüz əlli) manat 69 (altmış doqquz) qəpik məbləğində pul, həmçinin, dövlət rüsumu üçün ödənilmiş 18 (on səkkiz) manat 60 (altmış) qəpik məbləğində pul alınaraq İddiaçı MMC-nə verilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-134/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-134/2023
31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver