Məhkəmə qərarları › İş №2(032)-1363/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1363/2025

29.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1363/2025 29.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakıları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhəri, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3800 (üç min səkkiz yüz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Sumqayıt stansiya adlanan ərazisi, Şəfəq qəsəbəsində yerləşən şəhərcikdə komendat vəzifəsində çalışırdı. O da uzun müddətdir ki, ailəsi birlikdə həmin ünvanda yaşayır. Onunla tanışlığı oradan başlamış və aralarında dostluq, inam, etibar yaranmışdır. Daha sonra isə digər cavabdehi Cavabdeh2 da Cavabdeh1 vasitəçiliyə tanımışdır. Daha sonra isə onların arasında qeyrirəsmi ər-arvad münasibətlərinin mövcudluğundan xəbərdar olmuşdur. Belə ki, Əşrəfin təkidi ilə Vüsalə ondan 2500 manat məbləğində pul borc almış və bildirmişdi ki tez bir zamanda həmin pulu ona geri qaytaracaq. Bir müddət sonra götürdüyü pulu Əşrəfə verdiyini və Əşrəfin yenidən pula ehtiyacı olduğunu bildirmişdir. Lakin hal-hazırda Əşrəfin "Apulmat"-a kredit borcu olduğundan həmin borcu ödədikdən sonra ona olan borcunu geri ödəyə bilərlər və bu bəhanəylə ondan yenidən 1300 manat borc pul istəmişdir. Onun nağd şəkildə pulu olmadığına görə "xxxx" ASC-yə məxsus olan onun adına qeydiyyata alınmış "Birbank" kredit kartını Vüsaləyə vermiş, aralarında yaranan şifahi razılığa görə pulu kartdan çıxartdıqdan sonra Əşrəf kredit borcunu ödəyərək, yenidən kredit götürərək ona olan borclarını ödəyəcəklər. Lakin cavabdehlər ona heç bir pul ödəməmişlər. Nəticədə onların ona 3800 manat məbləğində borcları yaranmışdır. Əşrəf və Vüsalə maddi vəziyyətlərini və aralarında olan yaxın qonşu münasibətindən istifadə edərək borclarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırtmışlar.Lakin onun çoxsaylı zənglərindən, şikayətlərindən sonra Vüsalə 3800 manat borcun təminatı olaraq qaynanasına məxsus pensiya kartına hər ay 1030 manat məbləğində pulun yükləndiyini bildirərək kartı ona vermiş və borcu hər ay o məbləğdən götürməyi xahiş etmişdir. Ayın sonunda pul çıxarmaq istəyərəkən kartda pulun olmadığı aşkarlanmışdır. Daha sonra o onların qanunsuz əməllərindən adiyyatı üzrə DİN 102 xidmətinə şikayət ilə müraciət etmişdir. İşin baxılması ilkin olaraq Abşeron Rayon Polis İdarəsinə həvalə edilsə də, sonradan lazımi araşdırma aparılarkən tərəflərin özlərinin arasında yaranmış mübahisədə cinayət tərkibi olduğundan iş baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqigat İdarəsinə yönləndirilmişdir. Tərəflərin izahatı alındıqdan və müəyyən araşdırmadan sonra həmin idarənin rəis müavini cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Belə ki, ocavabdehlərə son dəfə borc pulu verərkən kartını onlara vermiş və onlar tərəfindən verilən pensiya kartı isə onların mənə olan borcunun təminatı kimi verilmişdir. Lakin buna baxmayaraq kart ona verildikdən dərhal cavabdeh tərəfindən bloklanmışdır. Göründüyü kimi cavabdehlerin ona 3800 manat məbləğində pulu ödəməli olduqları halda, bu günə qədər də həmin puldan bir qəpik də ödəməmişlər. Qeyd edim ki, bu borcun verildiyini sübut edən, cavabdehlə olan yazışmaları və onların hər ikisinin arasında bu məsələ ilə bağlı danışıqları və səs yazıları var. Belə ki, həmin səslərdə onların ona borcu olduqları barədə danışıqlar, həmçinin etirafları vardır. Həmin səs yazıları olan fləşkartı da məhkəmə iclası zamanı təqdim edəcəkdir. Əlavə olaraq qeyd edir ki, o çoxuşaqlı ana kimi dövlət qeydiyyatındadır. Bu gün 10 uşağa baxmaq necə əziyyətlidir hər kəsə bəllidir. Həm onların gündəlik qayğıları, həm də ki xərcləri nə qədərdir. Cavabdehlərin onun pulunu qaytamamağı uşaqlarının həyatına həm maddi həm də mənəvi çox pis təsir edir. Cavabdehlər pulu qaytarmadığından o məhkəməyə müraciət etmək hüququndan istifadə edərək məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, 2020-2023-cü illər ərzində Stansiya Sumqayıt adlanan ərazində “Şəfəq” qəsəbəsində yerləşən sosial binalarda komendat vəzifəsində çalışdığı müddətdə iddiaçı ilə tanış olmuşdur. Belə ki, İddiaçı məcburi köçkün kimi mənzillərin birində məskunlaşmışdır. İddia tələbi üzrə bildirir ki, onun Kapital Banka olan kredit borcu 1109 manat kredit ödənişi üzrə borcu qaldığından və maddi cəhətdən sıxıntısı olduğundan iddiaçıya müraciət edərək borc pul istəmişdir. İddiaçı ona xx.xx.2024-cü il tarixdə kart hesabına 1110 manat pul vəsaiti faizlə köçürmüşdür. İddiaçı ona 1110 manat pulu bir günlük faizlə verməklə 1200 manat alacağı şərti ilə vermişdir. O da məcburiyyətdən 1109 manat 91 qəpik kredit ödənişi olan borcunu ödəməklə növbəti gün yəni xx.xx.2024-cü il tarixdə Birbank vasitəsi ilə 1500 manat kredit götürülməsi üçün müraciət etdikdə 1261 manat Online kredit rəsmiləşdirilmişdir. 1261 manat kredit məbləğini aldıqdan sonra İddiaçı kart hesabına xx.xx.2024-cü il tarixdə saat 09:40-da 1200 manat pul vəsaitini köçürmüşdür. Onun İddiaçı olan borcu tam şəkildə ödənilmiş, xx.xx.2024-cü il tarixdən etibarən heç bir pul tələb etməmişdir. Cari ilin aprel ayında İddiaçı Bakı şəhəri Xırdalan rayon Polis Şöbəsinə şikayət etmiş, lakin heç bir sübut təqdim edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh1 məhkəmə iclasında izahatında verdiyi xüsusatları bir daha təsdiq edərək iddia tələbinə qarşı etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. Sonradan 29 oktyabr 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatını dəyişərək iddianı etiraf etdi, bildirdi ki, onun İddiaçı 400 manat məbləğində borcu qalmışdır. Maddi imkanı olmadığından borcu birdəfəlik qaytara bilmir, vaxt verilsə borcu hissə-hissə qaytaracaqdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı etiraf etmədi, bildirdi ki, o 2024cü ilin dekabr ayında iddiaçıdan 2500 manat məbləğində faizlə pul almışdır. Pulu alarkən qaynanasına məxsus pensiya kartını İddiaçı vermiş, sonuncu həmin kardan 3 dəfə 600 manat, 2 dəfə isə 462 manat məbləğində pul çıxartmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehin etirafını, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 əməlində Azərbaycan Respublikası CM-nin 178 və 182-ci maddələrinin tərkibi yaranmır. Belə ki, Cavabdeh1 və Vüsalə X1 aldatmamış, onun etibarından sui istifadə etməmiş, ondan hər hansı bir iş üçün pul və yaxud başqa əmlak almamış və dələduzluq etməmişdir. Eyni zamanda Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı hədə-qorxu gəlməmiş, ondan hədəqorxu ilə pul və yaxud başqa əmlak tələb etməmiş, onu rüsvay edəcəyini bildirməmis rüsvayedici məlumatları yaymamış, İddiaçı Cavabdeh1 və Cavabdeh2 hədə-qorxu altında hər hansı bir məbləğdə pul verməmiş, Cavabdeh1 və Cavabdeh2 İddiaçı rüsvay edəcək hər hansı bir fotoşəkili və görüntü olmamışdır.İddiaçı Cavabdeh1 və Cavabdeh2 pul vəsaitini faizə borc olaraq vermişdir. Cavabdeh1 və Cavabdeh2 X3 əmlakını ələ keçirmək niyyətində və məqsədində olmamış, onların niyyəti və məqsədi İddiaçı pulunu əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməmişdir. Tərəflər arasında olan mübahisə faizə verilmiş borc məsləsi ilə bağlıdır və mülki qaydada məhkəmədə həll edilməli olduğundan X2 müraciəti əsasında toplanmış material üzrə Cavabdeh1 və Cavabdeh2 əməlində cinayət tərkibi yaranmadığı üçün barələrində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmədə iddiaçı tərəfindən təqdim edilmiş özündə cavabdehlər arasında olan telefon danışıqlarını özündə əks etdirən Fləş karta baxış keçirilmişdir. Səs yazılarına baxış keçirilən zaman müəyyən edilir ki, Cavabdeh1 iş üzrə digər cavabdeh olan Cavabdeh2 iddiaçıdan 1100 məbləğində pul almasını təklif etmiş, onun Bir Bank kredit kartına olan borcunu bağlayaraq, yenidən 1500 manat məbləğində kredit götürərək ona verəcəyini bildirmişdir. Cavabdeh2 isə öz növbəsində borclarının çox olmasını, borclu olduğu şəxslərdən biri olan İddiaçı da 2500 manat məbləğində pul verməli olduğunu bildirmişdir. İşin faktiki hallarından və İddiaçı müraciəti əsasında Abşeron Rayon Polis İdarəsində toplanmış materiala əlavə olunmuş izahatlardan da görünür ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh1 məhkəmə iclasında iddiaçıya 1300 manat borcun ödənilməmiş hissəsi 400 manat məbləğində borcu etiraf etməsini nəzərə alıb hesab edir ki, iddia bu hissə də qismən təmin edilərək Cavabdeh1 400 (dörd yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa məhkəmə İddiaçı tərəfindən 2500 (iki min beş yüz) manat məbləğində borcun Cavabdeh2 verilməsini təsdiq edən məhkəmə iclasında sonuncunun izahatı, cavabdehlər arasında olan səs yazısının olmasını nəzərə alıb, hesab edir ki, tərəflər arasında 2500 (iki min beş yüz) manat məbləğində borcun verilməsi barədə şifahi müqavilə bağlanmışdır. Lakin borcun qaytarılmasını təsdiq edən sübutların Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilməməsini və bununla da istinad etdiyi halı sübut edə bilməməsini nəzərə alıb, məhkəmə hesab edir ki, Cavabdeh2 2500 (iki min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli, bununla da iddia bu hissədə təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 400 (dörd yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh2 2500 (iki min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərclərinin 68 faizi cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dövlət rüsumu üçün ödənilməli olan 39 manat 44 qəpik məbləğində pul müştərək qaydada alınaraq Şirvan Şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar