Məhkəmə qərarları › İş №2(032)-1353/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1353/2023

31.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1353/2023 31.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2-(032)- 1234/2019 saylı qətnaməsi ilə faktiki nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqlarının saxlanılması üçün Cavabdeh hər ay alınaraq ona verilməsi qət olunmuş 130 manat sabit pul məbləğində olan alimentin artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixində faktiki nikaha girməklə ailə həyatı qurmuşdur. Faktiki nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Ömər adlı bir uşaqları doğulmuşdur. Sonradan cavabdehlə münasibətləri pozulduğundan xx.xx.2019-cu ildə ayrılmışlar. Cavabdeh faktiki nikahdan doğulmuş uşağa öz soyadını vermədiyindən atalığın müəyyən edilməsi və aliment tələbi ilə Şirvan şəhər məhkəməsində iddia qaldırmışdır. Şirvan şəhər məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2-(032)-1234/2019 saylı qətnaməsinə əsasən cavabdehlə faktiki nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü Ömər adlı uşağının atasının Cavabdeh olduğu müəyyən edilmiş və uşağın yetkinlik yaşına çatana qədər saxlanılmasından ötrü hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Sonradan Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli atalığın müəyyən edilməsi barədə şəhadətnamə verilərək uşağın doğum haqqında şəhadətnaməsində X2 qeyd edilmişdir. Hazırda Şirvan şəhər məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2-(032)-1234/2019 saylı qətnaməsi ilə faktiki nikahdan doğulmuş uşağın saxlanılması üçün Cavabdeh 130 manat məbləğində alimenti güc-bəla ilə hissə-hissə də olsa alır. Aldığı 130 manat sabit pul məbləğində olan aliment uşağın saxlanılması üçün yetərli deyildir. Bundan əlavə uşaq dil qüsurludur və loqoped tərəfindən mülicə olunur. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği təyin edilərkən uşağın yaşı az olduğundan həmin vaxt onun geyimə, yeməyə olan tələbatı da hal-hazırki tələbatından olduqca aşağı olmuşdur. Çünki uşaq böyüdükcə onun geyməyə, yeməyə və qayğıya olan tələbatları da artmışdır. Bu hal uşağın maddi təminatının artırılmasını zəruri edir. Habelə, 130 manat məbləğində aliment hazırki bazar iqtisadiyyatı şəraitində azlıq təşkil edir. Digər tərəfdən, özü heç bir yerdə işləmir, əlavə qazancı yoxdur. Eyni zamanda yaxın qohumlarından hər hansı bir şəxs tərəfindən ona maddi yardım göstərilmir. Belə bir vəziyyətdə cavabdeh uşağın saxlanılması və əlavə xərclər bağlı heç bir maddi yardım göstərmir. Belə olan halda uşağın saxlanılmasını təkbaşına həyata keçirən ana olaraq onun əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamaq və digər ehtiyaclarını ödəməkdə ciddi çətinliklə üzləşir. Cavabdehin bugünki gün maddi yardımı yüksəkdir. Onun maddi durumu uşağın saxlanılması üçün 220 manat aliment ödəməyə imkan verir. Qeyd edilmiş əsaslara uyğun olaraq aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, artırılacaq 220 manat məbləğində alimenti ödəmək iqtidarında deyil, belə ki, ikinci dəfə ailə qurmuş və həmin nikahdan 1 uşağı vardır. Həmçinin özü Bakı şəhərində yerləşən meyvəli bazarı adlandırılan ticarət mərkəzində yük arabası sürməklə günlük 20 manat qazanc əldə edir. Təyin edilmiş aliment məbləğinin 20-25 manat artırılmasına etiraz etmir. Bu səbəbdən də iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-1234/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı atalıq faktının müəyyən edilməsi və alimentin tutulması barədə iddia ərizəsi qismən təmin edilərək, xx.xx.2019-cu il təvəllüdlü X1 atası Cavabdeh olması faktı müəyyən edilərək, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 130 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 366919 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı tərəfindən doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 atası Cavabdeh hesab edilmişdir. Doğum haqqında şəhadətnəmənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan rayonlararası Psixiatriya Xəstəxanasının 1319 nömrəli, xx.xx.2023-cü il tarixli müayinəyə dair sənədin surətindən görünür ki, X3 uşaq autizmi diaqnozu qoyulmuşdur. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin buna baxmayaraq göstərilən hal cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşağın gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşaqların böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artıraraq hər ay 165 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Şirvan şəhər Məhkəməsinin 2(032)-1234/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı xx.xx.2019-cu il təvəllüdlü X4 yekinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 165 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 35 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 420 manat (35x12=420) müəyyən edildilməklə iddianın qiyməti 1000 manatdan az olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 2(032)-1234/2019 saylı, 29 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 165 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar