Məhkəmə qərarları › İş №2(032)-1369/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1369/2025

18.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1369/2025 18.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş maddi ziyana görə 7200 (yeddi min iki yüz) manat məbləğində pulun və 92 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzilə 1/2 hissədə mülkiyyət hüququ tanınmış və ona müvafiq çıxarış verilmişdir. Uzun illərdir ki, Cavabdeh mülkiyyətində olan mənzildən istifadə etməyə maneəçilik törətmişdir. Bu səbəbdən o cavabdehin mülkiyyətimdə olan mənzildən çıxarılması ilə bağlı Şirvan Şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh qeyd edilən qətnamədən müvafiq olaraq apellyasiya şikayəti və kassasiya şikayəti versə də, şikayətlər təmin edilməmişdir. Hal-hazırda Şirvan Şəhər Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(032)-791/2023 saylı qətnaməsi icra edilməsi üçün Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinə göndərilsə də, qətnamə cavabdehin mənzildən çıxmaması ucbatından hələ də icra edilməmişdir. Qeyd edilən mənzilə mülkiyyət hüququ 29 mart 2023-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin tarixdən bu günə qədər cavabdeh onun həmin mənzildən istifadə etməyinə, eləcə də mülkiyyətçi kimi digər hüquqlarının həyata keçirilməsinə maneəçilik törətmişdir. Şirvan şəhərində 3 otaqlı mənzilin kirayə qiyməti təxminən 300 manat civarındadır. Cavabdehin onun mülkiyyətində olan mənzili zəbt etməsi nəticəsində o iki il müddətində 7200 manat gəlirdən məhrum olmuşdur. Cavabdeh iddia tələbinə dair etiraz ərizəsi məhkəməyə daxil olmuşdur. Etiraz ərizəsinə görə, iddiaçı ona qarşı iddia tələbi qaldırmaqda subyekt olaraq yanlışlığa yol verir. İddiaçı iddia tələbində qeyd etdiyi məlumatların əksəriyyəti əsassızdır və məqsədi məhkəmədə fikir ayrılığı yaratmaq olmuşdur. Belə ki, iddiaçı ona və digər cavabdeh qismində qoyulmuş və sözügedən mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olan İbrahimova Ellada Nüsrət qızına qarşı Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 9, 34 saylı mənzildən çıxarılmaqla bağlı iddia ərizəsi ilə Şirvan şəhər məhkəməsinə müraciət etmiş və Şirvan şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-791/2023 saylı qətnaməsinə əsasən iddia ərizəsi qismən, onun cavabdehin mənzildən çıxarılması təmin edilmiş, lakin digər cavabdeh qismində qoyulmuş İbrahimova Ellada Nüsrət qızı hissəsində təmin edilməmişdir. Və qeyd edilən qətnamə onun maraqlarına toxunmadığına görə həmin qətnamədən o deyil, digər cavabdeh qismində qoyulmuş İbrahimova Ellada Nüsrət qızı tərəfindən apelyasiya və kassasiya şikayətləri verilmişdir. Möhtərəm hakim o niyə görə sözügedən qətnamənin onun maraqlarına toxunmadığını bildirməkdə, sözügedən mənzil onunla heç bir bağlılığı yoxdur və mənzilin yerləşdiyi binada və eyni blokda o kirayə qalırdı, lakin Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 9, 34 saylı mənzilin 1/2 hissəsinə mülkiyyətçi olan X2 ilə yaxın ailəvi dostluq münasibətləri olduğuna görə onu sözügedən mənzildə kirayə deyil, sadəcə müvəqqəti olaraq qalmağı təklif etmiş və 2023-cü ilin avqust ayından 2023-cü ilin noyabr ayına kimi iddiaçı xəbərdar olduğundan, həmin mənzildə yaşamış və o sözügedən mənzildə yaşadığı müddətdə də mənzilin bir otağından istifadə etmiş, digər otaqlar isə Ellada xanım tərəfindən qapıları qapanaraq istifadə edilməsinə icazə verilməmişdir. Bu səbəbdən də o iddiaçının mülkiyyətində olan hissə ilə bağlı əvvəllər, yəni məhkəməyə verilənə kimi xəbərdar olmuş və həmçinin mənzilin bir otağından istifadə etdiyinə görə mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olan Ellada İbrahimovanın razılığı əsasında qalmış və hal-hazırda da mənzildən istifadə etmir və iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi onun həmin mənzildən istifadə edilməsinə hər hansı bir maneçiliyi yoxdur, buna onun hər hansı bir haqqı çatmır. İddiaçının iddia ərizəsində qeyd etdiyi bu hal tamamilə əsassızdır və hesab edir ki, məhkəmədə ondan pul tələbinə dair irəli sürüdüyü tələbinin həyata keçirilməsi məqsədi ilə əvvəlcədən düşünülmüş fikir ayrılığı yaratmaq üçün atılmışdır. Möhtərəm hakim iddiaçının ona qarşı 7200 manat iddia tələbinə gəldikdə, qeyd edir ki, iddiaçı əvvəla sözügedən mənzildən uzun illərdir ki, istifadə etməyini sübut edən hər hansı bir sübut məhkəməyə təqdim etməmiş və həmçinin həmin mənzili kirayə haqqının 300 manat təşkil etməsini təsdiq edən kirayə mənzil haqqı barədə müvafiq icra hakimiyyətinin arayışını məhkəməyə təqdim etmədiyi halda və bütün bu hallar öz təsdiqin tapmadığına görə iddiaçı ona qarşı necə belə bir tələb irəli sürə bilər. Hesab edir ki, iddiaçı ona qarşı iddia tələbinin sübutu əsası olan dəlilləri məhkəməyə təqdim etməklə sübut etməlidir. Və belə olan halda iddiaçı ona qarşı əsassız tələb irəli sürməklə əsassız varlanmaq niyyətində olmuşdur. Həmçinin iddiaçı ilk olaraq sübut etməlidir ki, 2023-cü ilin avqust ayından noyabr ayına kimi sözügedən mənzildən onun hissədən istifadə etməklə onun həmin mənzildən istifadə etməsinə maneçilik törətmişdir. İddiaçı buna əsas kimi Şirvan şəhər Məhkəməsinin qətnaməsini göstərə bilər ki, lakin həmin məhkəmə qətnaməsini onun faktiki olaraq məhkəmə müstəvisində işə baxılan zaman mənzildə, sözügedən, mənzilin 1/2 hissəsinə mülkiyyət hüququ olan şəxsin razılığı əsasında mənzilin 1 otağından istifadə etmiş və məhkəmə mübahisəsi və qətnaməsi olduğuna görə həmin mənzili də tərk etmişdir. Lakin həmin qətnamədə onun uzun müddət mənzildə qaldığına dair hər hansı bir sübut və qeydlər yoxdur, yalnız həmin müddətdə mənzildən istifadə etdiyinə görə mənzildən çıxarılmağı barədə məhkəmə aktı olduğuna və marağlarına toxunmadığına, buna hər hansı bir haqqı olmadığına görə mənzili tərk etmək məcburiyyətində qalmışdır. Möhtərəm hakim, iddiaçının iddia ərizəsində qeyd etdiyi digər hallarla bağlı olan məhkəm aktının icra edilməməsinə səbəb kimi onu göstərməsi, hesab edir ki, burda da iddiaçı onu bilərəkdən göstərməklə məhkəmədə ona qarşı fikir ayrılığı yaratmaq məqsədi olmuşdur. Belə ki, onda Ellada İbarhimova tərəfindən verilən məlumata əsasən onun tərəfindən məhkəmələrdə iddiaçıya qarşı müxtəlif iddia tələbləri irəli sürülmüş və hal-hazırda da məhkəmə icraatında mülki iş olduğuna görə sözügedən mənzillə bağl mübahisənin məhkəmə müstəvisində həll olunub baxılana kimi Şirvan İcra və Probasiya Şöbəsin ərizə yazılmış və icra hərəkətlərinin mənzldən çıxarılma işləri ilə bağlılığı olduğuna görə, yəni Ellada İbarhimova tərəfindən mənzilin naturada bölünməsi və kompensasiya verilməklə istifa hüququna xitam verilməsi kimi iddia tələbi üzrə məhkəmə icraatlarına baxılıb hüquqi qiymət verilənə kimi dayandırılmasını xahiş etdmişdir. Və ərizə əsasında icra hərəkəti dayandırılmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallarla bağlı onun hər hansı bir bağlılığı yoxdur və iddiaçının ona qarşı belə bir tələb irəli sürməkdə məqsədi yuxarıda qeyd etdiyi kimi onun məhkəmə aktına qarşı hörmətsizlik əlaməti olaraq məhkəmədə ona qarşı fikir ayrılığı yaratmaqdır. Möhtərəm hakim, hesab edir ki, iddiaçı ona qarşı maddi ziyan tələbini sürməkdə haqlı olmamış və belə ki, o subyekt olmadığından, iddiaçının tələbi cavabdehlik daşımağı mülki qanunvericiliyim baxımından da əsassızdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. O, həmçinin bildirdi ki, iki il müddətində özünəməxsus evində yaşasa da, cavabdehin onun mülkiyyətində olan mənzili zəbt etməsi nəticəsində o, 7200 manat gəlirdən məhrum olmuşdur Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilməsinə baxmayaraq həmin ünvanda yaşamaması səbəbindən zərf geri qaytarılmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 elektron kabinet vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı üzərində ½ hissədə payı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-791/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh əşyaları ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması, İddiaçı Şirvan şəhəri N.Nərimanov küçəsi ev 9 34 nömrəli mənzilə köçürülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-499/2024 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İbrahimova Ellada Nüsrət qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-791/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli , 2(102)-3067/2024 saylı qərarının surətindən görünür ki, cavabdeh İbrahimova Ellada Nüsrət qızının kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-499/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, borclu Cavabdeh əşyaları ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması, İddiaçı Şirvan şəhəri N.Nərimanov küçəsi ev 9 34 nömrəli mənzilə köçürülməlidir. İcra sənədində qeyd olunan tələb tələbkar İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, borclu Cavabdeh tərəfindən tam şəkildə təmin olunmuşdur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.5 və 20.2-ci maddələrinə əsasən Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli ,0005/26 saylı qiymətləndirmə rəyindən görünür ki, 1. Şirvan şəhəri, Nəriman Nərimanov küçəsi, ev 9, 34 nömrəli mənzilin bazar dəyəri 69000 (altmış doqquz min) manat təşkil edir. 2. Şirvan şəhəri, Nəriman Nərimanov küçəsi, ev 9, 34 nömrəli mənzilin aylıq kirayə haqqı 400 (dörd yüz) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia hüquqi baxımdan “kirayə haqqı” deyil, faktiki olaraq iddiaçının qanunsuz sahiblik nəticəsində əldə edə bilmədiyi gəlir – yəni əldən çıxmış fayda kimi qiymətləndirilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı Şirvan şəhəri, Nəriman Nərimanov küçəsi, ev 9, 34 nömrəli mənzilində ½ hissədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışla təsdiqlənən mülkiyyət hüququna malikdir və bu hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçiyə əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu verir. İstifadə hüququ, həmin Məcəllənin 135.12-ci maddəsinə uyğun olaraq, əmlakdan gəlir, fayda və bəhər götürmək imkanını da əhatə edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında mənzilin kirayəyə verilməsini tənzimləyən, qarşılıqlı razılığa əsaslanan və ya hər hansı əvəzli münasibət yaradan müqavilə mövcud deyil. Buna görə də, iddiaçının “kirayə haqqı” kimi təqdim etdiyi aylıq 300 manat məbləğində tələb, əslində, Mülki Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq, hüququ pozulmuş şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlir – yəni əldən çıxmış fayda kimi qəbul edilməlidir. Həmin maddəyə əsasən, zərərçəkmiş şəxs ona dəymiş zərərin əvəzinin tam ödənilməsini, o cümlədən əldən çıxmış faydanın bərpasını tələb edə bilər. Lakin məhkəmə hesab edir ki, mülkiyyətçinin faktiki sahiblikdən məhrum olması halı, avtomatik qaydada hər ay 300 manat məbləğində, ümulikdə 7200 manat konkret zərərin dəyməsi anlamına gəlmir. İddiaçı tərəfindən mənzilin kirayəyə verilməsi halında əldə edilə biləcək gəlirin ayda 300 manat təşkil etdiyi göstərilsə də, iddiaçı tərəfindən həmin dövr üzrə faktiki olaraq kirayədə yaşaması, aylıq kirayə məbləğini və ümumi ödənişin həcmini təsdiq edən heç bir müvafiq sənəd, o cümlədən kirayə müqaviləsi, ödəniş qəbzləri, habelə mənzili kirayə verəcəkləri ehtimalı ilə bu tələbi irəli sürməklə əldə çıxmış fayda şəklində vurulmuş zərəri tələb etmələri dəlili ilə bağlı digər yazılı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.2-ci maddəsi ilə nəzərdə tutulan “əldən çıxmış fayda” yalnız o halda bərpa edilə bilər ki, onun miqdarı obyektiv və yoxlanıla bilən sübutlarla təsdiq edilsin. Bununla əlaqədar, iddiaçının aylıq 300 manat olmaqla ümumilikdə 7200 manat məbləğində kirayə haqqı tələbi subyektiv təxmin xarakteri daşıyır və obyektiv iqtisadi göstəricilərlə əsaslandırılmamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, prosessual qanunvericiliyə əsasən hər bir tələb sübutlarla əsaslandırılmalıdır və yalnız subyektiv izah və ümumi narazılıq əsasında kompensasiya tələbinin təmin olunması mümkün deyil. Bu səbəbdən göstərilən hissədə iddiaçıların tələbi sübuta yetirilmədiyindən rədd edilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X4 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin təsdiqi üçün məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən iddia təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan məlumatdan görünür ki, "xxxx" MMC tərəfindən qiymətləndiricinin xidmət haqqı 600 (altı yüz) manatdır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216-220, 227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyana görə 7200 (yeddi min iki yüz) manat məbləğində pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 92 (doxsan iki) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qiymətləndirmənin 600 (altı yüz) manat məbləğində dəyəri müştərək qaydada İddiaçı və Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar